dini dwkan
RUS   |    AZE

Həyanın təsirləri (Quran və hədislərdə)

Mərhəmətli, rəhmli Allahın adı ilə! İnsani keyfiyyətlərdən sayılan və dini ədəbiyyatda xüsusi yer alan sifətlərdən biri də həyadır. Həya insan həyatının necəliyində təsirlidir. Cəmiyyətin istiqamətlənməsində və formalaşmasında önəmli rol oynayır. Həya dini ədəbiyyatda təqva, ismət, iffət və digər əxlaqi keyfiyyətlərlə sıx əlaqəlidir. Həm fərdi, həm də cəmiyyət arasında həyaya riayət etmək fərdin və cəmiyyətin qorunmasınına gətirib çıxarar.

Həya mənşəyinə görə ərəb sözüdür, lüğətdə və termin olaraq abır, ar, ismət, namus vəutanma hissi mənasındadır. (Azərbaycan dilinin izahlı lüğəti, 4-cü cild, səh: 379). Həyalı olmaq yəni iffətli olmaq və utanmaq anlamındadır.

Bəzi müasir tədqiqatçılar düşünürlər ki, həya sözü “həyat” sözündən mənşələnib və həyat “həyalı yaşamaq” deməkdir. (Fərhənge bozorge soxən, Ənvəri Həsən, 3-cü cild, səh: 2604).

Mustəfəvi “Təfsiri roşən” kitabında yazır: الحیاء انقباض النفس عن القبائح و ترکه لذالک Həya insanın özünü pisliklətdən (ayıblardan) qoruması və onları tərk etmək deməkdir. (3-cü cild, səh: 10).

Məclisi “Biharul-ənvar” kitabında yazır:الحیاء تغیّر و انکسار یعتری الانسان من تخوف ما یعاب به و یذم   Insanın ar hesab etdiyi və ya danlaqdan və məzəmmətdən qorxduğu üçün bir əməli dəyişməsi həya deməkdir. (71-ci cild, səh: 329).

Əxlaq alimlərinin fikirincə həya həya insanın utanmağı deməkdir. Bu da bəyənilməyən işlərdən çəkinməyinə zəmin yaradır. Həya əxlaq elmində iffətin on iki qismlərindən biridir və insan camaatdan utanaraq pis işlərdən çəkinir. İrfan elmində həya Allah qorxusundan deyil, Ona məhəbbətdən qaynaqlanır. Həya Irfan elmində ilk xüsusi mərhələlərdəndir. Məhəbbətə söykənən təzimdir. Bəndə Allahın əzəmətini anlamaz və onu sevməzsə Onun hüzurunda etdikləri pis əməllərə görə də həya etməyəcəkdir. Deməli, həya insan özünü Allahın əzəmətli hüzurunda müşahidə etdiyi vaxtda əmələ gəlir. Bu tərif, həyanın ali mərtəbələrini izah edir. Belə bir nətica alırıq ki, həya o vaxt əmələ gəlir və insan o vaxt həyalı olur ki, başqalarının hüzurunu dərk edir. Bu hüzur qeyri-cismi nəzarət də ola bilər. Əlbəttə insan nəzarət edən şəxsi əzəmətli və möhtərəm hesab etməzsə başqasının nəzarəti insanı həyalı edə bilməz.

Həya ilə iffətin bağlılığı

İffət lüğətdə “çəkinmək” mənasındadır. Nəfsə qələbə çalmaq, qarınqululuqdan və şəhvətpərəstlikdən çəkinmək anlamına gəlir. العفة حصول حالة للنفس تمتنع بها عن غلبة الشهوات Günahlardan çəkinmək, başqalarından bir şey istəmək üçün onlara əl uzadmaqdan çəkinmək, iqtisadi məsələlərdə qənaət edib öz izzətini qorumaq və cinsi qərizələrdə həya və qeyrət edib müxtəlif cinsi inhiraflardan çəkinmək və sair mənalarda işlənir. İffətin lüğətdə və hədislərdə hansı mənada işləndiyini nəzərə alsaq həya və iffətin bir-birinə nə qədər yaxın olduğunu görərik. Beləliklə, həyalı şəxs həm də iffətlidir və iffətli şəxs həm də həyalıdır. Həya və iffət təqribən bir mənada işlkənmişdir.

Həya Quran ayələrində:

Qurani-kərimdə həya kəlməsi açıq-aşkar işlənmişdir:

إِنَّ اللَّهَ لا يَسْتَحْيي‏ أَنْ يَضْرِبَ مَثَلاً ما بَعُوضَةً فَما فَوْقَها…

Əlbətdə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz… (Bəqərə surəsi, 26-cı ayə) Bu ayə inadkar düşmənlərinə görə nazil oldu. Onlar Allahın misallarını məsxərə edirdilər. Allah taala buyurur ki, önəmli məsələləri anlatmaq üçün kiçik misal çəkməkdən çəkinməyəcək və onların istehzası Allaha heç bir təsir etməyəcək. Allah taala başqa ayədə həzrət Peyğəmbərin (s) səhabələrinə buyurur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا لا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ إِلاَّ أَنْ يُؤْذَنَ لَكُمْ إِلى‏ طَعامٍ غَيْرَ ناظِرينَ إِناهُ وَ لكِنْ إِذا دُعيتُمْ فَادْخُلُوا فَإِذا طَعِمْتُمْ فَانْتَشِرُوا وَ لا مُسْتَأْنِسينَ لِحَديثٍ إِنَّ ذلِكُمْ كانَ يُؤْذِي النَّبِيَّ فَيَسْتَحْيي‏ مِنْكُمْ وَ اللَّهُ لا يَسْتَحْيي‏ مِنَ الْحَقِّ…

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz… (Əhzab surəsi, 53-cü ayə).

Başqa ayədə həya xislətini əməli şəkildə izah edir:

فَجاءَتْهُ إِحْداهُما تَمْشي‏ عَلَى اسْتِحْياءٍ قالَتْ إِنَّ أَبي‏ يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ ما سَقَيْتَ لَنا فَلَمَّا جاءَهُ وَ قَصَّ عَلَيْهِ الْقَصَصَ قالَ لا تَخَفْ نَجَوْتَ مِنَ الْقَوْمِ الظَّالِمين‏

Sonra (o iki qadından, qızdan) biri utana-utana (Musanın) yanına gəlib dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Musa gördüyü işin müqabilində heç bir muzd, mükafat almamaq üçün ürəyində and içdi). (Musa qocanın) yanına gəldikdə başına gələnləri (Fironla olan əhvalatı) ona söylədi. O kişi (Şüeyb peyğəmbər) dedi: “Qorxma, artıq zalım tayfanın əlindən qurtarmısan!”

(Qəsəs surəsi, 25-ci ayə)

Bu ayə zəmanınin qızlarına öyrədir ki, iffətli və təqvalı olmaq istəyirsinizsə təkcə islam hicabına riayət etməklə kifayətlənməməlisiniz, yol gedərkən, söhbət edərkən, baxarkən və s. diqqətli olmalısınız. Şüeyb peyğəmbərin qızları məhz yol gedərkən deyil, həmdə atalarının buyurduqlarını Musaya (ə) çatdırarkən xülasə danışdılar, məhz atalarının dediklərini dedilər və artıq danışmadılar.

Yusuf surəsində həzrət Yusufun (ə) Züleyxanın dəvətindən imtina etməsinin səbəbini belə açıqlayır:

وَ لَقَدْ هَمَّتْ بِهِ وَ هَمَّ بِها لَوْ لا أَنْ رَأى‏ بُرْهانَ رَبِّهِ كَذلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَ الْفَحْشاءَ إِنَّهُ مِنْ عِبادِنَا الْمُخْلَصينَ

Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir! (Yusuf surəsi, 24-cü ayə) Bu ayədə “Rəbbin dəlili” günahdan çəkinmək üçün ən yaxşı amil hesab olunub. İmam Səccad (ə) “Rəbbin dəlili”-nin təfisirində buyurur ki, Misr əzizinin arvadı (Züleyxa) bütə tərəf getdi və bütün üzərinə bir parka sərdi. Yusuf soruşdu: niyə bu işi etdin? Bütlərin bizi görməyindən utanıram! Yusuf ona dedi: Sən görməyən, eşitməyən, anlamayan, yeyib-içməyən daşdan utanırsan, mən bəşəri yaradan və insanlara elm öyrədən Allahdan utanmayımmı?! Züleyxa bir bütdən utandı, həzrət Yusuf Allahdan.

Həmçinin Allah taala “Ələq” surəsində buyurur:أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرى‏  Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! (Ələq surəsi, 14-cü ayə). Bu ayələrdə həya və ya iffət sözü işlənməyib. Amma məna etibarı ilə həyaya dəlalət edir. Diqqəti Allahın nəzarətinə çəkmək həya doğurur. Bu ayə insanları Allahdan qorxmağa deyil, Allahdan utanmağa-həyaya dəvət edir. Bu ayədən də göründüyü kimi, həyanın islami tərbiyəetmə sistemində nə qədər önəmli və təsirli olduğunu öyrəndik.

Həya rəvayətlərdə:

Həya batini sifətdir. İnsan batinində imanla birlikdə yaranır. Məsumlar öz tövsiyələrində imanla birlikdə həyaya daha çox təkid etmiş, çox tapşırmışlar. Bəzi rəvayətlərdə həya müsəlmanlığın əsas sütunlarından hesab olunub. İmam Baqir (ə) buyurub: الْحَيَاءُ وَ الْإِيمَانُ‏ مَقْرُونَانِ فِي قَرَنٍ، فَإِذَا ذَهَبَ أَحَدُهُمَا تَبِعَهُ صَاحِبُه‏ Həya və iman bir-birinə birləşikdir, onlardan biri gedərsə o biri də onun ardınca gedər. Həzrət Peyğəmbər (s) buyurur: الحياء هو الدّين‏ كلّه‏ “Həya dinin hamısıdır”. İmam Əli (ə) buyurub: “İnsanın həyasının çoxluğu imanının əlamətidir” كَثْرَةُ حَيَاءِ الرَّجُلِ‏ دَلِيلُ إِيمَانِه‏ İmam Həsən (ə) buyurub: لَا حَيَاءَ لِمَنْ لَا إِيمَانَ لَه‏ “Dini olmayanın həyası da yoxdur”. İmam Sadiq (ə) buyurub: لَا إِيمَانَ لِمَنْ لَا حَيَاءَ لَه‏ “Həyası olmayanın dini də yoxdur”. Hədislərdə əqli (ağıl) də həyaya bağlı hesab ediblər. Bu üzdən həya insane məxsus sifətlərdəndir, çünki, məhz insan ağıllı məxluqdur və heyvanlarda insanda olduğu kimi əql və həya yoxdur. İmam Əlidən (ə) nəql olan hədisdə belə buyurulur:

هَبَطَ جَبْرَئِيلُ عَلَى آدَمَ ع فَقَالَ يَا آدَمُ إِنِّي أُمِرْتُ أَنْ أُخَيِّرَكَ وَاحِدَةً مِنْ ثَلَاثٍ فَاخْتَرْهَا وَ دَعِ اثْنَتَيْنِ فَقَالَ لَهُ آدَمُ يَا جَبْرَئِيلُ وَ مَا الثَّلَاثُ فَقَالَ الْعَقْلُ وَ الْحَيَاءُ وَ الدِّينُ فَقَالَ آدَمُ إِنِّي قَدِ اخْتَرْتُ الْعَقْلَ فَقَالَ جَبْرَئِيلُ لِلْحَيَاءِ وَ الدِّينِ انْصَرِفَا وَ دَعَاهُ-فَقَالا يَا جَبْرَئِيلُ إِنَّا أُمِرْنَا أَنْ نَكُونَ مَعَ الْعَقْلِ حَيْثُ كَانَ قَالَ فَشَأْنَكُمَا وَ عَرَج‏

Cəbrayıl (ə) həzrət Adəmə (ə) nazil olub dedi: Ey Adəm mən üç şeydən birini sənə verməyə məmur olmuşam. Ixtiyar sahibisən, birini seç. Adəm soruşdu: ey Cəbrayıl! O üç şey nədir? Əql, həya və din. Əqli seçirəm-Adəm dedi. Cəbrayıl həya və dinə dedi: siz qayıdın və əql qalsın. Həya və din Cəbrailə dedilər: bizə əqllə qalmaq əmr olunub! Əql harda olsa biz də onunlayıq. Cəbrayıl ”özünüz bilərsiniz”-deyib yuxarı qalxdı. İmam Əli (ə) buyurur: اعقل الناس احیاهم Camaatın ən ağıllısı onların ən həyalısıdır. Həya barədə olan hədislərin bəzisi qadınların iffəti ilə əlaqədardır. Bu hədislər həyanı kişidən çox qadına məxsus hesab edir. Hz. Peyğəmbər buyurub:

الْحَيَاءُ عَشَرَةُ أَجْزَاءٍ تِسْعَةٌ فِي النِّسَاءِ وَ وَاحِدَةٌ فِي الرِّجَال‏

Həya on qismdir, döqquzu qadınlarda bir qismi isə kişilərdədir. İmam Əli (ə) buyurur: الْحَيَاءُ سَبَبٌ‏ إِلَى كُلِّ جَمِيل‏ Həya bütün yaxşılıqlara və gözəlliklərə çatmağın vasitəsidir. Həya insanın zinətidir (bəzəyidir). Rəvayətlərdə izah olunub ki, insanda həya olmazsa, abır olmazsa hər işi caiz bilər, nə istəsə edər, Hz. Peyğəmbər buyurur:

آخر ما أدرك الناس من كلام النبوّة الأولى إذا لم تستحى فاصنع‏ ما شئت‏

“İlk Peyğəmbərdən sonuncu söz bu idi ki, utanmırsansa nə istəyirsən et”

İnsan fitrətən eyblərdən və qüsurlardan qaçıb qurtarmağa çalışan varlıqdır. Eyblərinin görünməsindən utanar, xəcalıt çəkər və narahat olar. Məhz bu keyfiyyətlə insan heyvandan seçilir.

“Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar…” (Əraf surəsi, 22-ci ayə). Bu ayədən də məlum olduğu kimi, ayıbı örtmək, utanmaq və həya fitri keyfiyyətdir. Bundan əlavə, insan fitrətən gözəlliklərə tərəf meyillidir. Fitrətən xeyiri, fəziləti, yaxşılıqları və gözəllikləri sevir və onları özündə toplamağa çalışarş həya da o gözəlliklərdən biridir.

Həyanın növləri:

Bir bölümə əsasən həyanə beş qismə bölmək olar:

1. Allahdan həya etmək: Bütün hallarda Allahı nəzərə alıb Onun əmelərinə itaətsizlikdən çəkinmək anlamına gəlir. Peyğəmbər (s) buyurub: Allahdan layiqli şəkildə utanın (həya edin). O həzrətə dedilər ki, kim Allahdan layiqli həya edir? Buyurdu: Allahdan həqiqətən həya edən şəxs öz əcəlini gözlərinin önünə gətirər, dünyaya və onun aldadıcı zahirinə arxa çevirər, başını və düşüncələrini qoruyar, qəbiri və qəbirdə çürüməyi əsla unutmaz.

2. Başqalarından həya etmək: İnsanlardan utanmaq, onlara hörmət etmək, danışıqda və davranışda yüngüllükdən və nalayiq davranışlardan çəkinmək.

3. Özündən həya etmək: İnsan özünə də hörmət etməlidir. ədəbli olmalı və vüqarını qorumalıdır. İmam Əli (ə) buyurub: Ən yaxşı həya sənin özündən utanmağındır.

4. Peyğmbğrdğn və imamdan həya etmək: Dini ədəbiyyata görə Allah ümmətin əməllərini Peyğəmbər və məsum imamlara göstərir. “De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” (Tövbə surəsi, 105-ci ayə). İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: Camaatın bütün əməlləri hər gün Peyğəmbərə göstərilir, ehtiyatlı olun!

5. Mələklərdən həya etmək: Qurani-kərim buyurur: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf surəsi, 18-ci ayə). Hz. Peyğımbır (s) Əbuzərə tövsiyə edərkən: Ey Əbuzər! Allahdan utan, Allaha and olsun ki, (təbii ehtiyacları rəf etmək üçün) ayaqyoluna gedərkən mələklərdən utanıram və üzümü paltarımla örtürəm.

Nəfsani həya və imani həya:

Curcani “Tərifat” kitabında yazır: “Həya iki cürdür; Nəfsani həya: Bu həyanı Allah hər kəsdə yaradıb. Ayıbının görünməsindən həya etmək mənasındadır. İmani həya: Bu həya möminərdə olur. Mömin Allahın qorxusundan günahdan çəkinir”. İmanlı şəxslər Allahı həmişə hazır və nazir gördüyü üçün daima Allaha ehtiram edir. İmani həya əsasən Allahın hazır olması və Onun nəzarətindən doğur.

Əməllərdə həya:

Abır-həya həm insanın dilində həm də davranışını ehtiva etməlidir.

-Baxarkən həya: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar)… Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər… (Nur surəsi, 30-31-ci ayə).

-Yol gedərkən həya: Qurani-kərim qadınlardan tələb edir ki, yol gedərkən də həyaya riayət etməlidirlər:  Mömin qadınlara de ki, …gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar… (Nur surəsi, 31-ci ayə). Həkim Loğmanın oğluna etdiyi tövsiyələrdən: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!” (Loğman surəsi, 18-ci ayə). Həmçinin həya tələb edir ki, övlad yol gedərkən ana və atasından irəli keçməsin.

-Danışarkən həya: Qurani-kərim Peyğəmbərin zövcələrindən istəyir ki, ehtiyatlı olsunlar, danışarkən yumşaq və əzilə-əzilə danışmasınlar: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)” (Əhzab surəsi, 32-ci ayə). Ayənin birbaşa müxatibi Peyğəmbərin arvadlarıdır. Amma bu höküm onlara məxsus deyil. Həyanın tələbinə görə qadınlar naməhrəmi həvəsə gətirəcək tərzdə danışmamalıdır. Kişilərin qadınlarla yersiz zarafatı da abırsızlıqdır.

-Geyimdə həya: Bir müsəlmanın geyimi şəri ölçülərlə uyğun gəkməlidir. Insanın geyimi onun həyasına və vüqarına xələl gətirməməlidir.  Bu məsələdə qadınla kişi arasında fərq yoxdur. Hicab islamın qadın və kişi barədə qəti hökümüdür. İslam şöhrət paltar, bədəni bildirən və nazik paltarlarla müxalifdir. Çünki, elə geyimlər ümumi həya və iffətə zərbə vurur.  Geyimdə həyanın diqqət ediləsi məsələlərdən biri də qadının geyimi ilə özünü kişiyə bənzətməsi və kişinin özünü qadına bənzətməsidir. Hz. Peyğəmbər (s) buyurub: Allah özlərini qadınlara bənzədən kişiləri və özlərini kişilərə bənzədən qadınlara nifrin edib. Daha yaxşı olar ki, ana və atalar evdə də münasib paltarlar geyinsinlər ki, evdə hörmət itməsin.

Həyanın amilləri:

Ictimai və fərdi amillər, eləcədə düşüncələr və davranışlar həyanın yaranmasında önəmli rol oynayırlar. Rəvayətlərdə sadalanan ən mühüm amilləri qeyd edirik:

Əql. Bir  məsihi rahib Hz. Peyğəmbərdən əqlin təsirlərindən soruşdu, həzrət buyurdu: Əqldən helm yaranar, helmdən elm, elmdən tərəqqi, tərəqqidən iffət, iffətdən təqva, təqvadan həya, həyadan vüqar yaranar.

İman. İmanla həya arasında sıx bağlantı var. İmam Sadiq (ə) buyurur: İmanı olmayanın həyası da olmaz.

Qadınla kişinin bir-birinə qarışmaması. İslamda təkid olunmuş məsələlərdən biri də qadınla kişi arasında hörmətdir, həm də həya və iffətin yaranmasında böyük amillərdən sayılır. Düzdür, İslam dini qadının ictimayi fəailiyyətinin əleyhinə deyil və qadının fərdi və ictimayi azadlığını rəsmi tanıyır, amma iffətinin və həyasının qorunması üçün qadınla kişi arasında xüsusi qanunların riayətinə göstəriş vermişdir:

1.Qeyri şəri və həva-həvəslə baxmaq, 2. Naməhrəmlə xəlvət etməmək, tək qalmamaq, 3. Naməhrəmlə fiziki təmasın olmaması (əl-ələ görüşmək kimi), 4. Təhrik edici (həvəsləndirici) amillərdən çəkinmək. İmam Əli (ə) barədə nəql edirlər ki, gənc qızlara salam verməkdən çəkinərdi və deyərdi qorxuram onların səsi məni vəcdə gətirər və günahı savabından daha çox olar. Əgər məsum imam bu şəkildə ehtiyatlı və diqqətli davranırsa bizlərin vəzifəsi tam aydındır, həddindən artıq ehtiyatlı olmalıyıq. İmam Əli (ə) İraq əhlinin bu işi ciddiyə almadıqlarından xəbər tutan kimi onlara xitabən buyurdu: Ey İraq əhli! Eşitdim ki, qadınlarınız yol gedərkən kişilərə.... , həya etmirsiniz?!

Valideynin düzgün davranışı. İnsan uşaqlıqdan ata-anasının yanında boyüyür, boya-başa çatır. Bu üzdən ailə övlad tərbiyəsində ilk önəmli yerdir. Valideynlər danışıqlarına və davranışlarına diqqət etməlidirlər, həyalı olmalıdırlar, bilməlidirlər ki, övladları onların etdiklərini təkrarlayacaq, onlarən tökdüklərini yığacaqlar, yaxşı-pisi, həyalılığı və həyasızlığı valideynlərindən öyrənəcəklər. Düzdür, ana və ata övladlarının məhrəmidirlər. Amma ailə mühitində həya riayət olmalıdır. Uşaqlar icazəsiz valideynlərinin otaqlarına daxil olmamalıdır. “Ey iman gətirənlər! Sahib olduqlarınız (kölə və kənizlər), həddi-büluğa çatmayanlar (yanınıza daxil olmaq istədikdə) bu üç vaxtda sizdən icazə alsınlar: sübh namazından əvvəl, günorta (yatıb dincəlmək, istirahət etmək üçün) paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. (Bu vaxtlar insan paltarını çıxarda bilər, zövcəsi ilə bir yerdə uzanıb ixtilat edə bilər və i. a.) bu üç vaxt sizin üçün xəlvət vaxtdır (paltarsız ola bilərsiniz). Qalan vaxtlarda bir-birinizin yanına (icazəsiz) girib-çıxmaqda sizə də, onlara da heç bir günah yoxdur. Allah ayələri sizə belə izah edir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Nur surəsi, 58-ci ayə). Valideynlər uşaqların gözü qabağında həvəsləndirici zarafatlar etməməli və münasib paltar geyinməlidirlər ki, günah üçün zəmin yaratmış olmasınlar.

Həyasızlığın amilləri:

Yuxarıda qeyd olundu ki, həya fitri keyfiyyətdir. Amma bəzi amillər insanı bu fitri keyfiyyətdən uzaqlaşdırır:

Hörmətsizlik. İmam Kazim (ə) buyurur: Özünlə qardaşın arasında utancaqlılıq pərdəsini tam götürmə, bir hissəsini saxla ki, aranızda həya qalsın. Səmimiyyət yaxşı şeydir, amma öz yerində!-ifrata varmaq lazım deyil. Ata-ana da övladları ilə öz aralarında həya pərdəsini götürməməlidirlər. Övladlarının yanında alicənablılıqlarını itirəcək sözlər danışmamalıdırlar.  Uşaqlar da ata-analarının hörmətini saxlamalı, onlara ehtiram göstərməlidirlər, atalarını adı ilə çağırmamalıdırlar.

Çox danışmaq. Çox danışmaq həyasızlığa gətirib çıxara bilər. İmam Əli (ə) buyurub: çox danışan şəxs çox səhv yol gedər, çox səhv edən şəxs az utanar, az utanan şəxsin təqvası azalar, təqvası azalanın qəlbi ölüdür.

Qeyri zəruri şeyləri camaatdan istəmək. İnsan həyatı boyunca müəyyən müşküllərə görə başqalarından nə isə istəməyə məcbur olur, Amma zərurət yaranmazsa heç kəsdən heç nə istəməməlidir. Çünki, yavaş-yavaş üzündəki həya aradan qalxır. İmam Sadiq (ə) buyurub: ehtiyac əlini camaata uzatmaq insanın izzətini alar, həyanı aparar. Əlbəttə ki, zərurət halları müstəsnadır.

Şərabxorluq. İmam Rıza (ə) şərabın haram olmasının hikmətini açıqlayarkən buyurub: Allah-təala şərabı haram edib, çünki, şərab günah gətirir, əqli həqiqətləri görməkdə batil edir və insanın üzündən həyanı aparır.

Allaha üsyün etmək. Günahların mənfi təsirlərindən biri də ictimai pərdələrin və həyanın aradan qalxmasıdır. İmam Sadiq (ə) buyurub: Allahla bəndə arasında qırx pərdə var. Bəndə böyük günah etdiyi zaman onlardan biri aradan qalxar. İmam Səccad (ə) həyasızlığa səbəb olan günahların siyahısını açıqlayıb: şərabxorluq, qumar, bihudə və mənasız sözlər danışmaq, camaatı güldürmək üçün nəzakətdən uzaq zarafatlar etmək, baçqalarının eybini bəyan etmək və bədnam şəxslərlə oturub-durmaq.

Həyada mötədillik:

Başqa yaxşı xislətlərdə olduğu kimi, bəzən həyada da “ifrat” və “təfrit” (lazım olan həddən çox və az) olur. Bəzən insan həya edərkən ifrata varıb cəmiyyət içinə çıxmır. Bəzən də özbaşınalıq edir və hər əməli yerinə yetirir. Hz. Peyğəmbər həyanı iki qismə bölüb: Həya iki cürdir, ağıldan qaynaqlanan həya və axmaqlıqdan (ağılsızlıqdan) əmələ gələn həya. Əqlin həyası elm, və ağılsızlığın həyası cəhalətdir. Bəyənilməyən həya camaatdan yersiz utanmaqdır. Qorxu və ya iztirab belə bir həyaya səbəb olur. Belə ki, onlar camaatın arasında ürək döyüntüsü tezləşər, üzləri qızarar, səs tonları dəyişər, az danışarlar, çox vaxt qaçqabaqlı olarlar, barmaqları və paltarları ilə oynayarlar,  başlarını aşağı dikərlər, astadan danışarlar, tək qalmağı sevərlər və bəzən ağlayarlar. Belə şəxslər bilməlidirlər ki, bu növ utancaqlığı tədricən aradan qaldıra bilərlər, özünə inamla bu problemləri çözmək mümkündür.

Üzsüzlüyün müxtəlif amilləri ola bilər. İnsanların bəzisində qorxu üzsüzlüyə gətirib çıxarır. Qorxu adətən yol gedərkən, yemək yeyərkən və başqaları ilə danışarkən yaranır. Üzsüzlük bir psixi xəstəlikdir. Bu xəstəliyə mübtəla olanlar a dətən cəmiyyətdən qaçarlar. Cəmaat arasında özlərini rahat hiss etməzlər və yersiz və hədsiz utanarlar. ətrafında olan hər kəs ona yardım edə bilər. Məxsusən valideynlər, müəllimlər və dostları ona yardımçı olmağa çalışmalıdır.

Aşağıdakı yerlərdə həya etmək caiz deyil:

Həya möhtərəm şəxsin hüzurunda pis əməli etməkdən utanmaq-çəkinmək mənasındadır. Həya pis əməldən çəkinməkdir. Yaxşı əməlləri yerinə yetirərkən utanmaq lazım deyil.

Danışmaqdan utanmaq: Hz. Peyğəmbər (s) buyurur: “Heç bir əməli riyakarcasına etmə və utanaraq o işdən çəkinmə”.

Elmin təhsilində  utanmaq: İmam Əli (ə) buyurur: “Heç kəs bilmədiyini öyrənməkdən utanmasın”.

Halal ruzi qazanmaqdan utunmaq: İmam Sadiq (ə) buyurub: Halal ruzi qazanmaqdan utanmayan şəxsin məxarici yüngülləşər, Allah onun ailəsinə öz nemətlərini verər.

Qonağa xidmət göstərməkdən utanmaq: İmam Əli (ə) buyurub: Üç çeydən çəkinmək lazım deyil: ...Qonağa xidmət etməkdən, ata və müəllim üçün ayağa qalxmaqdan və az da olsa haqqı tələb etməkdən.

Allahdan istəməkdən utanmaq: İmam Sadiq (ə) buyurur: Allah yanında ondan istəməkdən əziz şey yoxdur. Sizlərdən heç biriniz Allahın rəhmətindən istəməkdən utanmasın. Hətta bir ayaqqabı bağı olsa belə.

Kiçik bəxşişdən utanmaq: İmam Əli (ə) buyurub: kiçik hədiyyələr bağışlamaqdan utanma ki, heç bağışlamamaq ondan da azdır.

Həyanın təsirləri və faydaları:

Həya rəvayətlərdə yaxşılıqların açarı hesab olunub. Çoxlu faydaları var. Faydalarını tanımaq həyanın əhəmiyyətini artırır.

Günahın qarşısını alır: Cinsi istəkləri təzimləyən amllərdən biri də həyadır. İmam Əli (ə) buyururb: həyanı özünə libas edən şəxsin eybləri örtülər.

İnsanı alicənab edir: Həya ilə günahı tərk etdikdən sonra insan öz kəramətini əldə etmiş olur. İmam Əli (ə) buyurur: İşindən razı olmadığın şəxsin sözündən də razı olma. Ağılından razı olmadığın şəxsin işindən də razı olma. Həyasından razı olmadığın şəxsin ağılından da razı olma. Çünki, insan təbiətində kəramət və alçaqlıq yerləşdirilib. Həyası çox olanın alicənablığı da çox olar. Həyası az olan şəxs alicənab deyil.

İffət: İmanla iffətin möhkəm bağlılığı var. Çünki, iffət cinsi və əmlakda olan günahlardan çəkinməkdir. Həya və iffət rəvayətlərdə bahəm zikr olunub: İmam Əli (ə) buyurub: İffətin miqdarı həyanın miqdarına qədərdir.

Yaxşılıqları yerinə yetirmək: yaxşılıqların çoxu həyanın səmərəsidir. İmam Sadiq (ə) buyurur: Həya olmasaydı qonağa hörmət olunmazdı və əhdə vəfa qılınmazdı. Yaxşı işlərə əməl olunmazdı və pis işlərdən çəkinməzdilər. Vacibatın çoxu həya vasitəsilə yerinə yetirilir. Ata-ana və qohumların ehtiramı saxlanılmazdı, camaatın əmanəti geri verilməzdi. İffətə zidd olan heç bir əməldən çəkinməzdilər.

Günahların təmizlənməsi: İmam Səccad (ə) buyurur: Dörd şey günahların paklanmasına səbəb olar: “Camaatın xeyirinə iş görmək, düz danışmaq, Allah və camaatın yanında utanmaq və ailə ilə xoş davranmaq”

Müvəffəqiyyət: Həyanın dəyərli təsirlərindən biri də həyatda uğur qazanmaqdır. Hz. Peyğəmbər (s) yumşaqlıq, mehribanlıq, Allahı yadda saxlamaq, sağlamlıq, pislikdən çəkinmək, xoşüzlülük, güzəşt və camaat arasında yaxşı ad qazanmağı həyanın təsirlərindən hesab edib.

 

Ədəbiyyat siyahısı:

“Qurani-kərim”, “Nəhcül-bəlağə”, “Azərbaycan dilinin izahlı lüğəti”, “Fərhənge bozorge soxən”, “Xastqah, əvamil və asare şərm və həya dər neqahe Quran və hədis”   “Biharul-ənvar”, “Tuhəful-uqul”, “Vəsailuş-şiə”, “Nəhcül-fəsahə”, “Xisal”, “Usuli-kafi”, “Mizanul-hikmət”, “Təfsiri roşən”.

Hazırladı: Ə. Şəhriyar.

Yerləşdirilib: 2 May, 2019  12:45 Baxılıb: 209 Çap

Bizi izləyin!
Məqalələr