dini dwkan
RUS   |    AZE

“Azərbaycanda vahid islami qüvvə formalaşmayıb”

İlahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu “Media forum”un suallarını cavablandırıb

 

- Azərbaycanda indiki dini durumu islamın siyasiləşməsi kimi xarakterizə etmək olarmı?

- İstənilən cəmiyyətdə əksər dindarlar siyasətdə dini dəyərlərin əhəmiyyətli rola malik olduğu fikrindədir. Siyasət cəmiyyətin bütün təbəqələrini, o cümlədən dindarları əhatə edən bir hadisədir. Plüralizm cəmiyyətdə hansısa təbəqənin siyasi əqidəsinin təcrid olunmasını inkar edir, hər kəsin, o cümlədən dindarların siyasi görüşlərini və siyasi fəaliyyət haqqını tanıyır. Avropa ölkələrində xristian-demokrat, müsəlman ölkələrində isə islami partiyaların varlığı, fəaliyyəti buna bariz nümunədir.

Bizim cəmiyyətdə də dindarların müəyyən təbəqəsi siyasətdə dinin rolunu əhəmiyyətli hesab edir. Amma siyasi proseslərdə dini dəyərlərin müəyyən mənada sıxışdırılması, dini fəaliyyətlərə qoyulan məhdudiyyətlər, inanclı insanların din və vicdan azadlığı sahəsində hüquqlarının pozulması amilləri dindarlar arasında siyasi təmayülləri gücləndirir. Dolayısı ilə siyasi islam fenomenini aktuallaşdırır. Dünya təcrübəsi göstərir ki, dindar çevrə ilə siyasi hakimiyyət arasında uçurum yarandıqda dinin siyasiləşməsi qaçılmaz olur. Ölkəmizdə illərdən bəri aparılan yanlış din siyasəti islamın siyasiləşməsinə, bu təmayüllərin sürətlənməsinə təsir edib.

- Bir müddət əvvəl ilahiyyatçı Taleh Bağırov və bir neçə dini fəal həbs olundu. Belə vəziyyət nəyə apara bilər?

- Yersiz məhdudiyyətlər, qanunsuz qadağalar dindar çevrələr arasında radikallıq meyllərini gücləndirir. Dindarların, xüsusilə ruhanilərin həbsi din-dövlət münasibətlərində gərginliyin artmasına, qarşılıqlı etimadsızlığın dərinləşməsinə səbəb olur. Ümumiyyətlə, istənilən cəmiyyətdə ruhanilərin, din adamlarının cinayətkar elan edilib həbsə atılması ictimai-siyasi baxımdan sabitliyin pozulmasına xidmət edir.

Məktəblərdə hicab qadağasına qarşı çıxan dindarlar da müxtəlif bəhanələrlə həbsə alındı. Dindarı narkomanlıqda ittiham edib həbsə almaq yolverilməz haldır. Azərbaycan dindarı bu cür şeylərdən çox uzaqdır və əslində cəmiyyətdə ilahi-mənəvi dəyərləri təbliğ edir, narkomaniyaya, insan qətlinə, terrora qarşı təbliğat aparır. Kimdəsə silah tapıb buna dini don geydirmək, inanclı şəxsi saxta ittihamlarla cinayətkar kimi təqdim etmək yolverilməzdir. Bu, cəmiyyətdə mənəvi dəyərlərə zərbə vurur.

Mövcud həssas şəraiti nəzərə alaraq dindarlar da ehtiyatlı davranmalı, dövlət orqanları ilə təhdid dili ilə danışmaqdan çəkinməlidir. Dindarların məqsədi yaranmış problemləri daha da dərinləşdirmək, düyünə salmaq yox, onu həll etməkdir.

- İslamçıların siyasi hakimiyyətə gəldiyi ölkələrlə müqayisə aparsaq, bizdə bənzər proses gedirmi?

- Hər cəmiyyətin, ölkənin özünəməxsus, spesifik xüsusiyyətləri var. Demək olmaz ki, bir ölkədə baş verən hadisələr eynilə digərində də təkrarlanır. Amma müəyyən müqayisə mümkündür. Məsələn, bəzi ölkələrdə din sahəsindəki qadağalar, dini cameəyə basqılar islamçı hərəkatın güclənməsinə və siyasi səhnədə bütün rəqiblərindən önə çıxmasına səbəb olub. Bəzi ölkələrdə isə bu, inqilabi dəyişikliklərə, islam inqilabına gətirib çıxarıb. Amma söylənənlər güclü, nüfuzlu dini rəhbəri, institusional dini təsisatları olan, ən əsası, dindar əhalinin çoxluq təşkil etdiyi ölkələrə aiddir.

Azərbaycanda bənzər proseslər getsə də, sadalananların heç biri yoxdur. Reallığa nəzər salanda deyə bilərik ki, siyasi islam ölkəmizdə hələ tam formalaşmayıb və onun siyasi proseslərə təsir imkanları da son dərəcə məhduddur. Ümumiyyətlə, dini qaydaları praktik həyatda yaşadan inanclılar azlıqdadır, heç də hamısı siyasətlə məşğul olmur. Digər tərəfdən, Azərbaycan cəmiyyəti apolitik cəmiyyətdir, siyasi təmayüllər zəif nəzərə çarpır. Belə olan halda paralellərin ölkəmizə tətbiqi heç cür özünü doğrultmur. Siyasi-ictimai-mədəni mühit köklü şəkildə fərqlidir.

- Hazırki islami qüvvə hakimiyyət üçün nə dərəcədə  təhlükəlidir?

- Azərbaycanda vahid islami qüvvə formalaşmayıb. Siyasi islam ölkəmizdə hələ ilkin formalaşma prosesini yaşayır. İslami çevrələr pərakəndə şəkildədir, hətta ümumi məsələlərdə belə bir araya gələ bilmirlər. Üstəlik, Azərbaycan 70 il dinsiz kommunist rejiminin hakimiyyəti altında olub və burada ənənəvi dini dəyərlər sistemi sarsılıb, sıradan çıxarılıb. Müstəqillik illərində dini dəyərlər yayılmağa başlasa da, dindarlar hələ də azlıqdadır. Olanlar da vahid dini, siyasi platformada birləşə bilmədiyi üçün təhlükəli qüvvə kimi qəbul edilə bilməz. Ölkədə gedən siyasi proseslərə dindarların təsir mexanizmi yoxdur.

Doğrudur, belə bir görüntü yaratma cəhdləri ara-sıra nəzərə çarpır. Amma hazırkı şəraitdə siyasi islamın hakimiyyətə gəlmə imkanı yoxdur və yaxın vaxtlarda olacağı da real deyil.

- Bəlkə son proseslər radikal islam görüntüsü yaradıb Qərbi qorxutmaq məqsədi güdür?

- Hadisələrin gedişatından görünür ki, müəyyən dairələr elə bunun marağındadır. Belə həssas vaxtda dini çevrədən müəyyən məqsəd naminə sui-istifadəyə çalışılır. Dindarları dağıdıcı qüvvə, radikal ünsür kimi qələmə verməklə ölkədə islamçıların real təhlükə olduğu təəssüratı yaradılır. Bəzən hətta onları təxribata çəkməklə Qərb dövlətlərinin dəstəyini qazanmağa səy göstərilir. Dindarları öz məqsədləri üçün alət etmək niyyətində olanlar az deyil. Bu istifadə cəhdi təkcə hakimiyyətə yaxın olan bəzi dairələrlə məhdudlaşmır. Əks tərəfdən də bu cəhdlər hazırda kifayət qədərdir. Dindarların hər bir ehtiyatsız hərəkəti bu niyyətləri gerçəkləşdirə bilər. Onlar həmişəkindən daha çox həssaslıq göstərib öz addımlarını düşünülmüş, ölçülü, şəraitə uyğun atmalıdır.

 

18 Aprel, 2013  13:44 Baxılıb: 2087 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54