Klinton ABŞ və müttəfiq ölkələrin əsas narahatlığının İranın nüvə silahına sahib olmaq ehtimalı olduğunu deyib
ABŞ Dövlət katibi Hillari Klinton İranla nüvə problemini həll etmək üçün bu ölkə ilə dialoqa açıq olduqlarını bildirib. "ANS Press" xəbər verir ki, Xanım Klinton bu açıqlamanı Amerikanın “New York Times” qəzetinə verdiyi müsahibədə deyib. “Biz İranla dialoqa hazırıq. Amma İran rəsmiləri bunun üçün vəzifələrinin nədən ibarət olduğunu bilirlər. Onlar sözləri və davranışlarıyla nüvə proqramının hədəflərini açıqlayaraq dünya ictimaiyyətini narahatlıqdan qurtarmalıdırlar”.
Klinton ABŞ və müttəfiq ölkələrin əsas narahatlığının İranın nüvə silahına sahib olmaq ehtimalı olduğunu deyib.
Qeyd edək ki, İran nüvə proqramını sülh məqsədilə, enerji əldə etmək üçün başlatdığını desə də başda Amerika olmaqla bəzi Qərb dövlətləri İranın nüvə silahına sahib olmaq məqsədilə bu proqramı başlatdığını iddia edir.
Xatırladaq ki, BMT təhlükəsizlik şurası iyunun 9-da İrana qarşı bəzi yeni sanksiyaları əhatə edən qərar qəbul edib. Bu qərardan sonra ABŞ və Avropa Birliyi də bəzi tək tərəfli sanksiya qərarları qəbul edib.