Azərbaycan və MDB » Ermənistan Qarabağdakı separatçı qüvvələrini yenidən formalaşdırır

Hərbçilər arasında kütləvi qətldən sonra ordudakı vəziyyət generalları təşvişə salıb

Dağlıq Qarabağdakı işğalçı erməni hərbi qüvvələrinin sıralarında bir-birinin ardınca baş verən kütləvi qətllər Ermənistan rəhbərliyini təşvişə salıb. "Musavat"ın erməni mediasına istinadlı xəbərlərinə görə, iyulun sonlarında 7 hərbçinin ölümü ilə nəticələnən iki ciddi insidentin baş verməsindən sonra müdafiə naziri Seyran Ohanyan cəbhə xəttində yerləşən hərbi bölmələrdə hökm sürən rüsvayçı durum haqda məlumat alıb və irimiqyaslı cəza tədbirlərinə əl atıb. Xəbər verildiyi kimi, Ohanyanın əmri ilə 8 yüksək rütbəli zabit ordudan qovulub, onların barəsində cinayət işi açılıb. Onlarla zabitin isə rütbələri aşağı salınıb, yaxud onların barəsində inzibati cəza tədbirləri görülüb. Cəzalandırılanların əksəriyyəti cəbhə xəttində mövqe tutan erməni bölmələrinin komandirləridir.

Bir gün əvvəl isə Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Yuri Xaçaturov bir neçə generalla birlikdə Xankəndinə gəlib və orada separatçı rejimin rəhbəri Bako Saakyanla müşavirə keçirib. Mətbuatın yazdığına görə, Xaçaturov daha sonra cəbhə xəttinə baş çəkib və oradakı hərbi hissələrdə olub. Bildirilir ki, son insidentlərdən sonra Dağlıq Qarabağdakı erməni hərbi qüvvələrində ciddi sistem dəyişiklikləri həyata keçirilir. Son bir neçə gün ərzində bir neçə hərbi hissə ləğv edilib və digər qoşun birləşmələrinin tərkibinə verilib. Bəzi bölmələrin isə funksiyaları dəyişdirilib. Belə ki, əgər əvvəllər hərbi hissələrdə gecə növbəsinə polk komandirinin müavini qalırdısa, indi onu daha aşağı rütbəli zabit əvəz edəcək. Polk komandirlərinin müavinlərini isə birbaşa səngərlərə göndəriblər. Erməni mətbuatı orduda hökm sürən “dedovşina” və qanunsuzluqların hərbi birləşmələrin döyüş qabiliyyətinə mənfi təsir etdiyini yazır.
Digər xəbərlərə görə, Qarabağdakı cəbhə xəttindəki strateji mövqelərdə artıq müqavilə əsasında müddətdən artıq xidmət keçən hərbçilər dayanır. Orduya yeni çağırılanlar isə arxa mövqelərdə yerləşdirilir. Qəzetimizə məlum olub ki, Ermənistan Azərbaycanla sərhəddəki mövqelərini də təcili qaydada möhkəmləndirir. Gədəbəy, Tovuz və Qazax rayonları istiqamətində erməni mövqelərində ciddi hərəkətlilik müşahidə olunur, mövqelərdə tez-tez mülki formada adamlar da göz dəyir. Ehtimal olunur ki, onlar xüsusi xidmət orqanlarının və hərbi prokurorluğun işçiləridir.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!