dini dwkan
RUS   |    AZE

Şiələr Peyğəmbər (s) və Əhli-Beytini (ə) bədnam edirlərmi? (4-cü hissə)

“Lillah summə lit-tarix” (“Allah, sonra da tarix naminə”) kitabının müəllifi, guya keçmiş şiə olan Hüseyn əl-Musəvi yazır:

“Bununla kifayətlənir və Fatimə (s.ə) ilə əlaqədar rəvayətlərə keçirik:

Əbu Cəfər Kuleyni “Üsulul-Kafi”də rəvayət edir ki, Fatimə Ömərin yaxasından yapışıb özünə tərəf çəkir. Süleym ibn Qeysin kitabında (səh.253-də) isə deyilir: “Fatimə Fədək məsələsinə görə Əbu Bəkr və Ömərin üzərinə yeridi, onların arasında mübahisə baş verdi. O, camaatın arasında danışır və qışqırırdı. Səsinə insanlar toplaşırdı”.

Məgər aralarında bu qədər maneələr vardı ki, Fatimə də bunarı etsin?”

CAVAB:

Kuleynidən nəql edilən rəvayətin sənədi zəifdir. Onun ravisi Abdullah ibn Muhəmməd əl-Cofidir. O isə zəif ravidir. Nəcaşi “Rical”ında onun zəif olduğunu bildirib. (“Rical”, Nəcaşi, səh.159, “Həcəriyyə” çapı. Bax: “Möcəmu ricalil-hədis”, 10/314.)

Həmçinin bu rəvayətin ravilərindən biri də Saleh ibn Əqəbədir. Onun inanılan şəxs olduğu sübuta yetməyib. Əksinə, İbn Ğəzairi onu zəif hesab edir və deyir:

“Saleh ibn Əqəbə ibn Qeys ibn Səm`an ibn Əbu Zəbihə - Peyğəmbərin (s) azad edilmiş köləsidir, Əbu Abdullahdan (ə) hədis rəvayət edib, həddi aşan və yalançıdır, ona əhəmiyyət verilməz”. (“ər-Rical”, İbn Ğəzairi, səh.69.)

Rəvayətin sənədi bu vəziyyətdə ikən fəqihlik və ictihad dərəcələri iddia edən bir şəxsin belə bir rəvayəti şiəyə qarşı dəlil təqdim etməsi necə doğru sayıla bilər?!

O, bununla kifayətlənməyib, öz əleyhinə olan hissələri kəsərək rəvayəti yarımçıq hala salıb! Müəllifin təhrif və saxtakarlığını oxucuya göstərmək üçün rəvayəti bütünlüklə nəql etməyin heç bir eybi yoxdur.

Kuleyni Abdullah ibn Muhəmməd əl-Cofi sənədilə Əbu Cəfər (ə) və Əbu Abdullahdan (ə) belə buyurduqlarını rəvayət edir:

“Hadisələr baş verdikdən sonra Fatimə (s.ə) Ömərin yaxasından yapışıb özünə tərəf çəkdi, ardınca dedi: “Allaha and olsun, ey Xəttabın oğlu, günahsız kəslərə bir şey toxunmamasını istəməsəydim, mən Allaha and içər və tez bir zamanda duamın qəbul ediləcəyini bilərdin”. (“əl-Kafi”, 1/460.)

Xanım Zəhranın (s.ə) Ömərin yaxasından yapışmasını Əllamə Məclisi “Mir`atul-uqul” kitabında Əmirəl-möminin Əlini (ə) həmin güruhun əlindən xilas etmək üçün vəziyyətin zərurətindən irəli gələn sərtlik olduğunu ifadə edir. Bu, hər bir məxluqa vacibdir...

Süleym ibn Qeysin kitabından nəql etdiyi - Xanım Fatimənin (s.ə) Əbu Bəkr və Ömərlə camaatın arasında mübahisə etməsi və qışqırması barədə rəvayətə gəldikdə, bunlar açıq təhrif və kəlmələrin yerini dəyişməkdir. Həmin mətn belədir:

“...Sahibi Fatimə (s.ə.) olduğu halda Əbu Bəkr Fədəyi onun əlindən almaq istədikdə Fatimə (s.ə.) dedi: “Məgər (hazırda) onun sahibi mən deyiləmmi? Məgər orada vəkilim də yox idi? Həmçinin Peyğəmbər (s) sağ ikən onun məhsulundan mən istifadə etmirdimmi?! Onlar dedilər: “Bəli”. Fatimə (s.ə.) dedi: “Bəs niyə mənim əlimdə olan bir şey üçün məndən şahid və dəlil istəyirsiniz?” Dedilər: “Çünki müsəlmanların qənimətidir. Əgər şahid gətirsən sənə verəcəyik. Əks halda təsdiqləməyəcəyik!”

Camaat onların ətrafında dayanıb eşitdiyi halda Fatimə (s.ə.) dedi: “Peyğəmbərin (s) verdiklərini geri almaq məsələsi yalnız bizə aid edirsiniz, yoxsa bütün müsəlmanlara tətbiq edəcəksiniz? Ey camaat! Bu ikisinin görmək istədiyi işi eşidin. Əgər mən müsəlmanların əlində olan malların mənim olduğunu iddia etsəm, fikriniz necə olar? Bu zaman məndən şahid istəyəcəksiniz, yoxsa onlardan?” Onlar dedilər: “Əlbəttə ki, səndən istəyəcəyik”.

Fatimə (s.ə.) dedi: “Bəs müsəlmanlar mənim əlimdə olan bir şeyin onlara məxsus olduğunu iddia etsələr necə, onlardan dəlil və şahid istəyəcəksiniz, yoxsa məndən?” Ömər bunu eşidib qəzəbli halda dedi: “Bu, müsəlmanların qəniməti və torpağıdır. Fatimənin əlindədir və onun məhsulunu yeyir. Əgər Peyğəmbərin bu qəniməti və onun hüququnu müsəlmanların arasından yalnız ona bağışladığına dəlil gətirsə, o zaman baxarıq!”

Fatimə (s.ə.) dedi: “Mənə yetər! Ey camaat, Allahı sizə şahid tuturam! Peyğəmbərin (s) “Qızım Fatimə Cənnət qadınlarının xanımıdır” dediyini eşitməmisiniz?! Dedilər: “Allaha and olsun, bunu Peyğəmbərdən (s) eşitmişik”. Fatimə (s.ə.) dedi: “Məgər Cənnət qadınlarının xanımı yalandan iddia irəli sürüb haqqı olmayan şeyi alarmı?! Məgər dörd nəfər mənim əxlaqsızlıq etdiyimə və ya iki nəfər oğurluq etdiyimə şahidlik etsə onların mənim əleyhimə olan sözlərini qəbul edəcəksiniz?”

Bu zaman Əbu Bəkr susurdu. Lakin Ömər dedi: “Bəli, sənə hədd cəzası da tətbiq edərik!”

Fatimə (s.ə.) dedi: “Muhəmmədin (s) dinində olmadığını təsdiq edirsənsə, o zaman yalan danışdın və rəzil oldun! Cənnət qadınlarının xanımının əleyhinə şahidliyi qəbul edən və ya ona hədd tətbiq edən lənətlənmişdir, Allahın Muhəmmədə (s) nazil etdiyinə qarşı kafir olmuşdur. Çünki “Allahın bütün pisliklərdən təmizlədiyi və pak etdiyi” (Əhzab 33-ə işarə edilir) şəxslər əleyhinə şahidliyin qəbul edilməsi əsla icazəli deyil. Belə ki, onlar hər bir pislikdən qorunmuşlar və hər bir əxlaqsızlıqdan paklanmışlar. Ey Ömər! Mənə həmin ayənin əhlindən danış! Əgər bir dəstə insan onlara və ya onlardan birinə şirk, küfr və ya əxlaqsızlıq nisbət versə, müsəlmanlar onlardan uzaqlaşmalı və onlara hədd tətbiq etməlidirlər?” Ömər dedi: “Bəli! Onlar bu barədə digər insanlarla eyni səviyyədədirlər!”

Fatimə (s.ə.) dedi: “Yalan danışdın və küfr etdin! Onlar bu barədə digər insanlarla bərabər deyillər! Çünki Allah onları qorumuş, onların məsumluğu və paklığı haqqında ayə nazil etmiş, onları bütün pisliklərdən uzaq tutmuşdur. Kim onların əleyhinə bir şeyi təsdiq etsə Allahı və Peyğəmbərini inkar etmiş olar”. Əbu Bəkr dedi: “Ey Ömər! Səni and verirəm, sus!” (“Kitabu Süleym ibn Qeys”, səh.226.)

Bu, Fədəklə bağlı Xanım Fatimənin (s.ə) Əbu Bəkr və Ömərə qarşı gətirdiyi dəlillərdir. Bəs aralarında baş verən mübahisə və iddia olunan qışqırma haradadır?!

* * *

Müəllif yazır:

“Kuleyni “Füruul-Kafi”də rəvayət edir ki, Fatimə (s.ə) Əli (r.a.) ilə evliənməyə razı deyildi. Belə ki, atası yanına gəldikdə onu ağlar halda görür və deyir: “Ağlamağının səbəbi nədir? Allaha and olsun, əgər ailəmdə ondan yaxşısı olsaydı, səni həmin şəxslə evləndirərdim. Səni onunla mən deyil, Allah evləndirir”.

CAVAB:

Bu hədis Xanımın (s.ə) Əmirəl-möminin Əli (ə) ilə evlilikdən narazı olduğuna dəlalət etmir. Bəlkə də onun ağlamağının səbəbi atası Peyğəmbərin (s) evindən ayrılmasına və ya Əmirəl-möminin Əli (ə) ilə birlikdə qarşılaşacaqları müsibətlərə görədir.

Yaxud da Xanım həya edərək zifaf gecəsinə görə ağlayır. Necə ki, bəzi rəvayətlər də buna dəlalət edir. Əbdürrəzzaq Sənani “əl-Müsənnəf”də İbn Abbasa istinad edilən uzun bir rəvayəti qeyd edir:

“Fatimə (ə) gəldikdə Əlinin Peyğəmbərin (s) yanında oturduğunu gördü, çox utandı və ağlamağa başladı. Peyğəmbər (s) onun ağlamasının səbəbinin Əlinin (ə) imkansızlığından ola biləcəyindən ehtiyatlanıb dedi: “Niyə ağlayırsan? Səni öz rəyimə görə evləndirmirəm. Sənin üçün əhlimin ən yaxşısını istəmişdim. Canım əlimdə olana and olsun ki, səni dünyanın ən xoşbəxt şəxsilə evləndirdim. O, axirətdə də salehlərdəndir”. (“əl-Müsənnəf”, Əbdürrəzzaq, 5/340, digər çap: 5/488.)

Bu hədis orada baş verənləri açıqlayır. Ona görə də Xanım Fatimənin (s.ə) sözlərində onun Əmirəl-mömininlə (ə) evlənməkdən narazı və ya məyus olduğuna dəlalət edən heç bir kəlməyə rastlamırıq.

Peyğəmbərin (s) sözləri isə Əlinin (ə) özündən sonra insanların ən yaxşısı olduğunu, onun üçün həyat yoldaşını məhz Allahın seçdiyini bildirməklə Fatiməni (s.ə) sevindirmək məqsədi daşıyır.

Qarşıda bu məzmunda əhli-sünnənin digər rəvayətləri də qeyd ediləcək.

* * *

Müəllif yazır:

“Atası Peyğəmbər (s) Büreydə ilə birlikdə Xanımın (s.ə) yanına gəldiyi zaman o, atasını görər-görməz gözləri yaşlarla doldu. Atası “Niyə ağlayırsan, qızım?” deyə soruşduqda belə cavab verdi: “Yeməyim az, qayğım çox, qəm-qüssəm ağırdır”. Başqa bir rəvayətdə isə deyir: “Allaha and olsun ki, hüznüm acı, yoxsulluğum ağır və ağrım davamlıdır” (“Kəşful-ğummə”, 1/149-150)”.

CAVAB:

Birinci hədisi Əhməd ibn Hənbəl “Fəzailus-səhabə” kitabında Süleyman ibn Büreydəyə, o da atasına istinadən nəql edib:

“Peyğəmbər (s) mənə buyurdu: “Ey Büreydə, qalx, bizimlə Fatiməyə baş çəkməyə gedək”. Evinə daxil olduqda atasını görər-görməz gözləri yaşlarla doldu”. Atası “Niyə ağlayırsan, qızım?” deyə soruşduqda belə cavab verdi: “Yeməyim az, qayğım çox, qəm-qüssəm ağırdır”. Peyğəmbər (s) buyurdu: “Bilmirsən ki, Allah yanında olanlar sənin istədiklərindən daha yaxşıdır? Ey Fatimə, məgər razı deyilsənmi ki, mən səni onların (ümmətimin, əshabımın) arasında İslamı ilk qəbul edən, ən elmli və helmdə ən üstünü olanı ilə evləndirdim? Allaha and olsun, sənin iki oğlun cənnət cavanlarındandır”. (“Fəzailus-səhabə”, 2/764.)

İkinci hədisi də Əhməd ibn Hənbəl “Müsnəd”ində, Təbərani “əl-Möcəmul-kəbir”ində Mə`qil ibn Yəsara istinadən nəql edib:

“Bir gün Peyğəmbərə (s) dəstəmaz üçün yardım etdim. Buyurdu: “Fatiməyə baş çəkmək istəyirsənmi?” Mən “Bəli” deyə cavab verdim. Peyğəmbər (s) mənə söykənmiş halda ayağa qalxdı və buyurdu: “Sənin ağırlığını başqası çəkəcək, mükafatı isə sənin olacaq”. Sanki üzərimdə onun ağırlığını hiss etmirdim. Nəhayət Fatimənin evinə yetişdik. Buyurdu: “Özünü necə hiss edirsən, qızım?” Dedi: “Allaha and olsun ki, hüznüm acı, yoxsulluğum ağır və ağrım davamlıdır”. (Əhmədin ibn Hənbəlin oğlu) Abdullah deyir: “Atamın kitabında öz dəst-xəttilə bu hədisdə belə yazıldığını görmüşəm: “Məgər razı deyilsənmi ki, mən səni ümmətimin arasında İslamı ilk qəbul edən, ən elmli və böyük helm sahibi ilə evləndirdim?” (“Müsnəd”, Əhməd ibn Hənbəl, 5/26; “əl-Möcəmul-kəbir”, Təbərani, 20/229)

Heysəmi yazır:

“Bunu Əhməd və Təbərani rəvayət ediblər. Ravilər arasında Xalid ibn Təhman vardır ki, Əbu Hatəm və digərləri onu inanılan şəxs hesab ediblər. Digər ravilər isə etibarlı şəxslərdir”. (“Məcməuz-zəvaid”, 9/101.)

Qeyd edim ki, İrbəli özünün “Kəşful-ğummə” kitabında (1/147-148) bu iki hədisi nəql edib, birinci hədisi Xəvarəzminin “Mənaqib”indən, ikinci hədisi isə Əhməd ibn Hənbəlin “Müsnəd”indən rəvayət etdiyini açıq-aydın bildirib. Müəllifin oxucunu aldatmağı özünə necə rəva bildiyini, bu iki hədisin şiə mənbələrindən olduğu və bu hədislərlə qadınlar seyyidəsini məzəmmət etdikləri təəssüratını oxucuda yaratmağa cəhd göstərdiyini anlamaq olmur!

Bununla belə, mətndə Xanım Fatimə (s.ə) atasına kasıblığından, kədər və ağrılarından şikayət edir. Bu şikayətlərin isə Əmirəl-mömininlə (ə) heç bir əlaqəsi yoxdur. Onun sözlərində ərindən narazılığına dəlalət edən bir kəlmə yer almayıb.

* * *

Müəllif yazır:

“Əlini (r.a) ümumən belə vəsf edirlər: “O, qarabuğdayı, qısaboyluya yaxın orta boylu, yekə qarınlı, barmaqları nazik, dirsəkləri qalın, ayaqları əyri (!), gözündə yara, saqqalı uzun, daz və alnı qabarıq şəxs idi” (“Məqatilut-talibin” (!), səh.27).

Əgər bu deyilənlər Əmirəl-mömininin vəsfləridirsə, Fatimə ondan necə razı ola bilərdi?”

CAVAB:

Əvvəldə də qeyd etdiyimiz kimi, “Məqatilut-talibiyyin” şiə kitablarından deyil. Həmçinin izah etdiyimiz kimi, bu sadalananların heç biri də şəxs üçün evlənməyə ikrah yaradacaq eyib sayılmaz.

Həmçinin əhli-sünnə hədisşünasları Əmirəl-möminin (ə) barədə bu vəsfləri öz kitablarında rəvayət ediblər. Onlardan bəzilərini yuxarıda qeyd etdik. Təbərani “Möcəmul-kəbir”də Vaqidiyə istinadən onun ümumi vəsfini belə nəql edir:

“Deyilir ki, Əli ibn Əbu Talib qara dərili, orta boylu, piyli (kök), enlikürək, saqqalı uzun, daz,  yekə qarınlı, iri gözlü, başı və saqqalı ağ şəxs idi”. (“Möcəmul-kəbir”, Təbərani, 1/94.)

Biz əvvəldə Əmirəl-möminin Əlinin (ə) vəsfləri barədə söhbət açmışdıq, onları burada təkrarlamağa lüzum görmürük. Həmçinin eyni vəsflərin də əhli-sünnənin öz kitablarında nəql olunduğunu bildirmişik. Şiə mənbələrində nəql edilən həmin hədislərin isə ya sənədləri zəifdir ki, onlara etina olunmaz, ya da onlar məşhur tərifəlayiq xüsusiyyətlərdir. Vəsfləri izah etdiyimiz bölümə müraciət edin.

Əgər Əmirəl-möminin (ə) bu vəsflərin bir hissəsilə, məsələn daz, başı və saqqalı ağ kimi vəsf olunmuş olsa, bu, onun gənclik və Xanım Fatimə (s.ə) ilə evlilik dövrlərinə deyil, ömrünün sonlarındakı halına dəlalət edəcək.

* * *

Müəllif yazır:

“Mövzunu uzatmamaq üçün bu miqdarla kifayətlənirik. Ancaq hər bir İmam (ə) haqda rəvayətləri nəql etmək istərdik. Sonra onların hər biri haqda beş rəvayət təqdim etməyi düşündük. Lakin bunun da mövzunu uzadacağını düşünüb Peyğəmbər (s), Əmirəl-möminin və Fatimə (s.ə) haqqında beş rəvayət nəql etməklə kifayətlənməyi qərar aldıq. Bunlar çox-çox səhifələri dolduracaqdı. Biz onların çoxunu ixtisar etməyə və daha çox gizlin mətləbləri aydınlaşdırmağa çalışacağıq.

Kuleyni “Üsulul-Kafi”də rəvayət edir: “Cəbrail Peyğəmbərin (s) yanına enərək dedi: “Ey Muhəmməd, Allah səni Fatimədən dünyaya gələcək bir övladla müjdələyir. O övladını səndən sonra ümmətin qətlə yetirəcək”. Peyğəmbər (s) dedi: “Ey Cəbrail, Rəbbimə də salam söylə. Fatimədən doğulacaq və məndən sonra ümmətimin qətlə yetirəcəyi bir övlada ehtiyacım yoxdur”. Cəbrail göyə qalxdı, bir müddətdən sonra qayıdıb eyni sözləri söylədi. Peyğəmbər (s) də yenə: “Ey Cəbrail, Rəbbimə salam söylə. Fatimədən doğulacaq və məndən sonra ümmətimin qətlə yetirəcəyi bir övlada ehtiyacım yoxdur” deyə cavab verdi. Cəbrail yenə də göyə qalxdı, sonra yerə enib Peyğəmbərə (s) dedi: “Ey Muhəmməd, Rəbbin sənə salam deyir və sənə müjdə verir ki, o uşağın sülbündə (nəslində) imamət, vilayət və canişinlik qərar verəcək”. Peyğəmbər “Mən razıyam” deyə buyurdu. Sonra Fatiməyə xəbər göndərib Allahın onu məndən sonra ümmətimin qətlə yetirəcəyi bir övladla müjdələdiyini bildirdi. Fatimə də cavabında ondan sonra ümmətinin qətlə yetirəcəyi bir övlada ehtiyacının olmadığını bildirdi. Ardınca Peyğəmbər (s) o körpənin nəslində Allahın imamət, vilayət və canişinlik qərar verəcəyini xəbər verdi. Fatimə də buna razı olduğunu bildirdi. Fatimə onu ikrahla bətnində gəzdirdi... və ikrahla doğdu. Hüseyn (ə) nə Fatimədən və nə də başqa bir qadından süd içmədi. Onu Peyğəmbərin (s) yanına gətirərdilər, o, baş barmağını onun ağzına qoyar, Hüseyn də oradan iki və üç gün yetəcək qədər süd içərdi”.

CAVAB:

Bu hədisin sənədi mürsəl olduğuna görə zəifdir. Kuleyni (r.ə) bunu Muhəmməd ibn Yəhyadan, o da Əli ibn İsmaildən, o da Muhəmməd ibn Əmr əz-Zəyyatdan, o da əshabımızdan olan bir şəxsdən (bu şəxs məlum deyil), o da İmam Əbu Abdullah Sadiqdən (ə) nəql edib.

İctihad dərəcəsinə yetişmiş bir fəqihin bu hədisin açıq-aşkar mürsəlliyinə diqqət yetirməməsi necə düşünülə bilər?! Halbuki adi tələbələr belə bu hədisin mürsəl olduğundan agahdırlar.

* * *

Müəllif yazır:

“Anlaya bilmirəm, məgər Peyğəmbər (s) Allahın müjdəsi olan bir işi rədd edə bilərmi? Eləcə də Fatimə, Allahın hökm edib onu müjdələdiyi bir işi “Mənim ona ehtiyacım yoxdur” deyib rədd edərmi? Məgər o, Hüseyni ikrah hissi keçirərək bətnində daşıdı və ikrahla doğdu? Hüseynə süd verməkdən imtina edərək onu Peyğəmbərin (s) yanına göndərərmi ki, o da baş barmağı ilə ona iki-üç gün yetəcək miqdarda süd versin?”

CAVAB:

Hədisin zəifliyi məlum olduğu halda, onun barəsində nə isə söyləmək əbəsdir. Lakin buna baxmayaraq biz ona cavab verəcəyik.

Birinci sualın cavabı: Mətndə Peyğəmbərin (s) Allahın hökm və təqdirini rədd etdiyinə dair heç bir dəlalət yoxdur. Peyğəmbər (s) məsələnin qətiləşdiyini bilmirdi və ya o, belə bir övladın doğlumaması üçün Allahın Öz təqdirini dəyişəcəyinə ümid edirdi, yaxud da Hüseynin (ə) başına gələcəklərin böyük acısını bəyan etmək istəyirdi. Ya da camaatın öldürəcəyi bir övladı arzulamadığını bildirir. Ancaq İmamların (ə) onun nəslindən olacağını xəbər verildikdə, razılaşır və onun mübarək bir övlad olduğunu anlayır.

Əllamə Məclisi deyir:

“Zahirən budur ki, Allah və elçisi tərəfindən xəbərin göndərilməsi seçim və qətiləşməmiş bir məsələ idi ki, onu rədd etmək Allahın hökmünü rədd etmək sayılmaz”. (“Mir`atul-uqul”, 5/364.)

Peyğəmbərin (s) sözləri barədə söylədiklərimizin eynisi də Xanım Fatimənin (s.ə) sözləri barədə deyiləcək.

İkinci sualın cavabı: Xanım Fatimənin (s.ə) Hüseyni bətnində narahatlıqla daşıması və narahatlıqla doğması onun başına gətiriləcək müsibətlərə və qətlinə görə idi, ona qarşı duyduğu ikrah və nifrətə görə deyildi. Bu iki məsələ arasındakı fərq açıq-aşkardır.

Bəlkə də ola bilər ki, Xanım Fatimənin (s.ə) onu bətnində belə halda daşıması və doğması qadınların hamiləlik və doğum vaxtı çəkdikləri əziyyətləri ifadə edir.

İbn Kəsir “Təfsir”ində “Çünki anası onu (bətnində) zəhmətlə (kərahətlə) gəzdirmiş, əziyyətlə (kərahətlə) doğmuşdur” (əl-Əhqaf, 15) ayəsi barədə yazır:

“Yəni hamiləlik halındakı məşəqqət, yorğunluq, ağırlıq, ürək bulanma, ağrılar və s. acılar çəkir. “...əziyyətlə doğmuşdur” – yəni bətnindəki körpədən azad olarkən çəkdiyi ağrılar və acılar”. (“Təfsiru Quranil-əzim”, 4/157.)

Fatimənin (s.ə) Hüseynə (ə) süd verməməsinin səbəbinə gəldikdə, bu, bizim dərk edə bilməyəcəyimiz və anlamayacağımız bir məsələdir. Mümkündür ki, orada buna hökm edən bir hikmət varmış və biz onu bilmirik. Bizə hər bir şey haqda məlumat çatmayıb.

Ola bilər ki, Uca Allah Hüseynin (ə) ətinin artmasını və sümüklərinin möhkəmlənməsinə Peyğəmbərin (s) bərəkətindən bəxş edib.

Hərçənd əhli-sünnə hədisşünasları da Hüseynə (ə) süd verən şəxsin Ümmü Fəzl olduğunu rəvayət ediblər. İbn Macə, Əhməd, Hakim və digərləri öz istinadları ilə Qabusdan rəvayət edirlər:

“Ümmü Fəzl dedi: “Ey Allahın elçisi, yuxuda sənin bədəninin bir parçasının mənim evimdə olduğunu gördüm”. Buyurdu: “Xeyirli yuxu görmüşsən. Fatimə bir oğlan uşağı dünyaya gətirəcək və sən də ona süd verəcəksən”. Fatimə Hüseyni və ya Həsəni dünyaya gətirdi, Ümmü Fəzl də ona süd verdi...”. (“Sünən”, İbn Macə, 2/1293; “Müsnəd”, Əhməd, 6/339, 340; “əl-Möcəmul-kəbir”, Təbərani, 3/5, 9, 25/25-27. Bax: “Müstədrək”, 3/194, Heydərabad çapı, 3/176; “Müsnəd”, Əbu Yə`la, 6/140; “ət-Təbəqatul-kubra”, İbn Səd, 8/278, 279.)

Hakim İbn Abbas sənədilə Ümmü Fəzldən rəvayət edir:

“Peyğəmbər (s) mənim yanıma gəldi. Mən həmin vaxt Hüseyn ibn Əliyə Qüsəm adlı oğlanın südünü verirdim. Peyğəmbər (s) onu götürmək istədi. Mən onu Peyğəmbərə (s) verdikdə Hüseyn (ə) onun üzərini islatdı. Ümmü Fəzl deyir: “Mən onu vurmaq üçün əlimi qaldırdıqda Peyğəmbər (s) buyurdu: “Oğlumun sidiyinin qarşısını alma (və ya “oğlumu alçaltma”)”. Deyir: “(Sidik dəyən yerin) üzərinə su tökdü”. (“əl-Müstədrək”, 3/194.)

Peyğəmbərin (s) baş barmağı ilə Hüseynə (s) süd verməsinə gəldikdə, əgər hədisin səhih olduğunu fərz etsək, bunun möcüzə yolu və Hüseyn (ə) üçün bir kəramət olaraq baş verdiyini söyləyə bilərik ki, bu vasitə ilə onun əti Peyğəmbərin (s) ətindən formalaşmış olur. Bunda heç bir qəribəlik yoxdur. Çünki əhli-sünnənin özləri də Peyğəmbərin (s) barmaqları arasında suyun çeşmə kimi axdığını və onunla sayları min beş yüz nəfərə çatacaq qədər əsgəri su ilə doydurduğunu qəbul edirlər.

Buxari “Səhih”ində və digərləri öz kitablarında Cabir ibn Abdullaha (r.ə) istinadən rəvayət edirlər:

“Hüdeybiyyə günü camaat susamışdı. Peyğəmbər (s) qarşısındakı su qabından dəstəmaz alırdı. Camaat ağlamağa hazır bir halda ona tərəf yaxınlaşdılar. Peyğəmbər (s) dedi: “Nə olub sizə?” Dedilər: “Bizim sənin qarşındakı sudan başqa nə dəstəmaz almağa və nə də içməyə suyumuz var”. Peyğəmbər əlini qaba qoydu və barmaqları arasından sanki çeşmə kimi su axmağa başladı”. Ravi deyir: “Mən ondan neçə nəfər olduqlarını soruşdum, dedi: “Əgər yüz min nəfər olsaydıq, yenə bizə yetərdi. Biz min beş yüz nəfər idik”. (“Səhih”, Buxari, 3/1105; “Səhih”, İbn Xüzeymə, 1/66; “Səhih”, İbn Hibban, 14/470.)

Buxari və Müslim “Səhih”lərində (nəql Müslimdəndir) Ənəs ibn Malikdən rəvayət edirlər:

“Peyğəmbər və əshabı Zəvrada (Mədinədə məscidlə bazar arasında bir yerdir) idilər. Peyğəmbər bir stəkan su istədi. Onu ovcuna tökdü və barmaqları arasından su axmağa başladı. Bütün səhabələr həmin su ilə dəstəmaz aldılar”. Ravi deyir: “Dedim: “Ey Əbu Həmzə, neçə nəfər idilər?” Dedi: “Təqribən üç yüz nəfər olardı”. (“Səhih”, Buxari, 3/1104; “Səhih”, Müslim, 4/1783.)

Buxari “Səhih”ində Ənəsdən rəvayət edir:

“Peyğəmbər (s) bir qab su istədi. Ona divarları qısa olan bir qədəhdə su gətirdilər. Barmaqlarını onun içinə saldı”. Ənəs deyir: “Mən onun barmaqları arasında axan suya baxmağa başladım”. Deyir: “Oradan dəstəmaz alanlarının sayının yetmiş-səksən arası olduğunu saydım”. (“Səhih”, Buxari, 1/88.)

Bu mövzuda olduqca çox hədis vardır. Bunları “Səhih”, “Sünən” və “Müsnəd” sahibləri nəql ediblər. Buxari və Müslimin rəvayətlərini nəql etdikdən sonra, digər hədisləri nəql etməyə lüzum görmürük. (Bax: “Sünən”, Tirmizi, 5/596, 597; “Müsnəd”, Əhməd, 1/460, 3/106, 132, 139, 147, 215, 189, 329, 353, 365; “Sünən”, Nisai, 1/64, 65, digər çapı: 1/60-61; “Sünən”, Darəmi, 1/18-20; “Səhih”, İbn Hibban, 14/476-484; “əl-Muvatta”, səh.24; “ət-Təbəqatul-kubra”, İbn Səd, 1/178-189, 182, 2/98; “Səhih”, İbn Xüzeymə, 1/65, 74, 102; “Müsnəd”, Əbu Əvanə, 4/428, 5/137; “əs-Sünənus-suğra”, Beyhəqi, 1/34; “Məcməuz-zəvaid”, 8/299-302, 9/9; “əs-Sünənul-kubra”, Beyhəqi, 1/30, 43; “Sünən”, Darəqutni, 1/71; “əs-Sünənul-kubra”, Nisai, 1/80, 81; “əl-Möcəmul-övsat”, Təbərani, 2/121; “Müsnəd”, Təyalisi”, səh.239 və s.)

Nəinki, əhli-sünnə hədislərində camaatın Peyğəmbərin (s) barmaqları arasından gələn yeməklərlə qidalandıqları da rəvayət olunub. Təbərani “əl-Möcəmul-kəbir”də, Əbu Əvanə “Sünən”də və digər mənbələrdə Ənəsdən nəql olunan uzun bir hədisdə deyilir:

“Peyğəmbər (s) buyurdu: “Yanınızda olanları bir yerə toplayın, sonra mənə yaxınlaşdırın. Onunla birlikdə olanlar astanada əyləşdilər. Yanımızda olan çörək və xurmaları ona yaxınlaşdırdıq və öz həsirimizin üzərinə qoyduq. Peyğəmbər (s) onun bərəkətli olması üçün dua etdi, sonra buyurdu: “Aranızdan səkkiz nəfər yanıma gəlsin”. Səkkiz nəfər onun yanına getdi. Əlini yeməyin üstündə tutub buyurdu: “Allahın adını çəkin və yeyin”. Onlar onun barmaqları arasından doyana qədər yedilər. Sonra daha səkkiz nəfərin yaxınlaşmasını istədi. Əvvəlki səkkiz nəfər ayağa qalxdı və növbəti səkkiz nəfər əyləşdi. Onlar da doyanadək yedilər...”. (“əl-Möcəmul-kəbir”, 25/110; “Müsnəd”, Əbu Əvanə, 5/181.)

Əgər bütün bunların baş verməsi mümkündürsə və Peyğəmbər (s) tərəfindən bir neçə dəfə təkrarlanıbsa, o zaman biz də bunun baş verə biləcəyini inkar etməməliyik. Peyğəmbərin (s) barmaqları arasından övladı Hüseyni (ə) yedirəcək bir şeyin gəlməsinin nə müşkülü var?!

* * *

Müəllif yazır:

“Mövlamız, ağamız şəhid Hüseyn (ə) haqqında belə sözlər deyilməsindən daha uca və əzəmətlidir. O, anasının onu bətnində nifrətlə daşımaqdan və nifrətlə doğmasından uca və böyükdür. Halbuki bütün dünya qadınları Hüseyn (ə) kimi on övlad dünyaya gətirməyi arzu edirlər. Bəs pak və iffətli Zəhra onu necə ikrahla bətnində daşıyar, ikrah hissi ilə dünyaya gətirər və süd verməkdən imtina edər?!

CAVAB:

Bunlara kifayət qədər cavab verdik. Təkrarlamağa ehtiyac görmürük. Lakin möhtərəm oxucunun diqqətini müəllifin “ağamız Hüseyn” sözlərinə çəkmək istəyirəm. Belə ki, bu ibarə şiələrin arasında geniş istifadə edilmir. Əksinə, daha çox əhli-sünnə arasında deyilir. Mövlamız Əmirəl-möminin (ə) düz buyurmuşdur:

“Hər kəsin gizlətdiyi bir şey varsa, bu onun dilinin səhvlərində və üzünün cizgilərində özünü büruzə verəcəkdir”.

Mətnləri daşımadıqları pis mənalara və yanlış məfhumlara yönəldən bu müəllifin halı olduqca təəccüblüdür. Anlamaq olmur ki, Xanım Fatimənin (s.ə) Hüseynə (ə) süd verməkdən boyun qaçırdığını mətndəki hansı ibarədən anlayıb? Hədisin zahirində Hüseynin (ə) nə Fatimədən (s.ə.) və nə də başqa bir qadından süd içmədiyi qeyd edilir. Lakin hədis Fatimənin (s.ə.) süd verməkdən imtina etdiyinə əsla dəlalət etmir.

* * *

Müəllif yazır:

“Bir məclisdə çox sayda ağalar və tələbələr əyləşmişdi. İmam Xoi orada müxtəlif uydurma rəvayətlərdən (və ya uydurmalardan) danışırdı. Sözünü belə bitirdi: “Allah kafirləri öldürsün!” Dedik: “Onlar kimlərdir?” Dedi: “Nasibilər - əhli-sünnə - onlar Hüseyni, eləcə də Əhli-Beyti söyürlər!”

İmam Xoiyə nə deyim?!”

CAVAB:

Xəbəri nəql edən şəxsin (müəllifin) sözünə etimad olmadığına görə, onun söylədiyi hər bir xəbər dəyərsiz bir iddiadan savayı bir şey deyildir.

Eləcə də, Seyid Xoidən (q.n) nəql etdikləri onun üslub və tərzindən çox uzaqdır. Həmçinin əhli-sünnənin müsəlman olduqlarına dair açıq-aydın fətvası ilə də daban-dabana ziddir. Bunu onun bütün tələbələri və kitablarını mütaliə edən hər kəs bilir.

Biz yəqinliklə bildiyimizi tərk edərək nəqllərdəki saxtakarlığı məlum olan bir kəsin sözünəmi inanacağıq?!

Bundan əlavə, Seyid Xoinin hər hansı bir məclisdə hövzə tələbələri və ağalarla birlikdə iştirak etmək adəti yox idi. Nəcəf elmi hövzəsində tədris almış hər bir şəxsə bu məlumdur. Ancaq fəqihlik və ictihad iddiaçısı zənn edir ki, Seyid Xoi (hövzə rəhbəri olması baxımından) tələbə və şagirdlərinə təlimatlar vermək üçün onlarla birlikdə məclislər təşkil edirdi. Bu isə xəyal və aşkar xətadan başqa bir şey deyildir.

Başqa bir tərəfdən, müəllifin nəql etdiyi bu uydurma hadisə və Seyid Xoidən sitat gətirdiyi sözlərlə şiələrin Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə) tənə vurduqlarına dair iddiaları arasında nə əlaqə var?!

 

Davam edəcək...

Şeyx Əli Ali-Muhsin

313news.net

 

Yerləşdirilib: 10 İyun, 2018  12:33 Baxılıb: 115 Çap

Bizi izləyin!
Məqalələr