Azərbaycan və MDB » Deputatlığa iddialı rektorun hicab qadağası

Bakının 288 saylı məktəbində də qanunsuz yasaq tətbiq edilib

Artıq 1 həftədir ki, mətbuatda hicab qadağası ilə bağlı yazılar dərc olunur. Ötən gün isə daha bir məktəbdə belə bir qadağanın qoyulması barədə məlumat aldıq. Valideynlərdən birinin redaksiyamıza ünvanladığı məktubda bildirilir ki, Bakının Qaradağ rayonundakı 288 saylı orta məktəbdə direktor Nəriman Hüseynov da hicaba qadağa qoyub: “Bu insanın 75 yaşı var. Deyir, nə Misir Mərdanovu, nə də konstitusiyanı tanıyıram. Misir müəllim bir dəfə həmin direktora şiddətli töhmətlə son xəbərdarlıq edib. Amma necə oldusa, az keçəndən sonra ona dövlət mükafatı verildi. Məktəbdən valideynlərə deyirlər ki, uşağı indidən aldadıb korlamasınlar, bəlkə böyüyüb başqa dini seçəcəklər. Bu necə müsəlmançılıqdır, bu ki, kafirliyin açıq formasıdır”.

Valideynin sözlərinə görə, hicablı qızlar DEVAMM-a, hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğluna da müraciət ediblər. Aldığımız məlumata görə, artıq DEVAMM məktəblə bağlı monitorinqə başlayıb.
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) isə hicab qadağası hələ də davam edir. Tələbələrin sözlərinə görə, onlar hicab taxdıqları üçün institutun rəhbərliyi tərəfindən sentyabrın 21-dən dərslərdə iştirak etmək hüququndan məhrum ediliblər. 
Xatırlatmaq yerinə düşər ki, AMİ-nin rektoru Aqiyə Naxçıvanlı 3 il öncə də belə bir qadağa tətbiq eləməyə cəhd göstərmiş, amma buna nail ola bilməmişdi. İslama qarşı rektorun budəfəki demarşı isə onun namizəd olduğu 117 saylı Oğuz-Qəbələ seçki dairəsindəki inanclı seçicilərin ciddi hiddətinə səbəb olub. İnsanlar bu addımı İslama və dövlət atributlarımızdan olan bayrağımıza qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Hakim partiya siyahlısından millət vəkilliyinə iddialı olan bir şəxsin belə davranışını təəccüblə qarşılayan seçicilər eyni zamanda ölkə rəhbərliyindən YAP-çı namizəd barədə ölçü götürülməsini tələb ediblər. 
Məlumat üçün əlavə edək ki, hicab problemi ilə bağlı ötən həftə Ombudsman Aparatı da araşdırmaya başlayıb və təhsil naziri Misir Mərdanova sorğu göndərib. Təhsil Nazirliyinin Icra Aparatının rəhbəri İlham Pirməmmədov isə hicablı xanımların müraciətindən sonra bu cür qadağaların qanunsuz olduğunu bəyan edib. 
Bu gün hüquqları pozulan xanım tələbələrin Heydər Əliyev Fondunda qəbul ediləcəyi gözlənilir.

 

Zülfiyyə SAKİTQIZI

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!