»»

Qədir-xum hədisi və qəribə bəhanələr (2-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Şübhəsiz heç kəs Hz. Peyğəmbərdən (s) üstün deyil. Heç kəs müqəddəs İslam dini üçün Peyğəmbərdən (s) çox zəhmət çəkmədi. İslam dininin təməlini qoydu. Dinin təkmilləşməsi üçün bütün əziyyətlərə qatlaşdı. Bu yolda hətta müxtəlif işgəncələrə məruz qaldı.

Ömrünün sonları idi. Haqq-təaladan vəhy gəldi;

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq…!” [Maidə surəsi, 67-ci ayə]. Haqq-təala Peyğəmbərə buyurdu ki, “Əlinin (ə.s) vilayətini camaata çatdırmalısan”, əks-təqdirdə (yəni: vilayəti elan etməzsən, din üçün) heç bir iş görməmisən. Bu, həmçinin möminlərə və müsəlmanlara da bir mesaj (xəbərdarlıq) idi. Yəni ey Möminlər! əgər Əlinin vilayətini qəbul etməzsəniz, heç bir iş görməmiş olursunuz! Çünki, vilayətsiz din, naqisdir. Naqis din isə camaatı hidayət edə bilməz. Onları səadətə çatdıra bilməz.

“…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” [Maidə surəsi, 3-cü ayə].

Deməli mərhum Səffar Muhəmməd ibn Həsənin “Bəsairud-dərəcat fi fəzaili Ali Muhəmməd” kitabında nəql etdiyi hədislərin Quran mənşəli olduğu hər kəsə məlum olmalıdır. Əgər bir insan həzrət Nuh (ə) qədər ömür etsə və “rükn” və “məqam” arasında bir ömür səcdə (ibadət) etsə, Amma Əhli-beytin məhəbbətini və vilayətini qəbul etməsə heç bir iş görməmişdir. Çünki, ayəyə əsasən vilayətsiz din, dinsizliyə bərabərdir. “Müstədrəkul-vəsail və mustənbətul-məsail” kitabında bu barədə bir fəsil də var: (بَابُ بُطْلَانِ الْعِبَادَةِ بِدُونِ وَلَايَةِ الْأَئِمَّةِ ع وَ اعْتِقَادِ إِمَامَتِهِم‏) Qeyd edim ki, fiqhi nöqteyi nəzərdən onların ibadəti səhihdir. Yəni qəzası və kəffarəsi yoxdur. Cəhənnəmə getməyəcəklər. Çünki, İslam dininin əhkamı əsasən asanlıq prinsipi üzərində qurulub. Amma həmin ibadətlər Allah dərgahında qəbul olmaz. Yəni cənnətə daxil olmalarına rəğmən Allah onlara ali dərəcələri nəsib etməz. Əlavə edirəm ki, əməlin səhihliyi (dürüst olması) fiqhi məsələdir. Amma əməlin qəbul olması “Teologiya” (İlahiyyat) elminə aiddir və fiqhin mövzusundan xaricdir. Bu fərq üsul kitablarında izah edilmişdir. Digər bir mühüm məsələni də oxucuların nəzərinə çatdırıram ki, bəzi alimlərin fikrincə “vilayət”-in dərəcələri var. Minimum dərəcə (bu sahədə, yəni əməllərin qəbulu üçün lazım olan ən aşağı dərəcə), Əhli-beytə (ə) məhəbbət bəsləməkdir. Sünnilər isə vilayətin minimum dərəcəsini əldə etmişlər. Beləliklə aydın olur ki, hal-hazırda dünyada sünnilərin böyük bir qismi “vilayət” əhlidir.

Hz. Peyğəmbərdən (s) sonra münafiqlər nə etdilər?

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq…!” [Maidə surəsi, 67-ci ayə].

Bu ayədən də göründüyü kimi Hz. Peyğəmbər (s) bu İlahi hökümün camaata necə çatdıracağına görə nigaran idi. Çünki, qorxurdu ki, bəziləri onun müqabilində dayanıb, Əlinin vilayəti ilə müxalifət edərlər. Bu üzdən ayə nazil oldu ki, “Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan”. Sonra Peyğəmbərə zəmanət verildi ki, “Allah səni insanlardan qoruyacaq…!”  Hz. Peyğəmbərin (s) qorxusu ona görə idi ki, o, Hz. Əlini xəlifə təyin etdikdə camaat onu təkzib edər:-bu höküm Allah tərəfindən deyil-deyərək fitnə-fəsad yaradardı. Çünki, camaat cahiliyyət dövründən yenicə ayrılmışdı. Yenicə küfrü buraxıb müsəlman olmuşdular. Əgər Hz. Peyğəmbər (s) Əlinin (ə.s) xəlifəliyini elan etsəydi, “əmisi oğlunun xeyirinə danışdı”-deyəcəkdilər! [əl-Ğədir, 1-ci cild, səh: 51]. Başqa rəvayətdə bildirilir ki, Peyğəmbər (s) buyurdu:
İlahi! Mən təkəm, nə edim? Camaat mənim əleyhimə qalxacaq! [əl-Ğədir, 1-ci cild, səh:434].

Bütün bunlar göstərir ki, müsəlmanların arasında münafiqlər var idi və onların sayı və nüfuzu az deyildi. Yəni sayları və nüfuzları ilə hətta Peyğəmbər (s) üçün təhlükə yaratmaq iqtidariyyətində idilər!

Elə bir şəxslər ki, Hz. Peyğəmbərin (s) ömürünün sonlarında Zirar məscidini yığışardılar. Həzrət O məscidin sökülməsinə əmr verdi. Onlar həzrəti Təbuk döyüşündə terror edib öldürməyi planlaşdırmışdı. Onlardan biri, Hz. Peyğəmbərin (s) vəfatından sonra fitnəkarlıqla Hz. Əliyə (ə.s) dedilər ki, “gəl sənə beyət edək”, “istəyirsənsə, mən Mədinəni piyada və süvarilərlə dolduraram”. Hz. Əli (ə.s) uzaqgörənliyi nəticəsində onların məşum planlarını başa düşmüşdü. Ona görə onlara belə cavab verdi: “sən bu təklifi məhz fitnəkarlıq etmək üçün edirsən. Allaha and olsun ki, sən çoxdan İslamın əleyhinə plan hazırlayırsan. Sənin xeyirxahlığına ehtiyacımız yoxdur” [Tarix-i Təbəri, 3-cü cild, səh: 209]. Başqa bir qrip isə gözləyirdi ki, Hz. Peyğəmbərin vəfatı zamanı həssas şəraitdən və bəzi insanların hakimiyyət başına keçmək həvəsindən sui-istifadə edib, yenidən küfrü hakim etsinlər. Hz. Əli (ə.s) bu barədə buyurur: “Allaha and olsun ki, müsəlmanların arasında təfriqə yaranacağından, müsəlmanların küfrə qayıdacağından və İslamın aradan qalxmasından qorxmasaydım, onlarla indi davrandığım kimi deyil, başqa cür davranardım” [Nəhcül-bəlağə-nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh: 307]

Belə bir qəribə sual yaranır ki, sayca çox olan nüfuzlu münafiqlər Peyğəmbərdən sonra nə etdilər? Niyə görə tarixdə onlardan söz açılmayıb?! Aya hamısı qəfildən müsəlman oldular!? Yaxud xüləfa camaatı Hz. Peyğəmbərdən (s) yaxşı idarə etdiyindən münafiqlərin heç bir planı həyata keçmədi!? Yaxud onlar insanları hidayət etməkdə Hz. Peyğəmbərdən (s) çox bacaracaqlı və müvəffəq idilər!?

Təbii ki, cavabların heç biri doğru deyil. Yenə sual yaranır ki, Hz. Peyğəmbərdən (s) sonra üç xəlifənin xilafət etdiyi dövürdə münafiqlərin, din əleyhinə əməllərindən heç bir əsər-əlamət yoxdur; bunun sirri nədir!?

Əslində Hz. Peyğəmbərdən (s) sonra (yəni üç xəlifənin xilafət dövründə) münafiqlərin sükutu və onların Hz. Əlinin (ə.s) xəlifəlik dövründəki itaətsizlikləri bu suala cavab ola bilər!

Maraqlıdır ki, Əhli-sünnə Peyğəmbərdən (s) sonra, (sayı yüz mindən çox olan) bütün səhabələri ədalətli sayırlar. Onlardan bəzisi (münafiqlər) barədə Qurani-Kərimdə onlarca ayə nazil olub, onları məzəmmət edib!! Bəzi Əhli-sünnə təmsilçiləri salavat deyərkən “cəmiən” kəlməsini də səhabə sözünə əlavə edir ki, münafiqlərə də şamil olsun!!

İmamətə etiraf edə-edə onunla müxalifətçilik etdilər!

Qədir-xum hadisəsi qəribə hadisədir. Hz. Peyğəmbərin (s) səhabələri Qədir hədisisnin İmam Əlinin (ə.s) imamətinə dəlalət etdiyinə etiraf etmələrinə baxmayaraq, əməldə müxaliflik etdilər, bir neçəsinin adını qeyd edirik:

İkinci xəlifə. O, Əlini (ə.s) Qədir-xumda imam seçildiyinə görə ilk təbrik edənlərdən idi. Maraqlıdır ki, Ömər ibn Xəttabdan rəvayət nəql edirlər ki, Hz. Peyğəmbər (s) Əli (ə.s) barədə buyurdu:

 من کنت مولاه فعلی مولاه اللهم وال من والاه و عاد من عاداه و اخذل من خذله و انصر من نصره

Sonra Hz. Peyğəmbər (s) buyurdu: “İlahi! Sən bunlara şahidsən. Ömər Hz. Peyğəmbərə (s) dedi: “Ya rəsulullah! Yanımda xoşməənzər və gözəl qoxulu bir gənc var idi, mənə dedi: ey Ömər! Hz. Peyğəmbər (s) elə bir əhd-peyman bağlamışdır ki, münafiqdən başqa onu heç kəs sındırmaz!” Hz. Peyğəmbər (s) buyurdu: “Ey Ömər! O Adəm övladı deyildi, O Cəbrayıl idi…” [Yənabiul-məvəddət, səh: 249].
Ömər, İbn Abbasa deyərdi: “Əli xəlifəliyə məndən də Əbu Bəkrdən də daha layiq idi. Xilafət Əlinin haqqı idi. Amma cavan olduğu üçün və kafirlərin qanını tökdüyü üçün xilafətdən uzaqlaşdırıldı”!! [Kənzul-uəmmal, 6-cı cild, səh: 314].

Müaviyə ibn Əbi Süfyan. O Qədir-xumun və Hz. Peyğəmbərin (s) sözlərinin şahidi idi. Müğəyrət ibn Şöbə-nin çiyininə söykənmiş halda dedi: “Nə Əlinin vilayətini qəbul edirəm, Peyğəmbərin sözlərini”!! Çünki, o xəbis, açıq-aşkar Hz. Əliyə (ə.s) ədavət bəsləyirdi. [Şəvahidut-tənzil li-qəvaidit-təfzil, 2-ci cild, səh: 295]

Bu hadisədən sonra Cəbrail nazil oldu və aşağıdakı ayələri gətirdi:
“Beləliklə, o nə təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!” [Qiyamət surəsi, 31-35-ci ayələr].

Əmr ibn As-ın qəribə etirafı:

O Ərəbin hiyləgər siyasətçisi idi. Atası Quranın açıq-aşkar bildirişinə əsasən “əbtər” adını almışdır. Hz. Əli (ə.s) onu cahiliyyət dövründə və İslamda Muhəmməd (s) və Əhli-beytinə (ə) nalayiq sözlər deyən “əbtər ibn əbtər” adlandırmışdı. Anası barədə heç bir şey demək istəmirəm!! [məlumat üçün: Tarix-i Yəqubi, 2-ci cild, səh: 198-ə müraciət edin]. O hicri təqviminin 43-cü ilində Hz.Əlinin (ə.s) şəhadətindən üç il sonra dünyadan köçdü. O, Hz.Əlinin (ə.s) şəhadətindən sonra Müaviyə ilə qabaqcadan razılaşdıqlarına əsasən Misirin əmiri oldu və Misirin xəracını Müaviyəyə göndərmədi. Müaviyə ona məktub yazdı və ondan istədi ki, xəracın göndərilməsinə mane olmasın. Əmr ibn As Müaviyənin cavabında müfəssəl bir qəsidə yazdı. Qəsidə 60 beytdən çox idi. O qəsidə “cəlcəliyyə” adıyla məşhurdur. O qəsidədə Hz.Əlinin (ə.s) fəzilətlərini, Qədir hədisini, Əlinin əleyhinə etdiyi hiyləgərlikləri, Müaviyəyə xidmət etməsini və onun hökumətinə zəmin yaratmasını nəzmə çəkmişdir. [əl-Ğədir, 2-ci cild, səh: 117. İbn Əbil-Hədid də bu şerin bir hissəsini Nəhcül-Bəlağənin şərhində nəql etmişdir. 2-ci cild, səh: 522].

Həssan ibn Sabit

O şairdir. Qədir-xumda iştirak etmişdir. Hz. Peyğəmbərdən (s) icazə aldı ki, bu barədə şer desin. Həzrət ona icazə verdikdə o, Qədir-xum hadisəsi barəd şer yazdı. [əl-Ğədir, 2-ci cild, səh: 34]. Həssan Peyğəmbərdən (s) sonra Hz. Əlidən (ə.s) üz çevirdi və Əlinin Müxaliflərinə (Osmana) qoşuldu. Hətta Hz. Əlinin (ə.s) zahiri xilafət dövründə belə ona beyət etmədi... [Tarix-i Təbəri, 5-ci cild, səh: 231; Qamus-ur-rical, 3-cü cild, səh: 173].

Maraqlıdır! Hz. Peyğəmbər (s) canişinsiz dünyadan getdi!

Qədir-xum hadisəsi İmam Əlinin (ə.s) vilayətinə açıq-aşkar dəlalət etməsinə baxmayaraq, Qədir-xum hadisəsinin müxalifləri çarəsizlikdən “Hz. Peyğəmbər (s) canişin təyin etmədən dünyasını dəyişdi”-dedilər! Tarix boyu heç bir rəhbər ümmətini rəhbərsiz qoyub getməmişdir. Xüsusilə də Hz. Peyğəmbər (s), camaatın bütün əhkamını, insan həyatının bütün cüzvi məsələlərini bəyan etmişdir. Məs: Alverdə şahid tutmaq, uşaqların valideyn otağına girərkən icazə alması, məclislərə yeni daxil olanlara yer vermək və buna bənzər məsələləri izah etmişdir. Necə ola bilər ki, İslamın bəqası və ümməti ayaq üstə saxlaya bilən yeganə şey (alternativiv olmayan), imamət kimi mühüm bir məsələdə səhlənkarlıq etsin!? Ağılı, zəkası və ümmət üçün ürək yandırmasında misilsiz olan bir Peyğəmbər özündən sonra ümməti başsız qoyarmı!?

Məhz bu səbəbdən Ömərin qızı Həfsəyə xəbər çatdı ki, atası canişin təyin etməyəcək, atasına dedi: “Əgər sənin qoyunlarını otaracaq bir çobanın olsa və o, qoyunları başlı-başına buraxıb gedərsə çobanı təqsirləndirəcəksən. Camaat heyvanlardan da önəmlidir! (yəni məbada) camaatı canişinsiz qoyub gedəsən”. Aişə Ömərə xəbər göndərdi: “Muhəmmədin (s) ümmətini rəhbərsiz qoyma... Mən onlara üz verəcək fitnədən qorxuram” [əl-İmaməti vəs-siyasət, səh: 22; Əlamun-Nisa, 2-ci cild, səh: 786].

Burada şeyx Muhəmməd Əbduhdan nəql olunan bir əhvalatı qeyd etmək istəyirəm. O müsahibələrin birində deyir: “Həqiqəti mənə açan və məni Əhli-beytin vilayətinə qovuşduran yeganə hadisə bu oldu ki, bir gön qohumlarımın mağazası önündə oturmuşdum, mağazanın yiyəsi nəvələrindən birinə dedi: “Mənim əvəzimdə mağazada qal ki, mən əsr namazımı qılmağa gedirəm”- bu hadisə məni fikirləşməyə vadar etdi, fikirə daldım. Necə ola bilər ki, bir mağazaçı namaz qılmağa gedərkən mağazasını yiyəsiz qoymur, amma Peyğəmbər (s) ümmətini canişinsiz qoyub birdəfəlif çıxıb gedir!? Heç vaxt belə ola bilməz!” [Negəreşe no be ğədir, səh: 598].

Bütün bunlar yetmiş gün ərzində baş verdi!?

Qədir-xum hadisəsi (zilhiccənin 18-i Əlinin (ə.s) imamlığa seçildiyi gündən) ilə Hz. Peyğəmbərin (s) vəfatı (yəni səfər ayının 28-i) arasındakı fasilə yetmiş gündən çox deyil. Qədir-xumda iştirak edən on minlərcə şəxs necə ola bilər ki, o camaatın hamısı Qədir-xumu unutdular və Hz. Peyğəmbərdən (s) üz çevirdilər!? Bu acı həqiqət o qədər təəccüblüdür ki, Qədir-xumun bəzi münkirləri bu müəmmanı həll etmək üçün həqiqətləri təhrif etdilər və Qədir hədisinin mötəbərliyinin və dəlalətinin zəif olduğunu iddia etdilər!

Əllamə Şərəfuddin deyir: “sizin dəlillərinizi gördükdə çaşıb qalıram. Bir tərəfdən sizin dəlillərinizin qətiliyini görürəm. Əhli-beytə baxıram, Hz. Peyğəmbərin onlara verdiyi dəyəri görürəm. Digər tərəfdən əhli-qibləyə (müsəlmanlara) baxıram. Onların çoxunun Əhli-beytlə (ə) davranışlarının dəlillərlə uyğunsuzluğunu görürəm. Mən özümü də iki nəfər görürəm. Bir “mən” dəlillərin ardıncadır. Digər “mən” isə əhli-qiblənin əksəriyyətinin ardınca. Birinci “mən” sənin ardıncadır. İkinci “mən” itaətsizlik edir” [əl-Muraciat, 11-ci muraciət, səh: 32]

Lakin siyasi məsələlərdən, məxsusən hökumət və rəhbərlikdən azacıq məlumatı olan hər kəs belə fikirlərin fərdlərin ruhiyyəsinə necə nüfuz etdiyini və onların yersiz təəssüb və azğınlıqlarını çox yaxşı bilir. Belə ki, hətta din və iman belə onların səhv yol seçmələrinin qarşısını ala bilmədi! Məxsusən Hz. Əlinin (ə.s) əleyhinə qalxan həsəd və intiqam hissi ilə camaat həm də nüfuzla şəxslərə tabe oldular. Həmin şəxslər Hz. Peyğəmbərin (s) müqabilində özlərinə ictihad haqqı qail idilər! Çoxlu tərəfdar topladılar. Camaat da imanlarının zəif olması və yenicə müsəlman olduqlarına görə onlara itaət etdi. Bəziləri isə müxalifət etdikdə təhdidlər eşitdilər və işgəncələr gördülər.

Hz. Peyğəmbərin (s) sözləri bir cümlə deyil, bir xütbə idi!

Adətən Qədir-xum hadisəsini bir cümlə və bir dua ilə tanıtdırırlar və deyirlər Hz. Peyğəmbər (s) buyurdu: من کنت مولاه فعلی مولاه اللهم وال من والاه و عاد من عاداه Halbuki əzəmətli Qədir-xum hadisəsini bir cümlə ilə izah etmək aqilanə deyil, çünki, Peyğəmbər (s) on minlərlə insanı qızmar günəş altında toplayıb iki cümlə deməsi (iki cümlə ilə kifayətlənməsi) mümkünsüzdür!

Hz. Peyğəmbər (s) müfəssəl bir xütbə oxudu. Öncə qalxıb həmd-səna etdi. Allahı zikr etdi, moizə etdi və camaata Allah istəyəni buyurdu.

Bəzi rəvayətlərdə var ki, Hz. Peyğəmbər (s) xütbə oxudu, Allaha and olsun ki, qiyamətə qədər baş verəcək şeylərin hamısını bizə xəbər verdi. [əl-Ğədir, 2-ci cild, səh: 31-34]. Qədir-xum hadisəsi və Hz. Peyğəmbərin (s) xütbəsi Əhli-beyt (ə) rəvayətlərində müfəssəl şəkildə zikr olunmuşdur. Ətraflı məlumat üçün “Təbərisi, Ehticac, 1-ci cild, səh: 66; Əlfeyn və Biharul-ənvar, 37-ci cild, səh: 201-ə müraciət edin”

Məqul (ağılabatan) irad və naməqul yozum!

Bəzi Əhli-sünnə alimləri, Əhli-sünnənin Qədir hədisini yazarkən etdiyi təhriflərin fərqinə varmışdır. Əhli-sünnə alimləri deyir: من کنت مولاه فهذا علی مولاه cümləsinin mənası belədir: Mən hər kəsin dostuyamsa Əli də onun dostudur. Deməli Hz. Peyğəmbər (s) Əlini camaata dost kimi tanıtdırmışdır. Halbuki bu, Hz. Əli (ə.s) üçün üstünlük sayılmır. Yaxud hədisin mənası belə olur: Əli də mənim kimi sizi sevir (sizi özünə dost bilir), onu (Əlini) sevin. Bir kəsi sevdirmək üçün adətən belə bir üslubdan istifadə olunmur. Bu səbəbdən İbn Həcər belə bir təfsirin iradını anlayıb hədisi belə təfsir etmişdir ki, mövla sözü “məhbub” mənasını daşıyır. Mən hər kəsin məhbubuyamsa Əli də onun məhbubudur!

Bu təfsir də səhvdir. Çünki, mövla sözü lüğətdə məhbub mənasında işlənməyib. Muhibbuddin Təbəri (əhli-sünnət alimidir) qeyd etdiyimiz təfsirin səhv olduğunu anlayıb deyir ki, mövla döst mənasında işlənə bilməz (hədisdə). Maraqlıdır ki, özü  imaməti Əlidən uzaqlaşdırmaq üçün hədisi belə təfsir edir:

 Mən kimin dostuyamsa, dosluğun yolu və haqqı budur ki, Əlini də özünə dost saysın! Çünki, Əli, Hz. Peyğəmbərin (s) qohumudur və islam onu təsdiqləmişdir. [əl-Məsdər, 1-ci cild , səh: 205. “Əqəbatul ənvar fi imaməti əimmətil əthar”, 10-cu cild, səh: 410-dan iqtibas olmuşdur].

Biz insaflı insanları mühakimə yürütməyə çağırırıq! Görəsən hansı amillər bais olub ki, hədisin zahiri mənasından üz çevirir və özlərini zəhmətə salırlar!?

“Mövla” sözünü dost və məhəbbətə yozanlar Əlini (ə.s) sevdilərmi!? (onu dost bilib məhəbbət bəslədilərmi!?)

Əhli-sünnə alimləri Qədir-xum hədisindəki “mövla” sözünü “dost” mənasına yozurlar. Guya Hz. Peyğəmbər (s) camaatı Hz. Əlini (ə.s) sevməyə dəvət etmişdir.

Hədisi belə yozmağın səhv olduğu hər kəsə aydındı. Cəmiyyəti o şəraitdə toplayıb, ayələri oxumaq, çoxlu təkidlər etmək, camaatdan beyət almaq və sair kimi əlamətlər “dost” mənası ilə deyil, “imam” mənası ilə uyğun gəldiyini bildirir.

Amma tutaq ki, Hz. Peyğəmbər (s) “dost” mənasını qəsd etmişdi, camaatı Əlini sevməyə dəvət etmişdi. Qədir-xumda iştirak edənlər və Əlini (ə.s) təbrik edənlər onunla dost oldularmı!? Ona məhəbbət bəslədilərmi!?

İslam tarixi şahiddir ki, müsəlmanlar bu əhd-peymana da vəfa qılmadı. Hz. Peyğəmbərin (s) vəfatından sonra Əlinin (ə.s) evinə hücum çəkdilər. Onlardan biri qışqırdı ki, Beyət etmək üçün evdən çıxın! Evdən çıxmasanız, Allaha and olsun ki, evi yandıracam!

Hansı ev!? Söhbət vəhy evi, Hz. Əlinin (ə.s), Hz. Fatimənin (s.ə) və imam Həsən və imam Hüseynin evindən gedir!

Əbul-Həsən Məsudi yazır: “Əlinin evinə hücum etdilər. Evin qapısını yandırdılar. Əlini zorla evdən çıxardılar. Hz. Zəhranı (s.ə) evin qapısı ilə elə sıxdılar ki, bətnindəki uşaq (Möhsin) siqt oldu. Əlini beyət etməyə vadar etdilər (məcbur etdilər). Əli dedi: “beyət etmirəm”!, dedilər “səni öldürərik…!” [İsbatul-vəsiyyəti lilimam Əli ibn Əbi Talib, səh: 146]

فوجهوا الى منزله فهجموا عليه، و أحرقوا بابه، و استخرجوه منه كرها، و ضغطوا سيّدة النساء بالباب حتى اسقطت (محسنا) و أخذوه بالبيعة فامتنع و قال: لا أفعل. فقالوا: نقتلك.

Hz. Əlinin (ə.s) xilafət dövründə Cəməl əshabı və Müaviyənin əshabı, şam qoşunu və onlarla birlikdə gələn səhabələr Əli (ə.s) ilə müharibə etmək üçün gəlmişdilər. Müaviyənin belə davranması mütəmadi olaraq davam edirdi. Bütün islam məmləkətlərində Əlini lənətləmək və söyməyə başladılar. Şiələri döymək, işgəncə etmək və öldürməklə o həzrətin davamçılarını məhv etmək istəyirdilər. Eyni ilə müasir dövrün təkfirçi sələfiləri kimi davranırdılar!

Əlini sevmək, ona məhəbbət bəsləmək, onu dost saymaq kimi Peyğəmbərin (s) sifarişlərinin cavabı bu idimi!?

İndi necə, Əhli-sünnə alimləri Əlini (ə.s) və tabeçilərini sevir və düşmənlərinə lənət oxuyurmu!?

Sünnilər dini məxəzlərində, dini elmlərin (Təfsir, hədis, fiqh, rical və…) mənbələrinin hamısında Əlinin (ə.s) düşmənlərinə müraciət olmuş və həzrətin düşmənələrini (nasibilər) tərifləmişlər! Bunun necə əsaslandırırlar!?

Şiələr yuxarıda qeyd etdiyimiz hadisələrə əsasən “bəzi səhabələr”-i lənətləyir. Sünnilər cavabında; “səhabələrin hamısı ədalətlidir, onları lənətləmək caiz deyil”- deyə reaksiya göstərirlər. Amma həmin sünnilər yüz il Əlini (ə.s), Hz. Peyğəmbərin (s) ən yaxın və sevimli səhabəsini lənətlədilər! O zaman bircə nəfər qalxıb demədi ki, Əli (ə.s) səhabədir, səhabələri lənətləmək olmaz! Bəziləri qorxudan dedi, bəziləri qorxmadan dedi. Amma dili kəsildi!

Əllamə Səqqaf (əhli-sünnə alimlərindəndir) yazır: “Əhli-sünnə Hz. Peyğəmbər (s) xanədanına məhəbbət bəsləməyi açıq-aşkar qəbul etmişlər. Amma bu məsələ məhz bir nəzəriyyə kimi qaldı. Təəssüflər olsun ki, sünnilərin bəzisi buna əməl etmədi” [Səhihu şərhil əqaidit-Təhaviyyə, səh: 656].

Qəzalidən nəql olunur ki, Yəzid ibn Müaviyəni lənətləməyi caiz bilmirdi. Əlbəttə qeyd edir ki, Yəzid lənətə layiqdir. Amma Yəzidi lənətləmək, onu xəlifə edəni də lənətləmək deməkdir. Deməli Müaviyə də lənətlənməlidir. Sonra Müaviyənin xilafəti üçün zəmin yaratdığına görə Osmanı da lənətləməliyik. Osmanı Ömər təyin etdi. Öməri isə Əbu Bəkr təyin etdi. Deməli bunlar hamısı lənətlənməlidir. Yaxşı olar ki, Peyğəmbərin (s) “səhabələri” ilə hörmətlə davranaq, onlara ehtiram edək. O üzdən, hətta Yəzidi də lənətləməyək. Çünki, Yəzidi lənətləsək, Yəziddə qalmayıb ondan yuxarılara da gedib çıxa bilərik! [Şərhul-məqasid, 5-ci cild, səh: 311]

فإن قيل: فمن علماء المذهب من‏ لم‏ يجوز اللعن‏ على يزيد مع علمهم بأنه يستحق ما يربو على ذلك و يزيد. قلنا: تحاميا عن أن يرتقى إلى الأعلى فالأعلى، كما هو شعار الروافض على ما يروى في أدعيتهم و يجري في أنديتهم‏

Hz. Peyğəmbərin (s) nəvəsi Hz. Hüseyni facilə şəkildə qətlə yetirən məlun Yəzidə “Əmirəl-möminin” dedilər! Onu lənətləmək əvəzinə mədh etdilər! Hz. Əlini isə Hz. Peyğəmbər (s) - “O əmirəl-müminindir, onu təbrik edin, ona əmirəl-möminin deyib salamlayın” – buyurduğu halda onunla müharibəyə qalxdılar və lənətlədilər!!

Ey Əbu Hüreyrə! Əlinin düşməni ilə düşmənçilik etdinmi!?

Hz. Əli (ə.s) Müaviyəyə məktub yazdı. Məktubu Əsbəğ ibn Nəbatədən göndərdi. Əsbəğ deyir: Müaviyənin yanına getdim, gördüm onun yanında bir neçə nəfər var. Əmr ibn As, Vəlid və Əbu Hüreyrə də orada idi. Müaviyə məktubu oxuyub dedi: Əli Osmanın qatillərini bizə təhvil vermir. Əsbəğ deyir ki, ona dedim: Ey Müaviyə! Osmannın qanını bəhanə etmə. Sən hökumət istəyirsən. Əgər Osmana kömək etmək istəsəydin, Osman diri ikən ona kömək edərdin. Onun ölməsinə şərait (zəmin) yaratdın ki, öz hökumətini qurasan. Müaviyə əsəbləşdi. Mən onun hirsini artırmaq üçün Əbu Hüreyrəyə dedim: Ey Peyğəmbərlə birlikdə olan! Səni and verirəm Allaha, Qədir-xumda iştirak etdinmi? Dedi: Bəli. Əli barədə nə eşitdin? Dedi:

من کنت مولاه فعلی مولاه اللهم وال من والاه و عاد من عاداه و انصر من نصره و اخذل من خذله

Dedim: Sən Əbu Hüreyrə nə etdin!? Sən Əlinin dostu ilə düşmən oldun, düşməni ilə dost oldun!! Əbu Hüreyrə dərindən ah çəkib dedi:  “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” [Təzkirətul-xəvas, səh: 48. Mənaqibi Hənəfi, səh: 130. əl-Ğədir, 1-ci cild, səh: 203].

“Mövla” sözünün mənasını cahilcəsinə inkar etdilər!

Tarix səhifələrində gün kimi aydın olsa da bəzi xüləfa məktəbinin davamçıları Qədir hədisini inkar etdilər. Fəxr Razi o şəxslərdəndir.

“(Ey münafiqlər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!” [Hədid surəsi, 15-ci ayə].

Fəxr Razi yuxarıdakı ayənin təfsirində (Nihayətul-uqul kitabında) “mövla” sözünün lügətdə və ərəb ədəbiyyatında “təsərrüfə daha layiq-اولی بالتصرف”  mənasına dəlalət etdiyini inkar edir. Ondan sonra Qazi Əzud İci “Məvaqif” kitabında və “Tohfiyi isna əşəriyyə” kitabının müəllifi və başqaları Fəxr Razinin əsassız fikirini təkrarlayıblar.

Qeyd etmək lazımdır ki, lüğətşünaslar və ərəb ədəbiyyatçıları açıq-aşkar bildirirlər ki, “mövla” sözü “təsərrüfə daha layiq -اولی بالتصرف” mənasında işlənir. Əllamə Əmini bu mənanı 42 nəfər Ərəb ədiblərindən nəql etmişdir. [əl-Ğədir, 1-ci cild, səh: 345-348]. Ona görə də Təftazani “Məqasid” kitabının şərhində və Quşci “Təcrid” kitabının şərhində yazırlar ki, “mövla” sözü “malik, sahib və təsərrüfə daha layiq - اولی بالتصرف” mənasında Ərəb ədəbiyyatında işlənmişdir.

Beləliklə, özlərini elm və insaf əhli adlandıranlardan həqiqəti gizlətmək və ya təkzib etmək kimi ifadələr təəccüb doğurur! Görəsən niyə görə Fəxr Razi “mövla” sözünün “malik, sahib və təsərrüfə daha layiq-اولی بالتصرف” mənasındadır- deyən ədəbiyyatçıları səhlənkarlıq etməkdə ittiham etmiş!? Onların sözünü əsaslı hesab etmir və deyir ki, sənədsizdir! Fəxr Razinin belə addımları, onun ərəb ədəbiyyatından məlumatsızlığının əlamətidir. [Feyzul-qədir, səh: 288].

Dostluğu elan etmək üçün beyət alınırmı!?

Qədir rəvayətlərində gəlmişdir ki, Hz. Peyğəmbər (s) Qədir xütbəsini oxuduqdan sonra camaata buyurdu: هنئوني‏ هنئوني‏ إن اللّه تعالى خصّني بالنبوة و خصّ أهل بيتي بالإمامة “Məni təbrik edin! Çünki, Allah nübuvvəti mənə məxsus etdi, imaməti isə Əhli-beytimə məxsus etdi” [əl-Ğədir, 1-ci cild, səh: 271]. Sonra səhabələr gəlib Peyğəmbəri (s) təbrik etdilər. Qeyd etmək lazımdır ki, Hz. Peyğəmbər (s) Hz. Əlini (ə.s) də təbrik etmələrini istəmişdi. O hədis isə “Təhniət hədisi” kimi məşhurdur. Həzrət camaata buyurdu ki, Əliyə “Əmirəl-möminin” deyib salamlayın və onu təbrik edin və ona beyət edin! Hz. Peyğəmbər (s) və Hz. Əli (ə.s) hərəsi bir xeymədə oturmuşdular. Hz. Peyğəmbər (s) camaata və arvadlarına dedi ki, Əlinin yanına gedib ona təbrik desinlər. Onlar da Peyğəmbərin istəyini yerinə yetirdilər. Ömər və Əbu Bəkr də həmçinin, Əlini (ə.s) təbrik etdilər! Hz. Peyğəmbər (s) təbriklə kifayətlənmədi, əmr Verdi ki, dil, əl və qəlbən Əliyə beyət etsinlər və onu ailələrinə və övladlarına çatdırsınlar.

Beləliklə, camaat tələsik Hz. Əliyə (ə.s) beyət etdi. O cümlədən Ömər, Əbu Bəkr, Osman, Təlhə, Zubeyr və digər mühacirlər və Ənsar da beyət etdi. Camaatın çoxluğundan (beyət edənlərin izdihamı ucbatından) Zöhr və əsr namazı, eləcə də, məğrib və işa namazı təxirlə və birlikdə qılındı. Beyət etmə mərasimi üç gün davam etdi.

Təəccüb doğuran məsələ budur ki, bir şəxslə dostluğu elan etmək üçün təmtəraqlı mərasimə ehtiyac duyulurmu!? Üstəlik qızmar gün altında və camaatın yorğun vaxtında! Xütbə oxunurmu!? Camaatı təbrik və beyət etməyə vadar edilirmi!?

Doğrusu, əgər Hz. Peyğəmbər (s) Əlini (ə.s) öz canişini seçmək (təyin etmək) istəsəydi, Qədir-xumdakı mərasimdən artığını (çoxunu) etməli idi!? On minlərcə adamın və hətta Peyğəmbərin öz arvadlarının beyət etməsi qafil insanları qəflət yuxusundan oyatmirmı!?

(Ya Rəsulum!) De: “Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə özünə günah qazanar. Mən sizə zamin deyiləm!” [Yunus surəsi, 108-ci ayə].

Haqqdan qaçmaq üçün o qədər bəhanələr gətirdilər ki, yazmaqla bitməz. Bütün bunlardan məlum olur ki, Hz. Peyğəmbər (s) niyə görə “bu Əli” deyib.

من كنت مولاه فهذا عليّ‏ مولاه‏

Həzrət buyurub: Mən hər kimin mövlasıyamsa, bu Əli də onun onun mövlasıdır. Həzrət “bu” deməsəydi, deyəcəkdilər hədisdəki Əli, Əli ibn Əbu Talib deyil, başqa Əlidir!!

Məqalə, əsasən Seyyid Muhəmməd Nəcəfi Yəzdinin “Əcaibi ğədir, tocihati əcib dər təqaboli ba hədisi ğədir” kitabının tərcüməsindən təşəkkül tapmışdır. Amma bəzi yerlərini xülasə, bəzi yerlərdə daha çox izah, bəzi məqamlarda digər mənbələrdən əlavələr və dəyişikliklər etdik.

Hazırladı: Ə. Şəhriyar.

 

1-ci hissə bu linkdə: http://az.313news.net/article/tedqiqat/qedir-xum-hedisi-ve-qeribe-behaneler-1-ci-hisse

Рейтинг

В этом разделе