Suriyada səfərdə olan İranın ali liderinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti bazar günü İran Səfirliyində Fələstin İslam Müqaviməti Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbəri Xalid Məşəllə görüşüb.
Tərəflər Fələstindəki vəziyyəti və milli barışıq məsələlərini müzakirə ediblər. Bu barədə "Trend" "Sinxua" agentliyinə istinadən məlumat verir.
Görüşdən sonra Məşəl KİV qarşısında çıxış edərək qeyd edib ki, Vilayəti ilə görüşdə Orta Şərqdə və Fələstindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, tərəflər "İsrail və ABŞ tərəfdən təhlükəni" müzakirə ediblər. Onun sözlərinə görə, HƏMAS hərəkatı adıçəkilən təhlükələrə cavab vermək gücündədir. O, həmçinin, "gələcəyin qanuni müqavimət hərəkatına məxsus olacağına" ümidini ifadə edib.
HƏMAS hərəkatı ilə sıx əlaqə saxlayan mənbə "Sinxua" agentliyinin müxbirinə deyib ki, danışıqlar "konstruktiv atmosfer"də keçib.
Vilayəti Fələstinin "İslami-cihad" qruplaşmasının baş katibi Ramazan Abdullah ilə görüş keçirib. Tərəflər Fələstin-İsrail birbaşa danışıqları məsələsini və sərhəddə Livan ordusu ilə İsrail qoşunları arasında toqquşmaları müzakirə ediblər.
Vilayəti şənbə günü axşam üçgünlük səfərlə Dəməşqə gəlib. Bundan əvvəl o, Livana səfər edib və "Hizbullah" qruplaşmasının lideri Həsən Nəsrullah ilə Livanda və Orta Şərqdəki hazırkı vəziyyəti müzakirə edib.