dini dwkan
RUS   |    AZE

"İranın vurulmasına 26 gün qaldı"

Ekspertlər yeni tarix açıqlayıb

Qərblə İran arasında nüvə proqramları ətrafında hər gün artmaqda olan gərginlik dünyanın əsas müzakirə mövzusu olaraq qalır. Xəbər verildiyi kimi, Birləşmiş Ştatlar Fars körfəzi regionuna böyük sayda hərbi qüvvə cəmləşdirməkdədir. Amerika hərbi dəniz qüvvələrinin sərəncamındakı ən yeni “Con Stennis” təyyarədaşıyan gəmisinin ardınca körfəzə nəhəng “Avraam Linkoln” və “Vudro Vilson” təyyarədaşıyan gəmi qruplaşmaları da göndərilib.

Onların hər birinin göyərtəsində 100-ə yaxın müxtəlif tipli hərbi təyyarə, minlərlə hərbçi var. Gəmilər “Tomoqavk” tipli ballistik raketlərlə də təchiz olunub. Həmçinin Birləşmiş Ştatların amfibiya-desant qruplaşması da bölgəyə göndərilib. “Makin Island ” desant gəmisinin başçılıq etdiyi qruplaşma ilə birlikdə 2 minə yaxın Amerika desantçısı da yer alır, həmçinin gəmilərin göyərtəsində hərbi təyyarə və vertolyotlar, yaxın məsafədən hədəfləri vura bilən artelleriya sistemləri, zenit-raket kompleksləri və digər silahlar var. Böyük Britaniya da bölgəyə ən yeni “Daring” esminetsini yola salıb. Gəmi yanvarın sonlarında Fars körfəzinə çatmalıdır.
“Əl-Ərəbiyə” kanalı isə xəbər verir ki, İsrailə minlərlə Amerika əsgərindən ibarət böyük kontingent daşınıb. Artıq İsrailə 9 mindən çox Amerika hərbçisinin gətirildiyi xəbər verilir. “Mossad”a yaxınlığı ilə bilinən “Debka” saytının xəbərində deyilir ki, İsrail ərazisində Amerika ordusunun komanda mərkəzi yaradılacaq. ABŞ silahlı qüvvələrinin Avropadakı qərargahı nəzdində isə İsrail ordu qərargahı fəaliyyət göstərəcək. Məqsəd Yaxın Şərqdə irimiqyaslı hərbi əməliyyatların başlaması halında birgə əməliyyat mərkəzinin fəaliyyətini təmin etmək, Amerika və İsrail ordularının vahid komandanlıq altında hərbi əməliyyatlar aparmasına nail olmaqdır. Saytın digər xəbərinə görə, ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahuya zəng edərək onunla İsrailin İrana qarşı mümkün hərbi əməliyyatları Amerika ilə koordinasiya etməsini müzakirə edib. Həmçinin Birləşmiş Ştatlar rəhbərliyinin Səudiyyə Ərəbistanı və bölgədəki digər ərəb müttəfiqlərinin də İrana qarşı mümkün hərbi əməliyyatlara dəstəyinə dair danışıqlar apardığı bildirilir.
Bölgədə artmaqda olan gərginlik fonunda ABŞ-ın başçılığı ilə Qərb koalisiyasının İrana qarşı hərbi əməliyyatlara başlaması bir çox ekspertlərə görə, qaçılmaz görünür. Hərçənd ki, Birləşmiş Ştatlar rəhbərliyi, Pentaqon İran məsələsində güc tətbiqinə deyil, diplomatik və iqtisadi sanksiyalara üstünlük veriləcəyini bildirir. Lakin Amerika rəhbərliyi və hərbi komandanlığı İranın hansı xətti keçəcəyi təqdirdə müharibənin başlayacağı haqda da xəbərdarlıq edib. Bu, dünya bazarlarına nəql edilən neftin əsas hissəsinin daşındığı Hörmüz boğazını bağlamaq cəhdidir. İran boğazı bağlayaraq dünya iqtisadiyyatını 24 saat ərzində çökdürə biləcəyini deyir. Yaxın həftələrdə Tehran bölgədə yeni irimiqyaslı dəniz təlimlərinə başlayacaq. Yanvarın 30-da isə Avropa İttifaqının İrandan neft idxalını dayandırmaq barədə əldə etdiyi razılaşmanı rəsmiləşdirəcəyi gözlənilir. Paralel olaraq ABŞ-da İranı ən zəif nöqtəsindən vurmaq üçün səyləri davam etdirir, bu ölkədən neft alan ölkələrlə danışıqlar gedir. İran bildirir ki, Hörmüz boğazını ona qarşı neft embarqolarına cavab olaraq bağlaya bilər. “Svobodnaya pressa” saytı yazır ki, bir çox rusiyalı ekspertlərə görə, məhz Aİ-nin İrana qarşı neft embarqosunu rəsmiləşdirəcəyi gün-yanvarın 30-da müharibə başlaya bilər. Belə ki, həmin gün İran Hörmüz boğazını bağlamağa cəhd edə və dərhal Amerikanın müdaxiləsi ilə qarşılaşar.
Lakin Hörmüz boğazında toqquşmalar məhdud xarakter daşımayacaq və ekspertlərə görə, sürətlə nəzarətdən çıxaraq irimiqyaslı müharibəyə səbəb olacaq. Hətta III dünya müharibəsinə. Belə ki, İrandan neft alan əsas ölkə olan Çin xəbərdarlıq edib ki, ABŞ və digər ölkə İrana hücum etsə kənarda dayanıb baxmayacaq və müharibəyə qoşulacaq. Rusiya da müharibənin başlamasından ən azı İran qədər narahatdır. Rusiyanın İrana qarşı mümkün hərbi əməliyyatlara qarşı özünün bölgədəki hərbi qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdiyi barədə xəbər verilib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib ki, onun qənaətinə görə, ABŞ İranı bombardman etməyə hazırlaşır. Rusiya XİN isə İrana qarşı yeni sanksiyaları bu ölkədə rejimin dəyişdirilməsi cəhdi adlandırıb.
Bu arada Amerikanın sanksiyalar çağırışına səs verən Yaponiya İrandan alınan neft həcmlərinin azaldılacağını bəyan edib. Bu barədə bəyanatla Yaponiyaya səfər edən ABŞ ticarət naziri Timoti Qaytnerlə görüşdən sonra maliyyə naziri Jun Azumi çıxış edib. Hazırda Yaponiya neft idxalının 10 faizi İranın payına düşür: “Biz bu 10 faizi mümkün qədər tez olaraq nizamlı şəkildə azaltmağı planlaşdırırıq”. Yaponiyadan fərqli olaraq Çin Amerikanın İran sanksiyalarına soyuq münasibət nümayiş etdirib. Qaytnerin Çinin İrandan neft idxalını azaltmasına dair Pekində apardığı danışıqlar isə nəticə verməyib. Bölgəyə səfər edən Amerikanın ticarət naziri sanksiyaların müvəffəqiyyətində beynəlxalq ictimaiyyətin vahid mövqedən çıxış etməsinin həll edici rolundan bəhs edib. O deyib ki, İranın neft maliyyə sisteminə təzyiq vasitəsilə ölkənin neftdən əldə etdiyi mənfəətin azaldılmasına nail olunmalıdır. İrandan böyük həcmlərdə neftlə qaz ixrac edən Türkiyə isə yalnız BMT sanksiyalarına əməl edəcəyini bildirib. ABŞ nümayəndəsi sanksiyaları Filipin və Tailandla müzakirə etdiyini bildirib. /Yeni Müsavat/

14 Yanvar, 2012  13:36 Baxılıb: 997 Çap

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54