Rusiyalı ekspertdən təhlükəli xəbərdarlıq
Tehran ətrafında dairə daralır, yəhudi dövləti hücum üçün fürsət gözləyir; Azərbaycanla Ermənistan arasında da gərginlik artdığından tərəfləri bir masa arxasına gətirmək mümkün olmur...
Qarabağ danışıqlarının dalana dirənməsi, paralel surətdə isə cəbhə xəttində gərginliyin artması bölgədə yeni müharibə təhlükəsinin artdığı barədə rəyləri gücləndirib. İndi təkcə yerli ekspertlər deyil, beynəlxalq təhlilçilər də bu təhlükənin real olduğunu deyirlər. Rusiya İctimai Palatasının üzvü, araşdırmaçı jurnalist Maksim Şevçenko isə regionla bağlı təhlükəli proqnozlarla çıxış edərək deyib ki, Qarabağda müharibə başlasa, İsrail fürsətdən istifadə edib İrana hücum edəcək.
Türkiyənin “Cihan” xəbər agentliyinə müsahibə verən M.Şevçenkoya görə, İsrail İrana hücum etmək üçün əlverişli fürsət gözləyir. Belə fürsəti isə Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytarmaq üçün Qarabağda hərbi əməliyyatlara başlaması yarada bilər.
Rusiyalı ekspertə görə, İsrail Gürcüstanı da İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməyə çalışır. Eyni zamanda yəhudi dövləti İraqın şimalındakı kürd administrasiyası ilə yaxın münasibətlər qurur, Türkiyəni kürdlərlə irimiqyaslı toqquşmaya çəkmək istəyir.
M.Şevçenkonun fikrincə, Təl Əviv çalışır ki, Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasın. “İsrail Azərbaycanı Qarabağda əməliyyatlara başlamaq üçün təxribata çəkir” deyə o iddia edib. M.Şevçenko deyib ki, yaranmış vəziyyətdə regionda yeni müharibənin başlamasını əngəlləmək üçün Rusiya, Türkiyə və İran ortaq hərəkət edərək Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə edilməsinə çalışmalıdır.
Qeyd edək ki, İsrailin Qarabağda hərbi əməliyyatların başlamasından istifadə edib İrana hücum etməyə hazırlaşdığı barədə iddialar Tehranın qulağına çoxdan çatıb. Bu ilin iyun ayında İran Azərbaycanla sərhədlərə iri qoşun birləşmələri yeridərkən bunu belə əsaslandırmışdı ki, ABŞ və İsrail Qarabağda yeni hərbi əməliyyatları alovlandıraraq və bundan İrana qarşı hücum üçün faydalanmağa çalışır. Rəsmi Tehran Qarabağ məsələsində son vaxtlar xeyli fəallaşıb və dəfələrlə bildirib ki, münaqişə bölgəsinə xarici sülhməramlı qüvvələrin yeridilməsinə qarşıdır. İran Azərbaycanın bu ölkə ilə həmsərhəd işğal altındakı bölgələrdə isə ümumiyyətlə belə qüvvələrin yerləşdirilməsinə yol vermək fikrində olmadığını ifadə etmişdi.
Başqa sözlə, İsrailin Qarabağda müharibənin başlamasından İranı vurmaq fürsəti kimi faydalana biləcəyi təkcə ekspertlər səviyyəsində dilə gətirilən mülahizələr deyil, İran dövləti səviyyəsində ciddi qəbul edilən iddialardır. Bu cür mülahizələr fonunda Qarabağ danışıqlarının gələcəyi sual altındadır. Beynəlxalq Böhran Qrupunun proqram direktoru Sabina Freyzer isə danışıqların “ölüm ayağında olduğunu” deyib. Belə görünür ki, artıq nəinki danışıqları irəli aparmaq, üstəlik, tərəfləri bir masa arxasına gətirmək də çətindir. BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş təşkil edə bilmədilər. Belə bir görüşün nəzərdə tutulduğu haqda BBC-yə müsahibəsində amerikalı həmsədr Robert Bradtke bildirmişdi. Lakin Nyu Yorkda həmsədrlər nazirlərlə ayrı-ayrılıqda görüşlə kifayətlənməli olublar. Azərbaycan xarici işlər naziri artıq Nyu Yorku tərk edib və prezident İlham Əliyevi Özbəkistana səfərdə müşayiət edirdi.
Ehtimal olunur ki, Ermənistanın danışıqları uzatmağa yönələn taktikasını dəyişmədiyi bir vaxtda rəsmi Bakı danışıqları davam etdirməyə ehtiyac görmür. Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov isə bildirir ki, Nyu Yorkda belə görüş ümumiyyətlə, planlaşdırılmayıb. “Amerikalı həmsədrin nazirlərin görüşünün nəzərdə tutulduğu haqda açıqlamasının nəyə əsaslandığını deyə bilmərəm, ancaq rəsmi səviyyədə belə görüş əvvəlcədən nəzərdə tutulmamışdı” deyə o vurğulayıb.