Martın 29-u Moskvanın iki metro stansiyasında ard-arda törədilən, 39 nəfərin ölümü və 72 nəfərin yaralanması ilə nəticələnən terror aktlarından sonra Rusiya kütləvi informasiya vasitələri paytaxt metrosunda törədilən analoji partlayışlar tarixlərinə baş vurmağa başlayıblar. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) uzun illər bağlı qalmış arxivindən əldə edilmiş məlumatlar nəticəsində məlum olub ki, Moskva metrosunda ilk partlayışa erməni terrorçuları start verib.
Məlumata görə, ilk partlayış 1977-сi il 8 yanvar tarixində Moskva metropoliteninin “Pervomayskaya” metro stansiyasında törədilib. Ermənilər həmin gün eyni zamanda bir-birinin ardınca Baumansk rayonunun 15 saylı mağazasında və 25 Oktyabr küçəsində də terror aktları həyata keçiriblər.
Daşnakların törətdiyi bu 3 terror aktı nəticəsində 7, digər məlumatlara görə 29 nəfər ölüb, daha 37 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. O zamanki Sovet xüsusi xidmət orqanlarının bu cinayətləri törədən terrorçu qrupu tapmağa səy göstərdiyi bir vaxtda ermənilər dinc durmayıblar və 1977-ci ilin 7 noyabr (Oktyabr inqilabı Günü) bayramı ərəfəsində növbəti partlayışlar seriyasını həyata keçirməyə cəhd ediblər.
O zaman cinayətkarların axtarışına Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) ən yaxşı müstəntiqləri cəlb olunub. Onların səmərəli fəaliyyəti nəticəsində bu gurultulu terror aktlarında nüfuzlu erməni partiya liderlərinin iştirakı faktı üzə çıxıb. Terror aktlarının törədildiyi yerlərdən götürülən partlayıcı maddə qəlpələri onların harada istehsal olunması və daha çox hansı şəhərlərdə satıla bilməsinə dair şübhəli şəhərlərin dairəsi barədə materiallar əldə etməyə imkan yaradıb, siyahının başında İrəvan durmaqla.
Sonra terror aktlarının ukraynalılar və erməni millətçiləri tərəfindən törədilə bilmə ehtimalı ortaya çıxıb. DTK əməkdaşları tərəfindən Daşkənd aeroportunda sərnişinlərdən birinin əlində terrorçular tərəfindən istifadə olunan çanta ilə eynilik təşkil edən çanta diqqət cəlb edib. Araşdırmalar bu çantaların məhz İrəvanda tikildiyini ortaya çıxarıb. Və bu fakt axtarışlar dairəsini son dərəcə məhdudlaşdırıb, DTK əməkdaşlarının əsas diqqətinin Ermənistana yönəlməsinə səbəb olub.
Beləliklə, aşkar olunan bombanın elektrik qaytanağı xüsusi elektrodla aparılıb ki, bu da yalnız hərbi sənaye kompleksi müəssisələrində istifadə olunur. Nəticədə məlum olub ki, terror qruplaşma üzvlərindən biri müdafiə sənayesi müəssisəsində işləyir. Bu ərəfədə terrorçu qruplaşma üzvləri yeni cinayət hazırladıqları zaman səhvə yol veriblər. Belə ki, Kursk vağzalında içərisində partlayıcı qurğu olan çanta qoyublar və bomba parlamadan əməliyyatçıların əlinə keçib. Və bu da DTK əməkdaşlarının sözügedən bandanın izinə düşməsi ilə nəticələnib. Çantaya istintaq baxışı nəticəsində sim və saat mexanizmi, həmçinin üzərində İrəvan nişanı olan göy olimpiya gödəkçəsi tapılıb. Belə ki, terrorçular çantanın partlayacağını zənn edib, öz şəxsi əşyalarını da çantada qoyublar.
Nəhayət Gürcüstan-Ermənistan sərhədində 55 saylı Moskva-İrəvan qatarının 3-cü vaqonundan şübhəli şəxs qismində saxlanılan və üzərində heç bir sənədi və şəxsi əşyaları olmayan, eyni zamanda əynində həmin göy olimpiya gödəkçəsindən olan 1949-cu il təvəllüdlü Akop Stepanyan saxlanılıb. O, saxlanılan zaman tələbə yoldaşı Zaven Baqdasaryanla (1954-cü il təvəllüdlü) olub. Onlar Moskvaya səfərlərinin məqsədini polis əməkdaşlarına açıqlaya bilməyiblər. Onların hər ikisi İrəvana göndərilib. Sonradan Stepanyanın anası oğlunun çantasından bomba aşkarlayıb. Əməliyyatçıların onun evindən Moskvada törədilən partlayışlar zamanı istifadə olunan bombanın eynisini aşkar ediblər. Akop Stepanyan və Zaven Baqdasaryanın həbsindən sonra qrupun üçüncü üzvü Stepan Zatikyan da yaxalanıb. Onların hər üçü 1979-cu ildə ölüm hökmünə məhkum edilərək güllələnib.
Qeyd edək ki, Zatikyan məhkəmədə çıxışı zamanı bu sözləri deyib: “Mən dəfələrlə bəyan etmişəm ki, sizin mühakimədən imtina edirəm və heç bir müdafiəçiyə ehtiyac duymuram. Mən müqəssir deyiləm, mən ittihamçıyam. Sizin məni mühakimə etmək ixtiyarınız yoxdur, çünki rus və yəhudilərin idarə etdiyi imperiya hüquqi dövlət deyil! Bunu möhkəm yadda saxlamaq lazımdır”. Erməni terrorçu Zatikyan öz fəlsəfi çıxışını erməni dilində çağırışla tamamlayıb: “Digərlərinə də çatdırın ki, bizə yalnız qisas, qisas, bir daha qisas qalır!”.