Əli Əsgər Sultaniyyə: “İrana hücum bir xəyaldır, çünki bizi hamı tanıyır”
İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki nümayəndəsi Əli Əsgər Sultaniyyənin APA-ya ekszklüziv müsahibəsi.
- Buşəhr Atom Elektrik Stansiyasının İsrail tərəfindən bombalanması ehtimalı və bu tipli hədə-qorxulara qarşı İran hansı addımları atacaq?
- İran 1990-cı ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin ümumi konfransında atom stansiyalarına qarşı hücum və ya hər hansı hədə-qorxunun qadağası barədə bir təklif verib. Bu təklif qətnamə şəklində (533 saylı) səsə qoyularaq yekdilliklə qəbul edilib. Bu qətnaməyə əsasən istər işlək vəziyyətdə olan, istərsə də tikintisi davam edən atom elektrik stansiyalarına qarşı hər hansı hücum qəti qadağandır. Əgər bu hal baş verərsə, təcavüzkara qarşı ciddi reaksiya verilməlidir. İran 2009-cu ildə - yəni 20 ildən sonra yenə də Beynəlxalq Atom Enerjisi Agentliyində atom elektrik stansiyalarına hücumun yasaqlanması barədə qərarın qəti surətdə qüvvədə qalması barədə təklif irəli sürdü. Bu təklif də yekdilliklə qəbul olundu. Əgər atom elektrik stansiyalarına hər hansı hücum olarsa, təcavüzkar tərəf beynəlxalq səviyyədə məhkum ediləcək, beynəlxalq səviyyədə qınanacaq və cinayətkar kimi tanınacaq. Biz sülh tərəfdarıyıq. Bunu söz olaraq, şüar kimi demirik. Əməli olaraq sülhsevər olduğumuzu bütün dünyaya göstəririk. İrana heç bir ölkə hücum edə bilməz. Çünki artıq bizi hamı tanıyır. Düşmənə aman vermərik. İrana hücum bir xəyaldır, bu sözlərlə regionda vəziyyəti qarışdırmaq istəyirlər. Buna nail ola bilməyəcəklər. İran əleyhinə qəbul olunan sanksiyaların da heç bir təsiri olmayacaq. İsrail rejimi yeganə qurumdur ki, 1981-ci ildə beynəlxalq səviyyədə qanunları pozaraq İraqın Bağdad yaxınlığında yerləşən nüvə reaktorunu bombalayıb. Dünya tarixində beynəlxalq səviyyədə qanunları ayaq altına alan ikinci belə ölkə olmayıb. Elə buna görə də İsrail 1982-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən qınanaraq 10 il müddətinə qurum üzvlüyündən azad edildi. Dünyanın sülhsevər insanları bu qanunları bilməli və belə cinayətlərin qarşısını almaqda yekdil olmalıdır.
- İran uranın 20 faizdən artıq zənginləşdirilməsini həyata keçirəcəkmi?
- Biz uranı 20 faizdən artıq zənginləşdirməyəcəyik, belə bir söz deməmişik, buna ehtiyacımız da yoxdur. Uranın 20 faiz zənginləşdirilməsi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə rəsmi sənəd təqdim etmişdik. Bundan sonra uranın 20 faiz zənginləşdirilməsinə başlamışıq. Bu da bizə xəstəxanalarda zəruri olduğu üçün, Buşəhr Atom Elektrik Stansiyasını işlətmək və Tehran nüvə tədqiqatı mərkəzi üçün lazım idi. Çarəmiz olmadığından uranın 20 faiz zənginləşdirilməsini həyata keçirdik.
İranda uranın 20 faiz zənginləşdirilməsinə və Buşəhr Atom Elektrik Stansiyasının fəaliyyətinə Beynəlxalq Atom Enerjisi Agentliyinin kameraları vasitəsilə 24 saat ərzində nəzarət olunur. Hər şey şəffaf şəkildə cərəyan edir. Bizim Buşəhr kimi 20 atom elektrik stansiyasına ehtiyacımız var. Bunu ölkə prezidenti Mahmud Əhmədinejad da bəyan edib.
Bildirirəm ki, beynəlxalq qanunlara əsasən heç bir ölkəyə uranın zənginləşdirilməsi qadağan olunmayıb və bu, hər bir ölkənin qanuni hüququdur.
- İran tərəfi “altılıq” qrupu və beynəlxalq agentliklə hər hansı müzakirəyə gedəcəkmi? Onlardan hanısısa cavab gözləyirsinizmi?
- Biz Beynəlxalq Atom Enerjisi Təşkilatının rəhbəri Yukiya Amanoya təqdim etdiyimiz son məktubda ABŞ, Rusiya və Fransadan ibarət Viyana qrupu ilə şərtsiz görüşə hazır olduğumuzu bildirmişik. Tehran razılaşmasına tərəf olan Türkiyə və Braziliyanın da bu görüşlərdə iştirak etməsini istəmişik. İran heç vaxt məntiqə söykənən müzakirə və görüşlərdən qaçmır. Lakin açıq bildirirəm ki, biz zorakılıqla, hədə-qorxu ilə olan müzakirə və görüşləri qəbul etmirik. Sülh məqsədli nüvə İran xalqının haqqıdır və bu layihəni davam etdirəcəyik. Onlardan cavab gözləməyə gəldikdə isə biz götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk. “Altılıq” qrupu və Beynəlxalq Atom Enerjisi Təşkilatından gözləntimiz İrana münasibətdə ədalətsizliyə yol verməmələridir.