Terror təşkilatının yerli qanadı çoxpartiyalı seçkiləri “siyasi cinayət” adlandırıb
“Əl Qaidə” terror təşkilatının İraq qanadının lideri Əbu Ömər əl-Bağdadi ölkədəki parlament seçkilərini pozmaqla hədələyib. Məlumatı terrorçuların internet saytlarının monitorinqi ilə məşğul olan Amerika şirkəti yayıb.
Təşkilatın məlumatına görə, əl-Bağdadi bu il martın 7-nə təyin edilmiş parlament seçkilərini “şiələr tərəfindən planlışdırılan siyasi cinayət” adlandırıb: “Biz seçkilərə bütün vasitələrlə, xüsusilə, hərbi vasitələrlə mane olmaq qərarına gəlmişik”.
İraqdakı çoxpartiyalı parlament seçkiləri 2003-cü ildə Səddam Hüseyn rejimi devrildikdən sonra ikinci dəfədir keçirilir. Bir neçə onilliklər ərzində çoxpartiyalı seçkilər ilk dəfə 2005-ci ilin yanvarında keçirilib.
Parlament seçkiləri ərəfəsində müxtəlif İraq qruplaşmaları terror aktları həyata keçirməyə başlayıblar. Ötən həfdə Kərbəlada bir neçə partlayış törədilib. Nəticədə 77 zəvvar həlak olub, 300-dən çox adam xəsarət alıb. /anspress/