dini dwkan
RUS   |    AZE

İlham Əliyev Azərbaycan xalqını təbrik edib

"Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm"

Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır. Müstəqil respublikamızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilmiş, dini ayin və mərasimlərin sərbəst şəkildə icra edilməsi, bayramların keçirilməsi üçün münbit şərait yaradılmışdır.

Ramazan bayramını bütün müsəlman aləmi kimi bizim xalqımız da hər il böyük məmnunluq hissi ilə qeyd edir.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Cəmiyyətdə vəhdət və humanizm duyğularını, Allah və Vətən sevgisini daha da gücləndirən Ramazan ayı artıq başa çatmaqdadır. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bu günlərdə könül xoşluğu ilə bayram sevincini bölüşürlər. Xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur.

Əziz bacı və qardaşlarım!

Dua və diləklərinizin Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram. 
Allah orucunuzu qəbul etsin!

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 avqust 2012-ci il.

17 Avqust, 2012  21:03 Baxılıb: 1154 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54