»»

Həzrət Əbül-Fəzl Abbas Imam Sadiqin (ə) dilindən

İmam Sadiq (ə) əmisi Abbası hörmətlə ya edir, ona salam göndərir və onu gözəl ifadələrlə tərif edirdi. Onun Aşura günü göstərdiyi qəhrəmanlıqları dəyərləndirir və bunları əzəmətlə yad edirdi. Həzrətin (ə) Abbas haqqında işlətdiyi ifadələrdən biri də budur:

Əmim Abbasın iti bəsirəti və möhkəm imanı var idi. Qardaşı Hüseynlə (ə) birgə cihad etdi. İmtahandan da yaxşı çıxdı və dünyadan şəhid getdi...1

İmam Sadiqin (ə) Abbasda olan heyrətləndirici bir xüsusiyyət bəyan edir. O da Əbül-Fəzlin iti bəsirət və ayıq-sayıqlığıdır. Bu sifət fikrin möhkəmliyi deməkdir. Bu elə bir sifətdir ki, ruhunu təmizləyən, niyyətini xalis edən, qürur və nəfsani istəkləri özündən uzaqlaşdıran və onların hakimiyyətindən uzaq olan kəslərdən başqa heç kəs bu sifəti ələ gətirə bilmir. Bu ayıq-sayıqlıq Əbül-Fəzlin ən aşkar xüsusiyyətlərindəndir. Bu həmin sifətdir ki, Əbül-Fəzl bu sifət səbəbinə öz hidayət imamı olan Həzrət Hüseynə (ə) tabe olaraq ayağa qalxdı, bununla da şərəf və kəramət qülləsinə ucaldı. Beləliklə də özünü tarixin səhifələrində əbədiləşdirdi. Əgər insani dəyərlər özü üçün nəzərdə tutulmuş bir məqamdadırsa, insanlar da bu dəyərlərə qiymət verirsə, insaniyyət qülləsinə çatmış Həzrət Əbül-Fəzlin qarşısında təzim etməkdən başqa bir çarə qalmır.

İmamın (ə) Əbül-Fəzl barəsində buyurduğu sifətlərdən biri də Həzrət Abbasın möhkəm imanıdır. Həzrətin möhkəm imanının nişanələrindən biri də Allahın razılığını qazanmaq üçün İmam Hüseynin (ə) yanında cihad etməsidir. Həzrət Əbül-Fəzlin Aşura günündə oxuduğu rəcəzlərdən məlum olur ki, onun fədakarlığı qəti surətdə maddi mənafeyə görə olmayıb. Bu Abbasın imamının möhkəm olmasına ən yaxşı sübutdur.

İmam Sadiqin (ə) Kərbəla qəhrəmanı əmisi Abbas haqqında saydığı fəzilətlərdən biri də İmam Hüseynlə (ə) birgə cihad etmək sifətidir. Bu cihad şəhidlər sərvəri, Peyğəmbər (s) nəvəsi və cənnət cavanlarının seyyidi olan İmam Hüseynin (ə) əmrilə gerçəkləşmişdir. Qardaşının məqsədləri uğrunda cihad etmək Həzrət Əbül-Fəzlin əldə etdiyi böyük bir fəzilətdir. İmtahandan çox gözəl çıxdı, Aşura günü öz qəhrəmanlıqlarını göstərdi. O, qəhrəmanlı və şücaət aləmində misilsiz bir şəxsiyyət idi.

1Zəxirə əd-dareyn, s. 123, Ümdə ət-talib kitabından nəqlən

Tərcümə etdi: Fərhad Mirzə

Рейтинг

В этом разделе