"Saudi Aramco" neft və neft-kimya layihələrinə 120 milyard dollar sərmayə yatıracaq
Səudiyyə Ərəbistanı neft sahəsindəki fəaliyyət dairəsini genişləndirməkdə davam edir. Neft nəhəngi sayılan “Saudi Aramco” şirkəti yaxın 5-6 il ərzində neft və neft-kimya layihələrinə 120 milyard dollar sərmayə yatırmağı planlaşdırır. Belə bir bəyanatla şirkətin rəhbəri Xalid əl-Falih çıxış edib. Onun sözlərinə görə, "Saudi Aramco” neft bölməsinə 60 milyard dollar yatıracaq. Qalan vəsaitləri isə neft-kimya və beynəlxalq layihələrə sərf ediləcək.
Şirkət rəhbərliyi müvafiq layihələrə sərf edəcəyi vəsaiti Çin, Hindistan və Yaxın Şərqdə enerji daşıyıcılarına olan yüksək tələbatın hesabına çıxarmağı planlaşdırır.
Qeyd edək ki, “Saudi Aramco” 1993-cü ildə təsis edilib. Şirkət neft və neft ehtiyatlarının hasilatı üzrə dünyada ən iri şirkətlərdən biri hesab olunur. Şirkətin səhmlərinin 100 faizi Səudiyyə Ərəbistanı dövlətinə məxsusdur. /anspress/