dini dwkan
RUS   |    AZE

Bakıda Ramazan ovqatı hiss olunmur

Paytaxtın bar və restoranlarında günün istənilən vaxtında kef məclislərinə rast gəlmək olar, spirtli içkilər və donuz salası da öz yerində...

Mübarək Ramazan ayını yaşayırıq. Oruc tutmaq İslamın əsas şərtlərindən biridir. Müsəlmanlar orucu bir fayda təmənnasıyla deyil, ilk növbədə Allahın tövsiyəsi olduğu üçün tuturlar. Oruc nəfsi, iradəni, əxlaqı tərbiyədə mühüm rol oynayır. Tibbi cəhətdən də çox xeyirlidir. İl boyu durmadan işləyən həzm sistemi orucluqda sanki məzuniyyətə çıxır, dincəlir. Çörəyin, digər nemətlərin əsl dadını, gözəl ətrini duyuruq, dəyərini anlayır, ona bir əlavə kimi baxmırıq. Artıq Ramazan ayının beşinci günüdür. Bəs Azərbaycanda mübarək ayın kurallarına necə əməl edilir? Bizdə Ramazan ayı hiss olunurmu? Suallara cavab tapmaq məqsədilə iftar vaxtına 1 saat qalmış paytaxtın kafelərinə, restoranlarına yollandıq.

 

Baş çəkdiyimiz restoranlar, kafelər, şadlıq evləri bizi elə də təəccübləndirmədi. Çünki qarşılaşdığımız mənzərələri öncədən hardasa hiss etmişdik. İlk yollandığımız restoran adı dillərdən, reklamı televiziya çarxlarından düşməyən “Ay işığı” oldu. Restorana müştəri kimi daxil olduq. Bir az müşahidələr aparandan sonra administrator bizə yaxınlaşdı. Ayın 19-u üçün yer sifariş verməyə gəldiyimizi dedik. Ancaq orucluq olduğu üçün qərar verə bilmədiyimizi deyəndə administrator buna dərhal reaksiya verdi: “Ay xanım, orucluğun buna nə dəxli var? Siz ad günü keçirmək istəyirsinizsə, sizə şərait yaradırıq. Gəlin sizi yerlərlə tanış edim. Nə cür yer istəyirsinizsə birlikdə seçək. Beh qoyun, 19-u da gəlin”.
Biz içki olub-olmadığını soruşanda isə o bizə nümunələr göstərdi: “Gəlin bu stollara baxın. 25 nəfərlik stoldu. İçkisi də var, salası da. Yəni ki, istəkdən asılıdır. Orucluq olanda da olsun. Bu məsələlər problem deyil. Əsas restoranımız xoşunuza gəlsin. Bura Azərbaycanda öz sözünü demiş restorandır. Saat 20:30-da burada canlı şou proqram təşkil ediləcək. Proqramda Manana, Zamiq, Kamran Həsənli, Faiq Ağayev, Natavan və başqaları oxuyurlar. Bir sözlə hər şey əla olur”.
Qeyd edək ki, iftar süfrəsinə 30 dəqiqə qalsa da, burada əsl vur-çatlasın idi. Stolun üstünü spirtli içkilər bəzəyirdi.
Növbəti baş çəkdiyimiz restoran “Dan ulduzu” oldu. İçəri daxil oluruq. Bizə administrator yaxınlaşır. Ad günü keçirmək istəyimizi dedik. Ancaq öncə maraqlandıq ki, bura Ramazan ayı boyunca fəaliyyət göstərirmi? Adminstartor hər zaman işlədiklərini deyir: “Nə olmasından asılı olmayaraq restoranımızın qapısı müştərilərin üzünə həmişə açıqdır. Bir azdan burada canlı şou proqram da olacaq. Müştərilər adətən saat 9-a qədər gəlir. Gecə yarısınadək qədər burada oturub kef edirlər. Bizdə qiymətlər də yaxşıdır. İndinin özündə qonaqlarımız var. Necə lazımdır yeyib içirlər”.
Ətrafdakı stollara göz gəzdirdik. Stolların üstü pivə ilə dolu idi. Administartora iftar süfrələrinin açılması ilə bağlı sual verdik o, “hələ ki sifarişlər yoxdur” deyə bildirdi: “Bilirsiniz hələ 4-5 gündür orucluq başlayıb. Bəlkə başqa günlər sifariş verəcəklər. Bilmirik hələ. Ancaq son illər iftar sifarişləri daha da zəifləyib”.
Növbəti yollandığımız restoran “Neon” oldu. Burada da administratorla həmsöhbət olduq. O bildirdi ki, orucluqda sadəcə toy olmur: “Toydan başqa hər cür ziyafətlər təşkil edilir burada. Biz iftar süfrəsi vermirik. Çünki iki zalımız var. Biri böyük, biri də kiçik - yəni 200-250 nəfərlik. Bizim bu günlər ərzində 3-4 ad günü sifarişimiz var. Bizə necə sifariş edirlərsə, əməl edirik. Bütün sifarişlərdə içki də var”.
“Neolit” restoranında isə həm iftar, həm də adi qonaqlıqların təşkil etdiklərini deyirlər: “Bizə hər il iftar süfrələri sifariş edilir. Müəssisələrdən sifariş verirlər. Sifarişçi iş yoldaşlarını bura iftara gətirir. Ancaq bu o demək deyil ki, biz içkili stollar açmırıq. Bizə gələn sifarişə baxırıq. İçki deyirlərsə veririk. Bizim nə işimizə qalıb ki, kim içir? Özləri bilərlər. Ancaq bayram olduğu üçün endirimlər də edirik”.

 

Bəhs etdiyimiz restoranlarda reydlər aparandan sonra şəhərin mərkəzinə üz tutduq. Məlumdur ki, kafe və barların ən sıx yerləşdiyi yer 28 Maydır.
Burada ilk diqqətçəkən məqamdan biri “Neptun” diskotekasının qarşısında pilləkəndə oturub içki içən iki qadın oldu.
“Daşlı Qala” restoranından isə 2 sərxoş oğlan çıxır. Bununla da içəridə vəziyyətin nə yerdə olduğu bəlli olur.
“Cuhurasco Steak House”da vur-çatlasın idi. Qapıçıdan içəri keçmək üçün icazə istəsək də, mümkün olmadığını deyir: “Artıq yerlər tutulub”. İçəridə spirtli içki verilməsi və Ramazan boyu işləyəcəklərilə maraqlanırıq. Aldığımız cavab belə olur: “Heç görmüsünüz ki, içkisiz yer olsun? Ramazanın bizə nə aidiyyəti var? Kim istəyir iftarın açsın, axşam da buyursun bura gəlsin”.
Gəzib dolaşıb M.F.Axundov adına kitabxananın yanına çatırıq. Əks tərəfdə yerləşən “Cim-Bom” gecə klubunun qarşısındakı taksidə əllərində içki olan gənclər gözümüzə dəyir. Orucluqda klubun bu şəkildə işləməsi ilə bağlı onlara sual verirəm. Deyəsən müsahibimin orucluqdan anlayışı yox idi: “Orucluq? Orucluq nədir? Ya da bunun bizim kluba nə aidiyyəti var? Biz boş-boş işlərlə məşğul olmuruq. Nəyəsə görə də klubu bağlamaq fikrində deyilik”.

 

Apardığımız araşdırma bir müsəlman ölkəsi kimi Azərbaycanda mübarək Ramazan ayına münasibətin hansı səviyyədə olduğunu göstərdi. Halbuki qardaş Türkiyədə hər gün iftar süfrələri açılır və telekanallarda geniş translyasiya olunur. Bura baş nazir Rəcəb Tayyib Ərdoğanın iri şəhərlərdə açdığı ifrat süfrələri də daxildir. Bu ölkənin Ramazanla bağlı öz ənənələri var. Hər Ramazanda Türkiyənin böyük şirkətləri, kiçik ticarətçisi, əlində ac qarnı doyuracaq qədər pulu olan hər kəs əlbir olub yoxsullara, şəhid ailələrinə, imkansızlara iftar süfrələri açır. Bu məclislər iri çadırlarda, açıq havada qurulur ki, bu da insanların müqəddəs ayda birliyinin göstəricisi sayılır.
Qardaş ölkədə maraqlı bir kampaniya da var. Hər kəs iftarı harada açmasından asılı olmayaraq öncədən hamıya bəlli nömrələrə zəng etməklə özünə iftar sifariş verə bilər. Bunun üçün xüsusi ayrılmış məkanlarda yemək menyu üzrə hazırlanaraq qablaşdırılır. Azərbaycanda da belə ənənələrin formalaşması gözəl olardı. Allaha da xoş gedərdi ki, heç olmasa 11 ayın 1 ayında hər kəs nəfsinə sahib çıxıb içkidən uzaq, ac, yetim qarnı doyuraydı, nəinki biriləri azan səsindən sonra orucunu açanda o da restoranda, barda eyş-işrətlə məşğul olaydı...  /Yeni Musavat/

15 Avqust, 2010  20:46 Baxılıb: 1303 Çap
Teqlər : Ramazan , Bakı

Bu bölmədə


Bizi izləyin!
Xəbər lenti

4 Dekabr, 2016  17:40





8 Oktyabr, 2016  19:40



4 Oktyabr, 2016  20:49






24 Sentyabr, 2016  19:54