Qazma texnologiyasında ilk nanoqurğu yaradılıb, erkən turbulentlik müəyyən olunub, qazma sürəti 1,4 dəfə artıb.
Qazmada istifadə edilən aktiv məhlullarla yanaşı (versaklin, sintetik-polimer və s.,',0), nanobirləşmələrlə doymuş məhluldan istifadə edilməsi qazmanın göstəricilərinə müsbət təsir edir. ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifazədənin rəhbərliyi altında onun müşaviri professor Eldar Şahbazov tərəfindən nanobirləşmələrlə doymuş məhlulun hazırlanması üçün xüsusi nanoqurğu layihələndirilib.
Lent.az-ın məlumatına görə “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsinin bazasında hazırlanmış həmin unikal qurğu vasitəsi ilə dünya qazma praktikasında ilk dəfə olaraq metal nanohissəciklər əsasında “nanoneft” və “nanobitum” sistemləri yaradılıb, onların qazma məhlullarına təsiri tədqiq olunub. Bu texnologiya “Qum adası”, “Balaxanı”, “Bibiheybət” və “Bəyimdağ-Təkçay” yataqlarındakı bir neçə quyuda müvəffəqiyyətlə tətbiq edilib, quyular qəza və mürəkkəbləşmələr olmadan layihə dərinliyinə vaxtından əvvəl çatdırılıb.
“Nanoneft” və “nanobitum” sistemlərinin tətbiqi sayəsində erkən turbulentlik müəyyən olunub, qazma sürəti 1,4 dəfə artıb, genetik enerjiyə 34-35 faiz qənaət edilib, bu sistemlərin “nanoyaddaşa” malik olmaları aşkarlanıb. Qeyd etmək lazımdır ki, hazırlanmış qurğu müəlliflik şəhadətnaməsi almaq üçün Dövlət Standartlaşdırma, Meterologiya və Patent İdarəsinə təqdim olunub.