Ekspert: “Azərbaycan-Türkiyə münasibətlərinə qarışmaq mümkün deyil”
İsraillə Azərbaycan arasında son zamanlar müşahidə olunan soyuq münasibət heç də təsadüfi deyil. Ekspertlər hesab edir ki, rəsmi Bakının bu məsələdə tutduğu mövqe haqlıdır. Söhbət ondan gedir ki, İsrail-Türkiyə münasibətləri kontekstində Azərbaycan haqlı olaraq Türkiyənin mövqeyindən çıxış edir. Çünki bu, həm də Azərbaycan məsələsidir. İsrail ən müxtəlif vasitələrlə Türkiyəni sıxmağa çalışır, bu da ondan irəli gəlir ki, Türkiyə son illər apardığı doğru siyasətlə bölgədə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu isə İsraili narahat etməyə bilməz. İsrail süni problemlər yaratmaqla Türkiyəyə qarşı aqressiv münasibət sərgiləyir və yaratdığı problemlərdən öz xeyrinə istifadə etməyə çalışır.
Ekspertlər hesab edirlər ki, indiki İsrail hökuməti getməyənə və orada mütərəqqi bir rejim qurulmayana qədər Türkiyə ilə münasibətlər kəskin olaraq qalacaq.
Təl-Əviv Azərbaycanı Türkiyənin müdafiəsindən çəkindirməyə ciddi maraq göstərir. Bu istiqamətdə İsrail əlinə düşən hər bir fürsətdən yararlanmağa çalışır. Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri ərəfəsində İsrail Xarici İşlər Nazirliyi bu ölkənin Bakıdakı səfirliyini partlatmağa cəhd edən “Hizbullah” üzvlərinin gizlicə İrana təhvil verilməsinə dair xəbərlərlə bağlı Azərbaycan tərəfindən izahat istəməsi təsadüfi deyil.
Maraqlıdır ki, İsrail ciddi cəhdlə buraxılanların “Hizbullah”çılar olduğunu iddia etdiyi halda, İranın Ədliyyə Nazirliyinin rəsmisi Əli Qabi bu bəyanatdan öncə deyib ki, Azərbaycandan 1-i qadın olmaqla, 12 İran vətəndaşı təhvil alınıb. Onlar narkotik satışı və digər cinayətlərdə ittiham olunur.
Bir incə məqamı da qeyd edək ki, İsrailin Azərbaycan hakimiyyətinə münasibətində dəyişiklik baş verməsinin daha bir nümunəsi üzə çıxıb. Söhbət İsraildə Heydər Əliyevin adına olan parkın qurulmasının yarımçıq saxlanılmasıdır. Düzdür, burada böyük məsuliyyət Azərbaycan məmurlarının üzərindədir, amma İsrail hökumətinin də bu məsələyə maraqsız yanaşdığı göz önündədir.
Yaranmış vəziyyəti şərh edən Müsavat Partiyasının Divan üzvü, politoloq Qabil Hüseynli hesab edir ki, “Hizbullah”çıların həbs edilməsində, onların planlaşdırdığı sui-qəsdin açılmasında İsrailin rolu olub: “Amma bu, o demək deyil ki, Azərbaycan ərazisində baş verən bu cinayətin bütün hüquqi-siyasi tərəfi İsrail dövlətinə məxsusdur, onun əlindədir. İsrail bilməlidir ki, Azərbaycan-Türkiyə münasibətlərinə qarışmaq mümkün deyil, bu, səmərə verə bilməz. Amma bir maraqlı məqam da odur ki, İsrail əlahiddə bir şəkildə Azərbaycanla münasibətlərini inkişaf etdirməyə çalışırdı. Bunun zəmini qoyulub. ”Hizbullah"çılar məsələsində isə İsrail ciddi yanlışlığa yol verir. Əvvəla, Azərbaycan tərəfi onların İrana verilmədiyini qəti şəkildə bildirir. Azərbaycan bu şəxsləri ona görə verməzdi ki, əvvəla, bəziləri öz vətəndaşıdır, ikincisi İrana veriləcəyi həmin şəxslər İranın özü tərəfindən Azərbaycana qarşı təxribati məqsədlər üçün hazırlana bilərdi. Bu məsələdə Azərbaycanın özünün maraqları İsrailin maraqlarından daha üstündür. İsrailin bunu dövlətlərarası problemə çevirməsinin heç bir anlaşılan tərəfi yoxdur".
Məsələnin pərdəarxasına, yəni Türkiyə-Azərbaycan münasibətlərindən yaranan narahatlığa gəlincə, politoloq dedi ki, İsrail əslində Azərbaycan vasitəçiliyindən yararlana bilər: “Bu gün nə Türkiyə, nə də Azərbaycanla münasibətlərin korlanması İsrailə lazım deyil. Əksinə, münasibətlərin yaxşılaşması üçün ən ciddi kompromislərə belə getməyə hazır olmalıdır. İsrail Azərbaycan vasitəsi ilə bütün türk dünyasına və Asiyaya körpü salmağa çalışırsa, bu fonda 3-4 ”Hizbullah"çının ətrafında qaldırılan hay-küy əhəmiyyətsiz bir hadisə təsiri bağışlayır" /Yeni Musavat/