Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi şəhid olub
Bu gün səhər saatlarından başlayaraq, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinin Tərtər rayonu ərazisində cəbhə boyu ermənilər tərəfindən atəşkəs pozulub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun 2 hərbçisi şəhid olub.
Bu gün günorta saatlarından isə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi işğal altında olan Talış kəndindəki Ermənistan Silahlı Qüvvələrinin mövqelərindən atəşə tutulub.
Agentliyin Qarabağ bürosu xəbər verib ki, Ermənistan ordusunun əsgərləri təxminən 20 dəqiqə ərzində DŞK və digər iriçaplı atıcı silahlardan təsərrüfat işləri ilə məşğul olan Tap-Qaraqoyunlu kənd sakinlərini və kəndin kənarındakı çayxananı atəş altında saxlayıb. Kənd sakinləri sahəni tərk etdiklərindən xəsarət alan olmasa da, sakinlərə məxsus bir ədəd traktor yararsız hala salınıb. Kənd sakinlərinə məxsus çayxana isə yandırıcı güllələrdən atəşə tutulub. Lakin sakinlərin vaxtında tədbir görməsi nəticəsində yanğın baş verməyib.
Şəhid olan hərbçilər 1976-cı il təvəllüdlü Əhməd Hüseynağa oğlu Abdullayev (Cəlilabad rayonu) və 1986-cı il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədovdur (Xətai rayonu).
Qeyd edək ki, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün dünən gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha da gərginləşib. Atışma zamanı bir döyüşçümüz ermənilərə yaxın təmas xəttində şəhid olub. Ehtimal var ki, düşmən meyiti götürə bilib.