"Hizbullah"ın baş katibi Seyyid Həsən Nəsrullah Beynəlxalq Qüds günü münasibətiylə çıxış edib.
İslam-Azeri.az İnternet qəzetinin "Əl-Mənar"a istinadən verdiyi xəbərə görə, "Hizbullah" lideri 30 il öncə İmam Xomeyninin (r) Ramazan ayının son cüməsini Qüds günü elan etməsinin əhəmiyyətindən söz açıb.
Seyyid Həsən Nəsrullah çıxışında deyib: "Müsəlmanların Qüdsü unutması mümkün deyil. Çünki Qüds imanımızdandır, mədəniyyətimizdəndir, əxlaqımızdandır. Bunun üçün Qüdsü xalq və hökumət olaraq həmişə diqqət mərkəzində saxlamalıyıq".
"Hizbullah"ın baş katibi qeyd edib ki, Qüdslə əlaqəli dəyərlər dəyişilməz olaraq qalıb və heç kim Fələstin torpağının bir qarışına belə sahib çıxa bilməz. O deyib ki, Qüds günü həm də bu müqəddasat uğrunda şəhid olanların anma günüdür.
Seyyid Həsən Nəsrullah daha sonra belə davam edib: "Qüds sionist rejimin paytaxtı ola bilməz. Qüds, Fələstinin paytaxtıdır. Hamı bilməlidir: İsrail qeyri-qanuni bir qurumdur".
Sonda "Hizbullah"ın baş katibi qeyd edib ki, dünyanın zülm mərkəzləri Qüdsün və Əl-Əqsanın işğalına, Qüdsün yəhudiləşdirilməsinə, müsəlmanların buradan didərgin salınmasına biganədirlər və bu cinayətlərə dəstək verirlər.