»»

“Qədir-Xum” hədisi və qəribə bəhanələr! (1-ci hissə)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Rəhbərlik və hakim təyini məsələsi bütün bəşər ictimaiyyəti tarixində həmişə həyati məsələlərdən sayılıb, camaatın səadəti və müvəffəqiyyəti ona bağlı olduğundan insanlar həmişə ona xüsusi həssaslıq göstərib. İslamda isə rəhbərlik və imamət məsələsinin əhəmiyyəti məhz ictimayi əlaqələrin tənzimi və iqtisadi inkişafa səbəb olmasına xatir deyil. Camaatın hüquqlarını qorumaq, daxili və xarici düşmənlərin müqabilində təhlükəsizliyi təmin etmək, dini maarifləndirmə və insanların hidayəti kimi çox önəmli məsələlər, dini rəhbərin vəzifələrinin bir qismidir. İslamda rəhbərlik, Peyğəmbərlik (s) hədəflərinin davamı; yəni şəriət əhkamının qorunması və camaata doğru-düzgün çatdırılması və hakəza, camaatın dünya və axirət səadətini təmin etməyə görə önəmlidir.

Həzrət Peyğəmbər (s) dünyadan köçdü. Xilafət (və imamət) öz layiqli yerindən təhrif oldu. Sonra İslam maarifi;-əqayid, əxlaq və əhkam- təhrif oldu (dəyişdi). Təəssüflər olsun ki, xəlifələrin sünnəsi Peyğəmbər (s) və Əhli-beyt (ə.s) sünnəsinin yerini aldı. Əbul-Durda deyir: “Allaha and olsun ki, mən onların (xəlifələrin) arasında  Muhəmmədin (s) dinindən -namazı birlikdə qılmaqdan başqa- heç bir şey görmürəm” [Musnəd-i Əhməd, 6-cı cild, səh:443].

İmam Sadiq (ə) buyurur: “Allaha and olsun ki, onlar -Əməvilər dövründəki camaat- Peyğəmbərin (s) göstərişlərindən - üzü kəbəyə (qibləyə) durmaqdan başqa - heç nəyə sahib deyillər” [Biharul-ənvar, 68-ci cild, səh: 91].

Şafei Vəhəb ibn Keysandan nəql edir ki; “İbn Zübeyri cümə namazının xütbələrindən qabaq namazı başladığını gördüm! Peyğəmbərin (s) bütün sünnəsi dəyişdirildi, hətta namaz da” [Əl-umm, 1-ci cild, səh: 269].

Deməli “Qədir-xum” məsələsini araşdırmaq İlahi məqsədi və Peyğəmbərin (s) sünnəsini və bəşərin unikal səadət yolu müqabilində yer tutan xəlifələrin sünnəsini araşdırmaq deməkdir.

“Qədir-Xum” hadisəsinin icmalı:

Hicri təqviminin onuncu ili, Peyğəmbərin (s) bərəkətli ömürünün sonu idi. Həzrət həcc ziyarətinə getmək qərarına gəldi. Müsəlmanların hazırlanması üçün ümumi höküm verdi. Bu, Peyğəmbərin (s) Məkkədən Mədinəyə köçdükdən sonra ilk və sonuncu həcci idi. Bu üzdən o həcc, “Həccətul-vida” adlanır. Mühacir, Ənsar və Ərəbin digər qəbilələrindən sayı 124000 yetən camaat Peyğəmbərlə (s) birlikdə ziyarətə getdilər. Şənbə günü, zil-qədənin 24-ü (yaxud 25-i) Məkkəyə tərəf yola düşdülər. Bir dəstə müsəlman da Məkkədə Peyğəmbərə (s) qoşuldu. Başqa bir qrup müsəlman isə həzrət Əli (ə.s) və Əbu Müsa Əşəri ilə Yəməndən gəlmişdilər. Onlar da ziyarətə gedən müsəlmanlara qoşuldular.

Peyğəmbər (s) Allah evinin kənarında camaata çox önəmli və dəyərli nəsihət verdi. Onlara həccin əməllərini başa saldı. Sonra Mədinəyə tərəf yollandılar. Mədinə yolunun üstündə “Qədir-xum” adlanan yerə çatdılar. Qədir-xum Mədinənin cənubunda, Məkkənin 27 fərsəxlik şimalında (Məkkə ilə Qədir-xum arasındakı məsafə 27 fərsəxdir) yerləşir. Mədinə, Misir və İraqın yolu orada ayrılır.

Bu vaxt həzrət Cəbrayıl Allah tərəfindən Maidə surəsinin 67-ci ayəsini nazil etdi:

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!”

Peyğəmbər (s) Əli İbn Əbu Talib (ə.s) barədə olduqca çox önəmli bir məsələni camaata çatdırmağa məmur olmuşdu. Amma camaatın bu önəmli məsələ müqabilində itaətsizliyindən çox nigaran idi. Bu üzdən Haqq-təalaya buyurdu: “İlahi! Mən təkəm, camaat mənə qarşı çıxacaq; deyəcəkələr: “o əmisi oğlu üçün belə etdi”. Onlar cahiliyyət düvründən çox uzaqlaşmayıblar!” [əd-Dürrul-mənsur, 2-ci cild, səh: 298]. Cahiliyyət təəssübkeşliyi hələ də onların canından çıxmamışdı. Amma Haqq-təala israr etdi, zəmanət verdi və həzrəti bu işi görməyə vadar etdi. Bu minvalla: Hz. Peyğəmbər (s) zilhiccənin 18-i həftənin dördüncü günü Qədir-xumda hamının dayanmasına əmr verdi. Hamı ayaq saxladı. Geridə gələnlər gəlib çatdılar. Öndə gedənlər qayıtdılar. O gün hava çox isti idi. Camaat qızmar günəşdən qorunmaq üçün əbalarının bir hissəsini başlarına örtmüşdü. Zöhr namazını qıldılar. Sonra dəvələrin yüklərindən və yəhərlərindən hündür bir yer düzəltdilər. Hz. Peyğəmbər (s) oraya çıxıb bir xütbə oxudu. Xütbədə Allaha həmd-səna etdi. Allahın vəhdaniyyətinə (birliyinə) və nübuvvətə şəhadət verdikdən sonra buyurdu: “Ey camaat! Mənim bu dünyadan köçməyimə az qalıb. Mən də, siz də məsuliyyət daşıyırsınız, bu barədə nə deyirsiniz? Camaat tövhidə və Muhəmmədin (s) risalətini bir daha təsdiqlədi və cənnət, cəhənnəm, ölüm, qiyamətin qopmasını və ölülərin diriləcəyinə şəhadət verdilər. Sonra həzrət byurdu: Allah şahid ol. Ey camaat eşidirsiniz? Dedilər: “Bəli”. Mən kövsər hovuzun kənarında sizi gözləyəcəm. Siz orada mənim yanıma gələcəksiniz. Baxın görün sizin aranızda qoyduğum iki dəyərli şeylə necə davranacaqsınız?!” Camaatın içərisindən bir nəfər ucadan soruşdu; o iki dəyərli şey nədir? Həzrət buyurdu: biri Allahın kitabı (Qurandır), o elə bir ipdir ki, bir ucu Allahın əlində, digər ucu isə sizin əlinizdədir. Ona itaət edin ki, yolunuzu azmayasınız. İkincisi mənim itrətimdir (Əhli-beytimdir), Allah mənə xəbər vermişdir ki, onlar (Qurani-Kərim və Əhli-beyt) kövsər hovuzunun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmayacaq. Onlardan önə keçməyin və onlardan geri qalmayın ki, həlak olarsınız.

Həzrət Cəbrayıl Haqq-təala tərəfindən mənə əmr gətirmişdir ki, bu məkanda hər kəsi agah edim. Bu zaman Hz. Əlinin (ə.s) əlini tutub yuxarı qaldırdı. Camaatın hamısı Əlini (ə.s) gördü, onun əlini də müşahidə etdilər. Hz. Peyğəmbər (s) buyurdu: Ey camaat! Kimdir möminlərə onların özlərindən daha layiqli olan? (yəni onun hökmləri möminlərin öz istəklərindən daha keçərlidir?). “Allahın rəsulu daha yaxşı bilər”-dedilər. Həzrət buyurdu: Allah mənim mövlamdır və mən möminlərin mövlasıyam. (və mənim hökmlərim onlara, onların öz istəklərindən daha çox layiqlidir). Sonra buyurdu: mən hər kimin mövlasıyamsa Əli də onun mövlasıdır (bu cümləni üç-dörd dəfə təkrarladı). Təbərinin nəqlinə əsasən həzrət buyurdu: Əli ibn Əbi Talib mənim qardaşım, vəsiyyim, və canişinimdir. Məndən sonra imamdır. Həqiqətən Haqq-təala onu sizin üçün “vəli” və imam qərar verdi. Onun itaətini hər kəsə vacib etdi. Onunla müxalifətlik edən hər kəs məlundur. Eşidin və itaət edin. İmamət mənim övladlarımdan və Əlinin nəslindən qiyamətə qədər davam edəcəkdir. Mənim bu sözlərim Allah və Cəbrayıl tərəfindəndir. Bilin ki, mən çatdırdım, eşitdirdim və izah etdim. Həzrət, Əlini (ə.s) sevənlər üçün dua etdi və ona ədavət bəsləyənlərə nifrin etdi (qarğıdı). Sonra buyurdu ki, hazır olanlar (xütbəni eşidənlər) qaib olanlara çatdırsınlar. Camaat hələ dağılışmamış ayə nazil oldu:

“…Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim…” [Maidə surəsi, 3-cü ayə].

Peyğəmbər (s) “Allahu əkbər”, “din təkmilləşdi”, “nemət bizə tamamlandı”, “Allah mənim peyğəmbərliyimə və Əlinin vilayətinə razılığını bildirdi”- deyə bu cümlələri söylədi. Sonra Hz. Peyğəmbər (s) “Məni təbrik edin!” deyə camaata səsləndi. O zaman camaat dəstə-dəstə Peyğəmbərlə (s) Əliyə (ə.s) tərəf gəlib onları təbrik etdilər. Peyğəmbər (s) buyurdu: “Allaha həmd olsun ki, bizi bütün aləmlərə üstün etdi” Əbu Bəkr və Ömər ilk təbrik edənlərdən idi.

“Bəh-bəh! Ey Əbu Talibin oğlu mənim və hər mömin kişi və mömin qadının mövlası oldun” [əl-Ğədir, 1-ci cild, səh: 35]. Təbrik etdilər! beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi. Camaatın izdihamı və və təbrik etmək üçün sıxlıq bais oldu ki, zöhr və əsr namazını və məğrib və işa namazını birlikdə qılındı. Bu mərasim üç gün davam etdi. Peyğəmbər (s) öz arvadlarına əmr etdi ki, Əlinin yanına gedib onu təbrik etsinlər. İbn Abbas deyir: “Allaha and olsun ki, Əlinin vilayəti camaata vacib oldu”. Bu, Qədir-xum hadisəsinin qısa izahı idi. (Ətraflı məlumat üçün “Qədir-xum xütbəsinin qısa təhlili” adlı məqaləyə müraciət edə bilərsiniz).

Qəribədir! Peyğəmbərdən (s) sonra hakimiyyət başına keçmək istəyənlər ümmətin yolunu dəyişdi. Onlardan sonra isə onların tərəfdarları xüləfanın yanlış metoduna haqq donu getindirməyə davam etdilər və hər şeyə bəhanə tapan adamlar, Qədir-xum hadisəsi və hədisinin müqabilində də qayət təəccüblü və yüngül (əsassız) bəhanələr gətirməyə çalışdılar; necə deyərlər: “Bəhanəçiyə bəhanə əskik deyil”. Yazının davamında, Qədir-xum hədisinin (hadisəsinin) müqabilimdə gətirdikləri bəhanələri diqqətinizə çatdırırıq:

1) “Mütəvatir”-dir ya şübhəli?!

Qədir-xum hadisəsinin qəribəliklərindən biri də Qədir-xumdan münhərif olmuş şəxslərin ziddiyyətli sözləridir. Məsələn: Təəssübkeş İbn Həzm Əndolosi (Əhli-sünnə alimləri, o cümlədən Alusi onu yolunu azmış hesab etmiş və kitablarının yandırılmasına fətva vermişlər) [Lisanul-mizan, 4-cü cild, səh: 200] o qədər münhərif şəxs idi ki, həzrət Əlinin (ə.s) qatili İbn Mülcəmi müctəhid hesab edirdi! Yəni etdiyi cinayətə görə günahkar sayılmır, əksinə, digər müctehidlər kimi savab iş görmüşdür!! [əl-Mühəlla, 10-cu cild, səh: 482], amma o, Osmanın qatillərini müctəhid hesab etmir! [əl-Fisəl, 4-cü cild, səh: 161]. O deyir: “Əbul-Ğadiyə (Əmmarın qatili) Əmmarı öldürərkən müctəhid idi və bu cinayət üçün əcri var! [əl-Ğədir, 1-ci cild, səh: 328]. Hədisin mütəvatir (mötəbər) olması üçün dörd səhabənin o hədisi nəql (rəvayət) etməsinin kifayət etdiyini [əl-Mühəlla, 1-ci cild, səh: 86] -düşünən İbn Həzm Qədir-xum hədisinin mötəbərliyini (mütəvatir-liyini) inkar edir; halbuki Qədir-xum hədisini 110 səhabə, 84 tabei və 360 nəfər islam alimləri müxtəlif əsrlərdə nəql etmişlər!!

Heyrətamiz təəssüblər!!

Cahiz (Siyuti onu “nasibi” və yalançı hesab edir) və şagirdi, Əbi Davud həzrət Əli ilə düşmən idilər, (Əliyə ədavət bəsləməyi ustadından irs aparmışdır) bəzi Əhli-sünnə alimləri (o cümlədən atası), onu Əlinin (ə.s) ünvanına dediyi nalayiq sözlərə görə töhmətləndirmişlər. Hətta Əliyə (ə.s) dediyi ədəbsiz sözlərə görə onu edam etmək istəyirdilər. Cahiz deyir: “Əgər “Teyr hədisi”-bu hədisdə həzrət Peyğəmbər (s) Əlini məxluqatın ən sevimlisi kimi tanıtdırmışdı- düzdürsə Peyğəmbərin nübuvvəti batildir!” bu söz o qədər dəhşətli idi ki, Zəhəbi –özünün Əli ilə düşmənçiliyinə baxmayaraq- narahat olub deyir:  "هذه عبارة ردیة و کلام نحس" “bu söz ayıb və nəhs sözdür”. [Feyzul-ğədir, səh: 136].

Fəxr Razi, Təftəzani, İci və İbn Teymiyyə də mütəəssib olduqlarına görə Qədir-xum hədisinin səhihliyində tərəddüd etmiş alimlər qəbilindəndirlər. Halbuki Əhməd ibn Hənbəl 40 sənədlə, Təbəri 70 sənədlə, Cizri 80 sənədlə, İbn Öqdə 105 sənədlə, Əbu Səid 120 sənədlə, Əbu Bəkr 125 sənədlə, Əmir Muhəmməd Yəməni 150 sənədlə və Əbul-Əttar Həmədani 250 sənədlə “Qədir-xum” hədisini rəvayət etmişlər. [əl-Ğədir, 1-ci cild, səh: 152 və 414; Qədir hədisinin müəllifləri fəslində].

Əhli-sünnənin böyük alimlərinin çoxu Qədir-xum hədisinin səhihliyinə etiraf etmişlər. Təhavi və Əbu Muhəmməd Əhməd ibn Muhəmməd Asimi deyir: “Bu hədisi islam ümməti qəbul etmişdir” [əl-Ğədir, 1-ci cild, səh: 295]. Əbul-Məkarim Əlauddin Semnani deyir: “Hamı bu hədisin düzlüyündə müttəfiqdir” [əl-Ğədir, 1-ci cild, səh: 297]. Ziyaul-həqq Muqbili yazır: “Əgər bu hədis qəti olmazsa, deməli dində heç bir mütləq şey yoxdur (deməli dində yəqin etməli heç nə yoxdur)” [əl-Ğədir, 1-ci cild, səh: 307]. Zəhəbi yazır: “Mən Qədir hədisini gördüm və istinadının çoxluğundan heyrətə gəldim” [əl-Ğədir, 1-ci cild, səh: 152]. Zəhəbi -Əhli-sünnənin mütəəssib alimidir- deyir: “mən kuntu mövlahu fəƏliyyun mövlahu”-cümləsi mütəvatirdir, mən yəqin etmişəm ki, Rəsulullah (s) onu buyurmuşdur. [əl-Ğədir, 1-ci cild, səh: 297]. Siyuti və Mir-Əbdul-Baqi… kimi digər əhli-sünnə alimləri də Qədir hədisinin mütəvatir-liyinə etiraf etmişlər.

“Qədir-xum” hədisinin sənədləri barədə 29 cild kitab!!

İbn Öqdə və Təbəri kimi bəzi alimlər isə “Qədir” hədisi barədə müstəqil kitab yazmışlar. Əbul-Məani Əbdül-Kərim ibn Əbdullah təəccüblə detir: “Bağdadda nəşriyyatda bir kitab gördüm “Qədir” hədisinə aid idi və (kitabın) üzərinə “28-ci cild” yazılmışdı, həzrət Peyğəmbərin (s) “mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” sözünün sənədləri barəsində növbəti kitab 29-cu cild olacaqdı” [Yənabiul-məvəddət, səh: 36; əl-Ğədir, 1-ci cild, səh: 158].

Olduqca təəccüblüdür ki, bəzi əhli-sünnə alimləri hədisi (Qədir hədisini) qəti və mütəvatir hesab edirlər, çünki, yüzdən çox səhabə o hədisi nəql edib. Amma bəzi alimlər hədisə şəkk-şübhə ilə yanaşır!!

2) Qədir hədisi dördüncü xəlifəni tanıtdırır!

Bəzi mütəəssib alimlər Qədir hədisinin sənəd və dəlalət baxımından tam olduğunu gördükdə çarəsizlikdən hədisin həzrət Əlinin (ə.s) vilayətinə dəlalət etməsini qəbul etdilər. Amma üç xəlifədən sonra! Dedilər: “Hədis Əlinin vilayətini üç xəlifədən sonra isbatlayır və əhli-sünnə də belə bir məsələyə etiqad bəsləyirlər!” [Feyzul-ğədir, səh: 437-438].

Alusi Bağdadi əhli-sünnə alimlərindəndir. Bu bəhanəni irəli sürdükdən sonra yazır: “Həzrət peyğəmbər (s) məhz Əlinin adını çəkib. Çünki, o, Əlinin xəlifəlik dövründə vaqe olan üç müharibədən agah idi” [Ruhul-məani, 3-cü cild, səh: 186].

Bu qəribə bəhanədir! Belə bir hadisə heç bir yerdə eşidilməyib ki, camaatın rəhbəri mühüm olmasına baxmayaraq, camaat üçün birinci canişinini deyil, (dördüncü canişini təyin etməsinə işarə etmədən) dördüncü canişinini təyin etsin! Heç bir ağıllı insan Qədir-xumdakı canişin təqdim etmə mərasimini, dördüncü canişinin təqdimatı hesab edə bilməz.

Həzrət Əlinin (ə.s) camaata imam və xəlifə olaraq təqdimatında bütün Mədinə xalqı, səhabələr (az qismi müstəsna olmaqla) onu qəbul etdilər. Heç bir xəlifənin təqdimatında bu qədər adam iştirak etməyib. Belə bir təqdimatda Əlinin (ə.s) birinci xəlifə olmasını xatırlatmaq lazım idi!? Amma birinci xəlifə seçiləndə o qədər müşküllər və fitnələr yarandı, Osman xəlifə olanda İslamda çox müdhiş fitnələr yarandı. Bu üç xəlifənin Peyğəmbər (s) tərəfindən təqdimatı olmayıb və neçənci xəlifə olduqları da camaata deyilməyib!

3) Əli ibn Əbu Talib Qədir-xumda iştirak etməyib!!

Qədir hədisinin qəribəliklərindən birinə (bəlkə də ən gülüncünə) də Fəxr Razi imza atıb. O deyir: “Şiələr həcc ziyarətindən qayıdarkən deyilən من کنت مولاه فهذا علی مولاه hədisinin Əlinin xəlifəliyinə dəlalət etdiyini bildirirlər, halbuki o vaxt, Əli Yəməndə idi və Peyğəmbərlə birlikdə deyildi!” [Feyzul-ğədir, səh: 62].

Fəxr Razi kimi mütəəssib, inadcıl və iddialı insan necə ola bilər ki, səhv (batil) yola düşər!? Tarixdə baş verən məşhur hadisəni asanlıqla inkar edər?! bu ən azı öz (sünnilərin) dini ədəbiyyatına ehtiramsızlıq sayılır. Əhli-sünnənin ən məşhur mənbələrinə, yəni –Səhih-i Buxari, Səhih-i Müslim, Sünən-i İbn Macə və Sünən-i Əbu Davud, Sünən-i Tirmizi və Sünən-i Nəsai- müraciət etməyibmi?! Müraciət etsəydi görərdi ki, həmin mənbələr deyir: “Həzrət Əli (ə.s) Yəməndən qayıtdıqdan sonra Peyğəmbərə mülhəq oldu (qoşuldu) və birlikdə həccin əməllərini yerinə yetirdilər…

Təəccüblüdür ki, həzrət Əlinin (ə.s) Qədir-xumda hazır olması və Peyğəmbər (s) onun əlini qaldırıb camaata göstərməsi və on minlərlə insanın buna şahid olmasına dair rəvayətlər məcmusu ola-ola niyə görə bu möhtəşəm hadisəni inkar edirlər?!

Məhz bu səbəbdən İbn Həcər bu işkalı yersiz hesab edib deyir: “Hər kəsə sabit olmuşdur ki, Əli Yəməndən qayıtmışdı və Peyğəmbərlə həccin əməllərini yerinə yetirirdi” [əs-Səvaiqul-muhriqə, səh: 25].

Maraqlıdır, Fəxr Razi Səhih-i Buxari və Səhih-i Müslimi o qədər mühüm hesab edir ki, Qədir hədisinin o iki kitabda nəql olunmamasını əsas götürərək, hədisin sənədini zəif hesab hesab edir. Amma həzrət Əlinin (ə.s) “həccətül-vada”-da iştirak etməsi o iki kitabda nəql olunmasına baxmayaraq, Fəxr Razi bu hadisəni də inkar edir!!

4) Niyə görə “Səhih-i Buxari”-də nəql olunmayıb?

Qəribədir! Əhli-sünnənin Fəxr Razi kimi bəzi alimləri “Qədir” hədisinin Səhih-i Buxari və Səhih-i Müslimdə nəql olunmamasını hədisin zəifliyinə bir işarə olduğunu deyirlər! İndiyədək heç bir alim bütün səhih (mötəbər) hədislərin bu iki mənbədə toplanmasını iddia etməmişdir. Heç kəs iddia etməmişdir ki, Səhih-i Buxari və Səhih-i Müslimdə nəql olunmayan hədislərin hamısı etibarsızdır. Bu elə bir məsələdir ki, hətta Allahın kitabı barəsində belə deyilməyib!

Buxari özü yazır: “Mən bu kitabda səhih hədisləri nəql etmişəm. Nəql etmədiyim səhih hədislər nəql etdiklərimdən daha çoxdur” [Hudəs-sari, səh: 4, Fəthul-bari müqəddiməsi]. Nəql olunur ki, o yüz min səhih hədisi əzbər bilirmiş. Məhz bu səbəbdən Hakim Nişaburi “əl-Müstədrəku ələs-səhiheyn” adlı böyük bir kitab yazır və Səhih-i Buxari və Səhih-i Müslimdə nəql olunmayan səhih hədisləri zikr edir.
Qədir hədisinin bu iki kitabda nəql olunmaması hədisin zəifliyinə dəlalət etmir. Əksinə, müəllifin Əhli-beytə (ə) qarşı kin-küdurətinə dəlalət edir. Əks təqdirdə, məqsədi səhih hədisləri toplamaq olan bir mühəddis sənədinin çoxluğu və mötəbərliyilə fərqlənən “Qədir” hədisinin niyə nəql etməməlidir?! Halbuki yüzdən çox səhabə o hədisi nəql etmişdir. Xüsusilə də Buxarinin 39 ustadı Qədir hədisini mötəbər sənədlərlə nəql etmişdir. [əl-Ğədir, 1-ci cild, səh: 320]

Ayətullah əl-uzma Safi Qulpayqani dəyərli “Əman-ul-ümmət-i minəz-zəlali vəl-ixtilaf, səh: 53-54” əsərində Buxarı barədə yazır: “Təəccüblüdür ki, Buxari 1200 nəfər “xəvaric”-dən rəvayət nəql etmiş, yüzdən çox məchul hədisə istinad etmiş, Muğəyrə, Mərvan, Əmr ibn As və digər münafiqlərə, Əhli-beyt düşmənlərinə və Əliyə (ə.s) qarşı kin-küdurətli olanların nəql etdikləri hədisləri səhih hədis hesab etmişdir. Amma həmin Buxari həzrət Peyğəmbərin (s) nəvələri, behişt cavanlarının ağaları, imam Həsən (ə) və imam Hüseyndən (ə) heç bir hədis nəql etməyib. O, əsərinin ikinci cildində “cənnətin sifətləri” barədə olan fəsildən (və başqa fəsillərdə) qabaq Səmərət ibn Cündəbin rəvayət etdiyi dörd hədisə istinad etmişdir. Həmçinin, Əkrəmə və İmran ibn Həttandan nəql olunan hədisə istinad etmiş, amma imam Muhəmməd Baqir (ə), imam Cəfər Sadiq (ə), imam Kazım (ə) və imam Rızadan heç bir hədis nəql etməmişdir!”

Rəvayət deyil, ravi müttəhəmdir.

Buxari həzrət Əliyə (ə.s) olan ədavətindən dolayı təkcə Qədir hədisini deyil, həzrət Məhdiyə (əc) aid hədisləri də nəql etməmişdir. Halbuki Seyyid Əhməd Şeyxul-islam Şafeiyyə müftisi o hədislərin mötəbərliyinə etiraf etmişdir. Həmçinin “Səqəleyn” hədisinin və “hədis-i kisa”-nı da nəql etməmişdir. Əllamə Şərəfud-din deyir: İslam məzhəblərindəki bütün əhli-qiblə müsəlmanları “Təthir” ayəsinin beş şəxs (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn-ələyhis-səlam) barədə nazil olmasına ittifaq etmişlər. Bəzi alimlər Buxarinin həzrət Əliyə ədavətini və bu səbəbdən Əlinin fəzilətlərinin nəql etməməsini açıq-aşkar etiraf etmişlər. Buxari nəql etdiyi hədislərdə Əlinin adını silməklə ünvanına söylənilən iddiaları isbatlamış olur. O Peyğəmbərin (s) buyurduğu, Əhmədin müsnədində və Termizinin sünənində nəql olunan bu cümləni- هو ولی کل مومن بعدی- o məndən sonra hər bir möminin vəlisidir-təhrif edir və belə yazır ki, həzrət Peyğəmbər buyurdu: “Əliyə düşmən kəsilməyin! Çünki, xumsda onun səhmi (payı) bundan çoxdur!”

Yolunu azmışlardan “Bəli”, amma Əhli-beyt-dən “xeyr”!

Problem Buxarinin özündədir. Çünki, dörd yüz fasiq adamlardan; Xəvaric, Murciə və Qədəriyyədən (hər üç tayfa həzrət Əlinin (ə.s) düşmənlərindəndir) onlarca hədis nəql etmişdir. Məsələn: yalan danışmaqda məşhur olan Əkrəmə, Urvət ibn Zubeyr, Hurəyz ibn Osman (nasibi) və Əbu Musa Əşərinin oğlu, əmmarın qatilinin əlindən öpən Əbu Bərdədən rəvayət nəql etmişdir. [əl-İzva, səh: 310]. Əmr ibn As, Mərvan, Əbu Süfyan, Müaviyə, Muğəyrət ibn Şöbə və (Əlinin (ə.s) qatili İbn Mülcəmi mədh edən və xəvaricdən olan) İmran ibn Həttandan xeyli hədis nəql etmişdir.

Amma Əhli-beytdən (çox az sayda hədis müstəsna olmaqla) hədis nəql etməmişdir!

Buxari öz kitabında Əlinin (ə.s) düşmənlərindən sayılan və həzrət Peyğəmbəri sadəcə iki il görən Əbu Hüreyrədən 446 hədis, Əbdullah ibn Ömərdən 270, Aişədən 242, Əbu Musa Əşəridən 57 və Ənəs ibn Malijdən 200 hədis nəql etmişdir. Amma Peyğəmbərin (s) evində böyüyən, ondan tərbiyə alan və Peyğəmbər elminin qapısı olan Əlidən (ə.s) cəmi 30 hədis nəql etmişdir. Həzrət Fatimədən (s.ə) 4 hədis, İmam Hüseyndən 1 hədis, imam Səccaddan üç hədis və imam Baqirdən 4 hədis nəql etmişdir. İmam Sadiq, imam Kazim, və imam Rızadan (məşhur olmaları və xeyli şagirdləri və ravilərinin olmalarına rəğmən) bircə hədis nəql etməmişdir.

Kaş ki, bununla kifayətlənsəydi! Zəhəbi yazır: “Buxari Cəfər ibn Muhəmməddən hədis nəql etməyib, Yəhya ibn Səid Qəttan (Buxarinin ustadı) ona deyir: Mucalid mənim yanımda Cəfər ibn Muhəmməddən üstündür!” Halbuki Yəhya ibn Səid Qəttan (rical alimi) Mucalidi rical elmi baxımından zəif hesab etmişdir!

Bəli, Buxari Əkrəmə, Hurəyz ibn Osman, Əbu Bərdə, Əbul-Ğadiyə və İmran ibn Həttan kimi məlun şəxslərdən rəvayət nəql etmiş, Amma imam Sadiq (ə) barədə tərəddüd etmişdir (yəni imam Sadiqə inanmır və ona şəkk edir)! Sizcə bu əməl hansı sirdən xəbər verir!?

Əllamə Şərəfuddin yazır: “Əhli-sünnə, Əhli-beyt imamlarına Müqatil ibn Süleyman (murciədən idi və Allahı cism olduğuna inanırdı) qədər dəyər vermir. Onlar “Xəvaric”, “Müşəbbihə”, “Mürciə” və “Qədəriyyə”-yə istinad edir, amma Əhli-beyt hədislərinə əhəmiyyət vermirlər. Əgər Peyğəmbər xanədanından nəql etdikləri hədislərin hamısını toplasaq təkcə yalançı Əkrəmənin nəql etdikləri hədislər qədər olmayacaq” [İctihad dər müqabili nəss, səh 589].

5) Əhli-sünnə alimlərinin sarsıdıcı etirafları

Qədir hədisinin qəribəliklərindən biri də budur ki, Əhli-sünnə alimləri hədisin həzrət Əlinin (ə.s) xilafətinə (vilayətinə) dəlalətinə etiraf etmişlər.

- Əbu Hamid Qəzali Əhli-sünnə alimlərindəndir. Bəzi alimlər onun barəsində (onu tərif etməkdə mübaliğə edib demişlər): “Əgər həzrət Peyğəmbərdən sonra yeni bir peyğəmbər gəlmiş olsaydı, o mütlət Qəzali olardı” [Feyzul-qədir, səh: 398]. Qəzali yazır: “Alimlərin hamısı ittifaq etmişlər ki, həzrət Peyğəmbər (s) buyurub: من کنت مولاه فعلی مولاه və Ömər də həzrət Əlini (ə.s) təbrik edib: بَخٍ‏ بخٍ‏ لك يا ابا الحسن لقد أصبحتَ مولايَ و مولى كلّ مؤمن و مؤمنة” Bu, hədisə razılıq vermək, ona təslim olmaq və onu qəbul etmək anlamına gəlir. Amma sonra nəfsani istəklər və hakimiyyət sevgisi ona qalib gəldi və haqqı qəbul etmədi, haqqı ucuz qiymətə satdılar: “…onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!” [Ali-İmran surəsi, 187-ci ayə] [“Sirrul-aləmin” kitabı, səh: 16 və 17-dən iqtibas olunmuşdur].

Bəziləri çarəsizlikdən “Sirrul-aləmin” kitabının Qəzaliyə mənsub olduğunu inkar etməyə çalışsalar da, bunun onlar üçün faydası olmayacaq. Çünki, İbn Cuzi və Zəhəbi kimi Əhli-sünnənin böyük alimləri “Mizanul-etidal” kitabında  “Sirrul-aləmin” kitabının düzgünlüyünə etiraf etmiş və ona xeyli istinad etmişdir.


- Səbt ibn Cuzi: “Qədir hədisi açıqca imaməti isbatlayır”. O “mövla” sözünün müxtəlif mənalarını izah etdikdən sonra deyir: “Hədisdəki mövla sözündən məqsəd məxsus itaətkarlıqdır”. O deyir: həzrət Peyğəmbərin (s) “Aya mən möminlərə onların özlərindən daha layiqli deyiləmmi? (yəni mənim hökmlərim möminlərin öz istəklərindən daha keçərli deyilmi?)”- bu kəlamı həzrət Əlinin imamətini isbat edir.

Mövla sözünün bütün mənaları həzrət Əli (ə.s) barədə sabitdir.

Muhəmməd ibn Təlhə şafei (Şafei fəqihidir) deyir: “Bu hədis Allah-təalanın “mübahilə” ayəsindəki sözlərinin sirrini daşıyır”. Ayədəki “ənfusəna”-dan məqsəd Əlidir. Həzrət Peyğəmbər (s) Qədir hədisindəki mövla sözünün bütün mənalarını Əli üçün isbatlayıb. Bu çox yüksək məqamdır ki, Peyğəmbər bu sözləri məhz Əli barədə dilə gətirib. Bu üzdən Qədir-xum günü bayram günü və övliyanın sevinc günüdür” [Mətalibus-sual, səh 44].

Peyğəmbər (s) Əlini (ə.s) öz canişini etdi.

Əllamə Muhəmməd ibn Yusuf ibn Muhəmməd Kənci Şafei öncə Peyğəmbərin (s) bu hədisini nəql edir: “əgər mən özüm üçün canişin təyin etsəydim Əlidən layiqli şəxs yox idi”, sonra deyir: “hərçənd ki, bu hədis canişinin təyin olunmamasına dəlalət edir. Amma Qədir hədisi dəlalət edir ki, həzrtə Peyğəmbər (s) canişin təyin etdi. Qədir hədisi o biri hədisi aradan qaldırmışdır” [Kifayətut-talib, səh: 166].

6) İşarədir ya yalan?!

Qədir-xum hadisəsinin qəribəliklərindən söz açmışıq. Bəziləri Qədir hədisini zəif göstərmək üçün (hədisin həzrət Əlinin xilafətinə dəlalət etmədiyini göstərmək üçün) Peyğəmbərin (s) duasına istinad etmişlər. اللهم وال من والاه و عاد من عاداه Allahım! Əlini sevənləri sev, ona düşmən kəsilənlərlə düşmən ol! “Mən kuntu mövlahu fə-Əliyyun mövlahu” cümləsindəki “mövla” sözünü sevmək və dost olmaq kimi mənalandırırlar.

Təəccüblüdür ki, təkfirçi vəhhabilərin rəhbəri İbn Teymiyyə deyir: “Bütün hədisşünas insanların fikrincə bu dua yalandır” [Minhacus-sünnə, 4-cü cild, səh: 16].

Bəli, hədisi qəbul etməmək üçün belə qətiyyən düz gəlməyən, bir-birilə zidd rəylər söyləməyə  məcburbudrudlar. Bu dua, əhli-sünnənin məşhur və mütəssib hədisşünası Şəmsuddin Zəhəbinin etiraf etdiyi kimi qəti və sabitdir.

Biz ibn Teymiyyələr kimi şəxsləri yaxşı başa düşürük! Çünki, o çox gözəl bilir ki, bu cümlə düz olarsa, Əli ibn Əbi Taliblə düşmən olanların vəziyyəti aydın olacaq. Məs: Cəməl, Siffeyn və Nəhrivan döyüşünün aparıcı simaları və onların tabeçiləri (yəni Əliyə (ə.s) düşmən kəsilərək camaatı onun əleyhinə qiyama çağıranlar və bütün bu macəraları yozmaq istəyən alimlər, ravilər və mühəddislərin halı hər kəsə məlum olacaqdır). Bütün alimlər və rəvayətlər onların (yəni yuxarıda qeyd olunan üç müharibəni təşkil edən və müharibə iştirakçıları) Əli (ə.s) ilə ədavətlərini zikr etmişlər.

İbn Teymiyyə və onun kimilər istəsə də istəməsə də, həzrət Peyğəmbər (s) belə bir dua etmişdir. Təkcə Qədir-xum-da deyil, digər yerlərdə va ayrı-ayrı vaxtlarda Əli (ə.s) barədə dulara etmişdir; “Haqq həmişə Əli ilədir və Əli həmişə haqq ilədir” [əl-İmaməti vəs-siyasət, 1-ci cild, səh: 98]. Bu üzdən Səbt ibn Cuzi deyir: “İslam ümməti icma etmişdir -yəni hər kəsin nəzəri budur- ki, Əli və hər hansı bir səhabə arasında ixtılaf yaranarsa, haqq Əli ilədir (Əli haqlıdır)” [Təzkirətul-xəvas, səh: 30].

7) Əbu Bəkrin beyəti sınmamalıdır, amma Əlinin (ə.s) beyətini sındırmaq: Bəli!!

 Qədir hədisinin qəribəliklərindən biri də budur ki, bir yandan camaat “səqifə”-dən sonra Əlinin (ə.s) sözlərini eşitdikdə Ənsardan bir qisim səhabə həzrət Əliyə (ə.s) dedilər: “Ey Əbəl-Həsən! əgər ənsar sənin sözlərini Əbu bəkrin yanına getməzdən qabaq eşitsəydi, heç kəs sənin barəndə ixtilaf etməzdi” (yəni sən gec tərpəndin!)

Həzrət buyurdu: “Ey camaat! Mən həzrət Peyğəmbərin (s) mübarək cəsədinin dəfnini saxlayıb hakimiyyət üçün çalışmalı idim!?” “Mən Peyğəmbərin (s) Qədir-xumdakı çıxışından sonra kiminsə üzürlü olaraq bəhanə gətirəcəyinə inanmazdım!” [əl-Ehticac, 1-ci cild, səh: 184; Biharul-ənvar, 28-ci cild, səh: 85].

“Səqifə” hadisəindən sonra Hz. Əli (ə.s), Hz. Fatimə (s.ə), Hz. Həsən (ə) və Hz. Hüseyn (ə) birlikdə bütün səhabələrin qapılarına getdi. Onların tək-tək hamısından yardım istədi. Onların Hz. Fatiməyə yeganı cavabı bu oldu: “Biz Əbu Bəkrə beyət etdik, iş bitdi. (öz əhd-peymanımızı sındıra bilmərik) Sənin ərin tez gəlsəydi, biz başqası ilə beyət etməzdik” [əl-İmaməti vəs-siyasət, 1-ci cild, səh: 19].
Bəli, Əbu Bəkrə etdikləri batil beyəti sındırmağa hazır olmayan camaat, Hz. Əliyə (ə.s) etdikləri tam sərbəst və azad beyəti ayaq altına qoymağa hazır oldular. On minlərcə şəxs, Təlhə, Zübeyr və Hz. Peyğəmbərin (s) arvadı ilə birlikdə qanlı Cəməl döyüşünü yaratdılar! Cəməl müharibəsinin aparıcı simaları və onlara tabe olanlar, onlara sadiq qalanların hamısı Əliyə beyət etmişdilər. (Hz. Əlini ən azı dördüncü xəlifə kimi qəbul edirdilər. Niyə görə əhd-peymanlarını sındırdılar və müsəlmanların qanı bahasına Əli ilə qanlı müharibə etdilər?!) Deməli, Əbu Bəkrin beyəti sınmamalıdır, amma Hz. Əliyə (ə.s) edilən beyət sına bilər!!

Əbu Bəkrin qızına himayəçilik lazımdır, amma Hz. Peyğəmbərin (s) qızına himayədarlıq lazım deyil?!

Səqifə-dən sonra Hz. Peyğəmbərin (s) qızı Əbu Bəkrin müqabilində dayandı, camaatdan öz haqqının icrası üçün yardım istədi. Mədinə camaatının arasında, Ənsar və Mühacirin hüzurunda xütbə oxudu. Amma heç kəs ona kömək etmədi. Belə ki, Hz. Fatimə (s.ə) başı aşağı evə dönüb Əliyə (ə.s) dedi:

Ənsar mənə kömək etmədi. Mühacirlər də mənə qoşulmaqdan çəkindi...məni müdafiə edən və himayə edən heç kəs yoxdur. Əsəbi halda evdən çıxdım və başı aşağı qayıtdım. Mənim ixtiyarım yoxdur. Kaş ki, qayıtmazdan və bu zillətdən qabaq ölsəydim...! [Biharul-ənvar, 43-cü cild, səh: 148]

Amma həmin Mədinə camaatı Əbu Bəkrin qızı ilə Hz. Əlinin (ə.s) əleyhinə silahlandı. Cəməl döyüşünü yaratdılar. Bu işdə on minlərlə şəxs Aişəyə kömək etdi!!

Bunu sirri nədir?! Əlinin (ə.s) yavəri hətta Peyğəmbərin qızı olsa belə tək qalmalıdır, amma Əlinin müxalifinə (haqq xəlifənin əleyhinə qiyam etsələr belə) kömək edilməlidir!

Əhli-sünnə alimlərindən biri deyir: لک الله یا علی! ما انصفوک فی شیء “Ey Əli! Allah səninlədir! Bunlar heç bir məsələdə səninlə insafla davranmadılar”

8) Peyğəmbər istəyirdi, amma Allah istəmədi!

Bəli, təəccüb etməyin. Bu söz Əhli-sünnənin böyük rəhbərinin sözüdür. İbn Əbil-Hədid ondan nəql etmişdir. O deyir: “Hərçənd Peyğəmbər israr etdi amma, Əli İbn Əbi Talib birinci xəlifə olmasını Allah istəmədi. Təbii ki, Allahın iradəsi ilə Peyğəmbərin iradəsi arasında ziddiyyət yaranarsa, Allahın iradəsi həyata keçməlidir”! O, İbn Abbasa deyir: “Peyğəmbər (s) Əlinin adını açıq-aydın şəkildə çəkmək (söyləmək) istəyirdi, lakin mən, İslama ürəyim yandığı üçün və islamı müdafiə etmək üçün qoymadım (Əlinin adının deyilməsinə mane oldum). Kəbənin Rəbbinə and olsun Qureyş heç vaxt onunla müvafiq olmadı. Əgər o hakimiyyəti ələ keçirsəydi, ərəblər hər tərəfdən onunla müxalifət edəcəkdi. Peyğəmbər anladı ki, mən onun (Peyğəmbərin (s) məqsədindən agaham, bu üzdən Əlinin adını çəkmədi. Allah da Onun ad çəkməməsinə razı oldu. (Yəni: Haqq-təala Ömərin qərarını tərcih etdi, Peyğəmbərin (s) nəzəri ilə ziddiyyət təşkil etməsinə rəğmən Ömərin fikiri təsdiq oldu!!)” [Şərhi Nəhcül-Bəlağə, İbn Əbil-Hədid, 12-ci cild, səh: 21]

İbn Əbil-Hədid başqa yerdə Ömərdən nəql edir: “Hz. Peyğəmbər xəstələnərkən xilafət üçün Əlinin (ə.s) adını çəkməyi qərara aldı, amma mən (yaranacaq) fitnədən və islamın süstləşməsindən qorxduğum üçün ona mane oldum”! [həmin mənbə, səh: 79]

İbn Abbas deyir: “Ömərin Şama etdiyi səfərlərin birəndə mən onunla idim. Bir gün onu tək gördüm və arxasınca getdim. Mənə dedi: Ey İbn Abbas! əmin oğlundan gileylənirəm, mənimlə gəlməsini istədim, gəlmədi. O hələ də qəzəblidir. Səncə niyə görə əsəbidir? Dedim: ey əmirəl-möminin! Siz özünüz bilirsiniz. Ömər dedi: düşünürəm ki, xəlifəliyi əldən verdiyinə görə narahatdır. Dedim: bəli, o (Hz. Əli) düşünür ki, Hz. Peyğəmbər (s) onu xilafət üçün seçmişdir. Ömər dedi: Ey İbn Abbas! Peyğəmbər elə istəmişdi. Amma Allah başqa bir şey istədi. Peyğəmbərin istəyi deyil, Allahın isyəyi keçərli oldu! Aya Peyğəmbərin bütün istəkləri həyata keçirmi? O əmisinin müsəlman olmasını istəmişdi, lakin Allah istəmədi və o müsəlman olmadı” [Həmin mənbə].

Buradan bir haşiyə çıxıb İbn Əbil-Hədid barədə mühüm məsləyə aydınlıq gətirmək istirəm. İbn Həbban Busti Əhli-sünnənin böyük alimlərindəndir. Şiələr barəsində deyir: “Onların adətidir, hiyləgərlik edib Mötəzilə, Zeydiyyə və sair məzhəblərin alimlərindən birini misal çəkərək deyirlər ki, o, Əhli-sünnənin mütəəssib alimlərindəndir. Sonra Əhli-sünnə məzhəbinin batil və İmamiyyə məzhəbinin haqlı olmasına dair ondan bir mətləb nəql edirlər! Məs: Zeməxşəri və İbn Əbil-Hədid…”

Yəni: İbn Həbban demək istəyir ki, İbn Əbil-Hədid kimi alimlərdən Əhli-sünnənin əleyhinə nəql etdiyiniz sözlərin sizing üçün heç bir faydası və biz (Əhli-sünnə) üçün heç bir zərəri yoxdur, çünki, biz İbn Əbil-Hədidi Əhli-sünnədən hesab etmirik.

İbn Həbbanın cavabında qısa olaraq deyə bilərəm ki, doğrudur, İbn Əbil-Hədid mötəzilə məzhəbinə mənsubdur. O, Osman və Müaviyəni tam ədalətli bilməsə də Əbu Bəkr və Öməri tam ədalətli bilir. İbn Əbil-Hədid Mötəzili “imamət” bəhsində Əhli-sünnə ilə heç də fərqlənmir və Əhli-sünnə ilə həmfikirdir. O Əbu Bəkr və Ömərin xəlifəliyini haqq olaraq qəbul etmişdir. Deməli, İbn Həbbanın iradı xüsusilə də imamət məsələsində yersizdir.

Bəli, bu Qədir-xum hadisəsinin möcüzələrindəndir ki, insanların iç üzünü faş etdi. Deməli tam aydın oldu və heç bir müəmma qalmadı ki, Qədir-xum hədisi ilə sənədinin və ya dəlalətinin zəifliyinə xatir müxalifət etməyirlər, xüləfanın Hz. Peyğəmbərin (s) nəzəri müqabilində etdikləri ictihadları yozmaq üçün Qədir hədisinə qarşı çıxırlar!

Təəccüblə qeyd edirəm ki, ikinci xəlifənin tabeçiləri (məs: Səhih-i Müslimin şərhçisi Nəvəvi) Peyğəmbəri müdafiə etmək əvəzinə ikinci xəlifənin yardımına tələsdi. O deyir: “Peyğəmbər vəsiyyət etmək üçün kağız-qələm istəməsini və Ömərin o istəyə sərt cavabı və ona mane olmasını bütün alimlər bilir. Bu Ömərin diqqətli və anlayışlı insan olduğunun əlamətidir! Çünki, o qorxurdu ki, Hz. Peyğəmbər elə bir şeylər yazar, elə tapşırıqlar verər ki, camaat onun ədasından aciz olar və nəticədə İlahi əzaba düçar olarlar. Çünki, Peyğəmbər Əlinin adını açıq-aşkar desəydi, ictihad yersiz olardı. Bu səbəbdən Ömər dedi: حسبنا كتاب‏ اللّه‏ [“əl-Minhac fi şərhi Səhih müslim ibn il-Həccac”, Əbu Zəkəriyya Yəhya ibn Şərəf ibn Məri ən-Nəvi, 11-ci cild, səh: 90: “Babu tərkil-vəsiyyəti limən ləysə ləhu şeyun”]

Belə bir müsəlman alimə nə demək olar?! Qurani-Kərimin Hz. Peyğəmbər (s) barəsində; “O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir”. ما يَنْطِقُ‏ عَنِ الْهَوى إِنْ هُوَ إِلاَّ وَحْيٌ‏ يُوحى  [Nəcm surəsi, 3-4-cü ayələr] bu ayəni bilə-bilə o həzrətin fikirlərinə və sözlərinə əhəmiyyət vermir. Amma Ömərin Hz. Peyğəmbərin (s) hüzurundakı ədəbsizliyini yozur, “Ömər ictihad etmişdir” və “din üçün ürək yandırmışdır- kimi ifadələrlə ikinci xəlifəyə bəraət qazandırmaq və onu sudan quru çıxarmaq istəmişdir. Hətta utanmadan, xəlifənin bu işi ilə fəxr etdiyini də dilə gətirmişdir!!

“Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar”. [Nisa surəsi, 65-ci ayə].

9) Riyakarcasına tərifdən tutmuş haqqı gizlətməyə qədər!

Aydın məsələdir ki, dünya hər kəsə “ləbbeyk” deyərsə (ona üz tutarsa), camaat da onu tərifləməyə başlayar. Hətta başqalarının yaxşı xüsusiyyətlərini onun ünvanına yazarlar, onu mədh edər və barəsində xüyli kitab, şer və sair yazarlar. Qəribədir ki, Hz. Peyğəmbərin (s) bəzi əshabı Əlinin (ə.s) xəlifə olduğu zaman onun fəzilətlərinə şahidlik etməli idi.  Əli (ə.s) xəlifə olduğu müddətdə bəzi şəxslərin ona qarşı tərəddüdünü gördü. Əlinin Peyğəmbər tərəfindən seçilməsini və xilafətə Əbu Bəkr və Ömərdən daha layiq olmasını bəzi səhabələr qəbul etmirdi. Əli (ə.s) Kufə sarayında camaatın arasında onlara and verdirdi ki, Qədir-xumda iştirak edən və Hz. Peyğəmbərin sözlərini eşidən hər kəs ayağa qalxsın və şahidlik etsin. İyirmi dörd nəfər qalxıb şəhadət verdilər ki, həzrət Peyğəmbər (s) bu "من کنت مولاه فعلی مولاه اللهم وال من والاه و عاد من عاداه" bu cümləni buyurmuşdur. O cümlədən şəhid Əmmar Yasir, şəhid Haşim Mirqal, şəhid Xuzeymə ibn Sabit və Əbu Əyyub Ənsari və başqaları idi. Əllamə Əmini “əl-Ğədir” kitabında onların adlarını qeyd etmişdir. [əl-Ğədir, 1-ci cild, səh: 184].

Amma Qədir-xumda iştirak edən digər səhabələr şahidlik etmədi. Onlardan biri Ənəs ibn Malik idi. Həzrət ona dedi: “Sən Qədir-xumda iştirak etmişdin, niyə şəhadət vermirsən”? o isə: “mən qocalmışam və unutmuşam”-dedi. Həzrət ona buyurdu: “Əgər yalan deyirsənsə Allah səni alaca xəstəliyinə mübtəla etsin!” Həzrəttin qarğışından bilafasilə sonra Ənəs alaca oldu. Təlhə ibn Umeyr deyir: “Allaha and olsun ki, onun iki gözünün arasındakı alacanı gördüm”. Qədir-xumda iştirak edib şəhadət verməyənlərin biri də Bərra ibn Azib idi. O həqiqəti gizlətdi və İmam Əlinin (ə.s) qarğışı nəticəsində kor oldu. Hər iki şəxs bu hadisədən sonra peşman oldular. Ənəs ibn Malik and içdi ki, bundan sonra Əlinin fəzilətlərini gizlətməyəcək. Bərra ibn Azib kor olduğu üçün ətrafdakılardan evinin yolunu soruşurdu. Camaat ona yol göstərəndə o camaata belə deyirdi: “Əlinin qarğışını (nifrinini) qazanmış insan yolunu necə tapa bilər”?! İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində bu qissəni nəql etmişdir. [əl-Ğədir, 1-ci cild, səh: 190].

Hazırladı: Ə.Şəhriyar.‏


2-ci hissə bu linkdə: http://az.313news.net/article/tedqiqat/qedir-xum-hedisi-ve-qeribe-behaneler-2-ci-hisse

Рейтинг

В этом разделе