Yaxın şərq » Davudoğlu İran XİN-dən izahat istəyib
Əhməd Davudoğlu

İran “soyqırımla” bağlı açıqlamasına düzəliş etdi

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, İran prezidentinin müavini Həmid Baqainin qondarma erməni soyqırımı ilə əlaqədar açıqlaması ilə bağlı İrandan açıqlama istəyib. "ANS PRESS"in CNN Türk-ə istinadlı məlumatına görə, İran xarici işlər naziri Manuçöhr Mottaki isə İranın bu məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bildirib.

Qeyd edək ki, İran İslam Respublikasının vitse-prezidenti Həmid Baqai Tehranda keçirilən “İran: Qələbə körpüsü” adlı konfransda qəribə bəyanatla çıxış etmişdi. O, öz sözləri ilə qondarma erməni soyqırımını tanımışdı. “100 il bundan öncə, 1915-ci ildə Osmanlı imperiyası ermənilərə qarşı "soyqırım" törədib. Hazırda Osmanlı imperiyasının mövcud olmamasına baxmayaraq, Ermənistan hökuməti Türkiyədən törətdiyi əmələ görə rəsmi üzr istəməsini və kompensasiya ödəməsini tələb edir”, deyə Həmid Baqai bildirib.

Ə. Davudoğlu jurnalistlərin "Türkiyə XİN-i bu məsələ ilə bağlı araşdırma aparırmı" sualına cavab olaraq bildirib ki, Türkiyənin Tehrandakı səfirliyinə məsələ ilə bağlı araşdırma aparmaq tapşırılıb. Türkiyənin Tehrandakı səfiri artıq İran Xarici İşlər Nazirliyi ilə lazımi görüşlər keçirib.

Davudoğlu bundan əlavə, özünün bir az əvvəl İranın xarici işlər naziri Manuçöhr Mottaki ilə telefon əlaqəsi saxladığını, bu məsələ ilə bağlı izahat istədiyini bildirib: "İran prezidentinin müavininin açıqlaması ilə bağlı izahat istədim. İran xarici işlər naziri də bu açıqlamanın qəti şəkildə mətbuatda ifadə edildiyi kimi olmadığını, bu konfransın İkinci Dünya Müharibəsi ilə əlaqədar bir konfrans olduğunu, İranın bu məsələ ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını, İranın bu mövzudakı sözlərinin və yanaşmasının etibarlı olduğunu söylədi. Mən İran prezidentinin müavininin bu məsələ ilə bağlı açıqlama verməli olduğunu söylədim".

Türkiyə xarici işlər naziri jurnalistlərə onu da bildirib ki, İranın vitse-prezidentinin çıxışının farsca mətni onlarda yoxdur, amma iranlı həmkarı ilə söhbətində İran XİN-in açıqlaması ilə yanaşı daha yüksək səviyyədə açıqlama gözlədiklərini vurğulayıb,

"O, özü də İran vitse-prezidentinin açıqlama verəcəyini bildirdi. Belə bir mövzuda İranın mövqeyində dəyişiklik olmadığını bir daha vurğuladı, deyilən sözlərin mətbuat tərəfindən yanlış ifadə olunduğunu, lazımi izahatı verəcəklərini söylədi", deyə Davudoğlu qeyd edib.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!