Bu gün Əhli Beyt imamlarının ikincisi olan Həzrəti Həsən (əleyhissəlam)-ın mövlud günüdür.
Ramazan ayının 15-i, Peyğəmbərin (s) reyhhanı İmam Həsənin (ə) mövlud günüdür. Bu münasibətlə bütün Əhli-beyt (ə) dostlarını təbrik edirik.
İmam Həsən Müctəba hicrətin 3-cü ili ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.
Həsən öz cəddinin dövrünü çox görməmişdi. Çünki Həsən təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alihi vəs-səlləm) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) sonra təxminən otuz il atası Əli ilə birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.