Kuba inqilabının lideri Fidel Kastro son vaxtlar yerli mətbuatda tez-tez çıxışlar edir və dünyanın aktual problemlərinə dair öz fikirlərini irəli sürür.
Ötən çıxışlarından birində Kastro İsrailin İrana qarşı müharibəyə hazırlaşmasından bəhs edərək bunun nüvə müharibəsinə gətirib çıxaracağı haqda xəbərdarlıq edib. Kuba lideri bildirib ki, ABŞ prezidenti Barak Obama nüvə müharibəsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir. Daha bir məqaləsində isə Kastro “əl-Qaidə” haqda bəhs edərək Üsəma bin Ladenin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olduğunu bildirib.
Kastronun “Escambray” adlı yerli internet qəzetdə dərc edilmiş son məqaləsində isə Azərbaycanın adına da yer verilir. Kuba inqilabının lideri bu dəfə də İran ətrafında yetişən müharibə haqda bəhs edib və bunu əsaslandırmaq üçün son 88 gün ərzində baş verənlərin ardıcıllığını göstərib. Kastro ABŞ-ın Fars körfəzinə təyyarədaşıyan gəmilər göndərməsindən, İsrailin İranı vurmaq üçün hərbi təlimlər keçməsindən və mövzu ilə əlaqədar baş verən digər hadisələrdən ibarət xronika hazırlayıb və orada İranın Azərbaycanla sərhədlərə qoşun cəmləməsi barədə iyun ayında yayılmış xəbərlərə də yer verib. Kastro xatırladır ki, İran İnqilab Keşikçiləri Korpusunun generalı Mehdi Möini yerli mətbuata açıqlama verərək ABŞ və İsrailin Azərbaycan ərazisində xüsusi təyinatlılar yerləşdirdiyini, buna cavab olaraq şimal istiqamətindən gözlənilən hücumu dəf etmək üçün sərhəddə qoşun cəmləşdirildiyini deyib. Kastro hesab edir ki, İran ətrafında baş verənlər bütün planetdə insan həyatını təhlükədə qoyan hadisələrə gətirib çıxara bilər.
/Yeni Musavat/