Dünən İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ölkənin müxtəlif müəssisələrində çalışan minlərlə zəhmətkeşlə görüşüb.
İslam-Azeri.az internet qəzetinin Leader.ir saytına istinadən verdiyi xəbərə görə, o, İran İslam Respublikasının əldə etdiyi diqqətəlayiq nailiyyətlərə, ölkənin malik olduğu fövqəladə insan potensialına, təbii və elmi resurslara toxunaraq deyib: “Tarixdən bizə yadigar qalmış nöqsanları aradan qaldırmaq üçün hazırkından qat-qat artıq təşəbbüs və əzm göstərməyə, ölkənin zəngin resurslarının hərəkətə gətirilməsi üçün daha sürətli templə çalışmağa ehtiyac var. Daha artıq əzm və təşəbbüskarlıq isə sözlər, tərif və alqışlarla ərsəyə gəlmir. Bunun üçün sözün əsl mənasında qollarını çırmalayıb əmək və təşəbbüs meydanına atılmaq lazımdır”.
İslamın zəhmətkeşlərə mühüm dəyər verdiyini önə çəkən Ayətullah Xamenei sözlərini belə davam edib: “Zəhmətkeşlərə yalnız əmək aləti kimi yanaşan materialist görüşlərdən fərqli olaraq İslam dini fəhləni Allah yolunda döyüşən mücahid hesab edir, əməyinin və çəkdiyi zəhmətin müqabilində ona ilahi mükafat vəd edir”.
İslam İnqilabı Rəhbəri ölkənin maddi tərəqqisinin iki başlıca amilin ‒ elm və istehsalın üzərində möhkəmləndiyini vurğulayaraq deyib: “İranda istibdadçı rejimin hakimiyyətdə olduğu dövrdə nə elmə, nə də elmi biliklərə əsaslanan istehsala əhəmiyyət verilirdi. Buna görə də İran xalqı uzun illər boyunca geriliyə düçar olmuşdu. Bu mərhələnin kompensasiya edilməsi üçün elmə və istehsala əvvəlkindən də artıq diqqət yetirilməlidir”.
Sözlərinin digər hissəsində isə İranın elm sahəsində çalışanları təqdir edən Ayətullah Xamenei: "Embarqolara baxmayaraq İran xalqı, elm və hər sahədə çalışanlar, Qərbi şoka saldı. İrana kin bəsləyənlər, İrana zərər verəcək gücdə deyillər"-deyib.