dini dwkan
RUS   |    AZE

AŞ Nazirlər Komitəsinin sədri: “Dağlıq Qarabağ probleminin daim gündəliyimizdə saxlanacağı labüddür”

Azərbaycan deputatı Nazirlər Komitəsi sədrinə ermənilərin işğal altında olan Azərbaycan ərazilərində narkotik becərməsi barədə sual ünvanlayıb.

Strasburq. Fuad Qulubəyli- APA. “Biz dəfələrlə Ermənistanın işğal altında saxladığı və bütün beynəlxalq nəzarətdən kənarda qalan Azərbaycan torpaqlarında narkotiklər becərilməsi, bu ərazilərdən narkotiklərin daşınması və sərbəst dövriyyəsi üçün istifadə etdiyi barədə məsələ qaldırmışıq. Bununla bağlı kifayət qədər təkzibedilməz materiallar vardır və problem ABŞ-ın təhqiqat şəbəkələrinin mötəbər hesabatlarında da əksini tapıb”. APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasının plenar iclasında AŞ Nazirlər Komitəsinin sədrliyini icra edən Albaniya hökuməti baş nazirinin müavini və xarici işlər naziri Edmond Haksinastonun çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib. R. Hüseynovun “Narkotiklərin bütün Avropa və dünya üçün böyük təhlükə olduğunu nəzərə alaraq, Ermənistanın həyata keçirdiyi bu proseslərin qarşısını almaq üçün Nazirlər Komitəsi hansı təxirəsalınmaz tədbirləri həyata keçirə bilər?” sualına Nazirlər Komitəsi sədri belə cavab verib: “Birincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusu Avropa Şurası üçün daim diqqət mərkəzindədir. Doğrudur, məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Mİnsk qrupu vardır. Lakin Avropa Şurası, o cümlədən onun Nazirlər Komitəsi danışıqlar prosesinin aparılması üçün inam mühitinin yaradılmasına öz töhfəsini verməyə çalışır. Nəzərə alsaq ki, münaqişəni diplomatik vasitələrlə həll etmək hər iki ölkənin Avropa Şurası qarşısında götürdüyü vacib öhdəliklərdəndir, onda bu problemin daim gündəliyimizdə saxlanacağı da labüddür. Təbii ki, münaqişə tərəfləri arasında sülh bağlandıqdan sonra haqqında danışdığınız və digər bu qəbil bir çox məsələlər ətrafında müzakirələr aparmaq daha asan olacaq. O zaman Nazirlər Komitəsi də məsələyə daha geniş müdaxilə və kömək etmək imkanı əldə edəcək.

Azərbaycanlı deputatın Ermənistanın işğal altında saxladığı ərazilərdə narkotiklər yetişdirilməsi məsələsinə ayrıca münasibət bildirən Nazirlər Komitəsi sədri bildirib: “Qaldırdığınız ikinci problem haqqında ayrıca danışmaq istərdim. Narkotiklər məsələsi ümumavropa təhlükəsizliyi ilə birbaşa bağlıdır və Nazirlər Komitəsi bu qəbil cinayətlər, onların fəsadları ilə ardıcıl mübarizə xətti götürüb. Bizim fikrimizcə narkotiklər problemi təhlükəsizliyə qarşı ən böyük maneədir və onu aradan qaldırmaq səmtində fəaliyyətlərdə fasilə olmamalıdır. Nazirlər Komitəsinin bu qəbil cinayətlərə qarşı apardığı mübarizələr və gördüyü işlərin nəticələri bəllidir, bu istiqamətdə prinsipial mövqeyimiz bundan sonra da davam edəcək”.

26 İyun, 2012  20:50 Baxılıb: 974 Çap
Teqlər : Ermənistan , Qarabağ

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54