dini dwkan
RUS   |    AZE

Ən qədim Quran nüsxəsinin İmam Əliyə (ə) aid olması faktı aşkar edilib

313news.net-in commdiginews.com saytına istinadən verdiyi xəbərə görə, Almaniyanın Tübinqen Universitetinin kitabxanasında “Quran layihəsi”nin (Coranica Project) tədqiqatçıları İslam Peyğəmbəri Hz.Muhəmmədin (s.ə.a) vəfatından təqribən 20-40 il sonra yazıldığı güman edilən, dünyanda ən qədim hesab edilə biləcək Quran nüsxəsi tapıblar. (yüklə)

Alimlər tərəfindən “Ma VI 165” kod adı ilə qeydə alınmış bu Quran nüsxəsi 656-cı ildə xəlifə seçildikdən sonra İslam dövlətinin mərkəzini Kufəyə köçürən İmam Əli ibn Əbi Talib vasitəsilə geniş yayılmış “Kufi xətti” ilə yazılıb. “Medieval Histories Magazine”-in (“Orta əsrlər tarixi” jurnalı) hesablamalarına görə, bu əlyazma 95,4% statistik ehtimalla 649 – 675-ci illərə aid edilə bilər.

Əlyazmanın yaradıldığı zaman kəsiyi İmam Əlinin az saylı yazıb-oxuya bilən ilk müsəlmanlardan olması faktı ilə birləşdirildikdə onun İmama aid olması barədə çox böyük ehtimal yaranır. Bu ehtimal Peyğəmbərin vəfatından sonra sayılıb-seçilən müsəlman liderləri arasında İmam Əlinin Quranı bütünlükdə əzbərləyən və “Hafiz” olan yeganə şəxs olması ilə də dəstəklənir.

Bu əlyazmanın 1339 il qorunaraq dövrümüzə gəlib çata bilən yüksək keyfiyyətli perqament (heyvan dərisi) üzərində yazılması göstərir ki, bu sənəd rəsmi məqsədlər üçün - çox güman ki,  İmam Əlinin İslam dövlətinin işi ilə əlaqədar yaradılmışdır.

İmam Əli şiə müsəlmanları tərəfindən Məhəmməd Peyğəmbərin ilk və həqiqi varisi hesab edilir. Sünni müsəlmanlara görə isə 4-cü və son raşidi xəlifə hesab edilr.

Əlyazma Almaniyada nümayişə çıxarılacaq. Belə ki, Universitet kitabxanasının elanında deyilir: “Üzümüzə gələn payız aylarında perqament nümunələrimizdən biri Antverpdə yerləşən Hendrik Konsayns İrsi Kitabxanasında “Müqəddəs yazılar – Müqəddəs Məkanlar. Yəhudilik, Xristianlıq, İslam” sərgisində ictimaiyyət üçün nümayiş etdiriləcək. Bu, yeni tapıntıların geniş auditoriyanın diqqətinə çatdırılması üçün əla bir imkan olacaq.”

Universitet nümayəndəsi Dr. Yeva Mira Yusif-Qrobun bildirdiyinə görə, Quran layihəsində “computatio radiocarbonica” adlı modul da var ki, burada Quranın ən qədim nüsxələrinin palaeoqrafik analizi və yaşının müəyyən edilməsi radiokarbon analizi kimi elmi üsullarla həyata keçiriləcək.

“Ma VI 165” kod adlı bu əlyazma İsra surəsinin 37-ci ayəsindən Yasin surəsinin 57-ci ayəsinə qədər olan bir hissəni özündə ehtiva edir.

Bu günə qədər ən qədim Quran əlyazması 671-ci ilə aid Səna əlyazması hesab edilirdi. Bu tapıntı ilə 649-675-ci illər arasında yazıldığı məlum olan “Ma VI 165” əlyazması “ən qədim əlyazma” adına şərik çıxmış oldu. Hətta “Ma VI 165” əlyazmasının ən qədim hesab edilməsinə bir çox sübutlar var ki, onlardan biri də yazının Hicazi üslubda (hərfləri sağa meyl etmiş üslubda) yazılmasıdır. Bu üslub da yazılmış nüsxələr hər zaman çox diqqət cəlb etmişdir, çünki sadəcə ən qədim nüsxələrdə rast gəlinir.

Sayt sonda bildirir ki, bu il bir çox məşhurların və siyasətçilərin sitat gətirdiyi İmam Əli çox diqqət cəlb edib. Ən son Amerikan futbolu oyunçusu Pyerr Garçon “twitter” hesabında İmam Əlidən (ə) “Axmağa ən yaxşı cavab susmaqdır” hədisini qeyd etmişdir.

"Ma VI 165" əlyazması

20 Noyabr, 2014  12:04 Baxılıb: 4185 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54