dini dwkan
RUS   |    AZE

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (5-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bilirəm ki, bu kitabım yanlış təkzib, töhmət və inkarla qarşılaşacaq. Bu mənə əsla zərər vermir. Çünki bunların hamısını hesaba almışam. Onlar məni İsrailə, ABŞ-a işləməkdə ittiham edəcək, dinimi və şəxsiyyətimi dünya malına satdığımı söyləyəcəklər. Bu, təəccüblü deyil. Dostumuz Əllamə Seyid Musa Musəvini də eyni töhmətlərlə ittiham etmişlər. Hətta Seyid (!) Əli əl-Ğərəvi demişdir: “Səud kralı Fəhd ibn Əbdüləziz dr.Musəvini Səud ailəsindən olan gözəl qadınla və var-dövlətlə tovlamış, vəhhabi məzhəbinə keçməsi üçün Amerika banklarından birində onun hesabına əhəmiyyətli məbləğdə pul yatırmışdır”.

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.7

Cavab:

“Allah, sonra tarix naminə” adlı kitabın ciddi təkzib və iradlarla qarşılanacağı təbii idi. Çünki onun içinə nəzər saldıqda açıq-aydın yalanlar və qəbuledilməz ittihamlarla dolu olduğu görünür. İnşallah, qarşıdakı bəhslərdə möhtərəm oxucu üçün həmin yalanları ifşa edəcəyik.

Kitabdakı mövzuların inkarı üçün isə çox da səy göstərməyə ehtiyac duymayacağıq.

Onun İsrailə və ya digər ölkələrə işləməsinə gəldikdə, bilmədiyimiz bir şeyi iddia etməyi Allahdan qorxarıq. İşin həqiqətini Allah bilir, sirlərdən yalnız O agahdır!

Mirzə Əli əl-Ğərəvidən nəql etdiyi sözlər isə saxta və yalandır. Çünki onun tərəfindən əsla belə sözlər söylənməyib. Bir müddət Mirzə əl-Ğərəvinin məxsusi məclislərində iştirak etmək nəsibimiz olmuşdur. Onun bu və bu kimi sözlər söylədiyini əsla eşitməmiş və heç bir tanınmış şəxs ondan belə sözləri nəql etməmişdir. Əksinə, bu, öz-özlüyündə qəbuledilməz bir iddiadır.

Bundan əlavə, Seyid Musa Musəvinin yazdığı kitab rədd edilmiş, gətirdiyi bütün dəlillər və səsləndirdiyi iddiaları puça çıxarılmışdır. Öz-özlüyündə isbatına ehtiyac duyulan belə kəlmələrlə Musəvinin sözlərini puça çıxarmağın ehtiyacı yoxdur.

* *  *

Müəllif yazır:

“Doktor Musəvinin belə alçaq yalan, iftira və şayiələrlə qarşılaşdığını nəzərə aldıqda, mənim nəsibimin nə olacağını və barəmdə hansı şayiələrin yayılacağını təsəvvür etmək çətin deyil. Bəlkə də onlar məndən öncə haqqı açıq-aşkar ifadə edən şəxsləri (!) öldürdükləri kimi, məni də öldürmək üçün axtaracaqlar. Necə ki, onlar böyük qeyb dövrü başlandıqdan bu günədək şiənin ən böyük imamlarından olan və heç şübhəsiz, şiə alimlərinin ağalarından biri sayılan mövlamız mərhum Ayətullahul-üzma imam Seyid Əbul-Həsən İsfahaninin övladını qətlə yetirmişlər. Belə ki, Seyid Əbul-Həsən İsfahani şiə etiqadının yanlışlarının islahına və ona daxil edilmiş xurafatları ifşa etməyə cəhd göstərmişdi.  Lakin bu onların xoşuna gəlməmiş, bir qoyunu kəsər kimi, onun övladının başını kəsmişdilər. Məqsəd isə bu böyük imamı şiə məzhəbindəki yanlışları düzəltməkdən çəkindirmək idi. Həmçinin ondan əlavə, bu yanlışlardan uzaqlığını elan edən və şiəlik yolunun islahına cəhd göstərən Seyid (!) Əhməd Kəsrəvini də qətlə yetirmiş və tikə-tikə doğramışdılar”.

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.7-8

Cavab:

Şiələr ən qədim zamanlardan bəri əleyhdarlarına qarşı yalnız dəlillərlə mübarizə aparmış, öz məzhəblərində yaranan yanlışları tənqid etmiş, səhvləri ortaya çıxarmış, yanlış rəylərlə mübarizə aparmış və etiqadlarına calanmış saxta fikirləri təcrid etmişlər.

Ancaq ittiham və fiziki məhv metodu isə şiənin üslubu deyil. Əksinə, dəlillərinin naqisliyi və öz məzhəblərinin doğruluğuna sübutlarının yetərsizliyi səbəbindən bu metod müxalif məzhəblərin izlədiyi yol olub.

Seyid Əbul-Həsən İsfahaninin şiə məzhəbini islah etmək istəməsi və bu səbəbdən oğlunun öldürülməsi iddiası bütünlüklə uydurmadır. Belə ki, Seyid İsfahani şiələrin təqlid etdikləri şiə mərcələrindən biri idi və yaşadığı dövrlərdə şiələrin məşhur nəzərlərinin xilafına bir söz belə söyləməmişdi. Bəs bu islahat iddiası haradandır?!

Əgər müəllifin iddiasına görə, Seyid Əbul-Həsən İsfahani şiənin ən böyük imamlarından biri idisə və şiə məzhəbində islahat aparmağa cəhd göstərmişdisə, bəs övladının qətlindən sonra niyə bunu davam etdirmədi?! Halbuki belə böyük bir hədəf üçün heç bir maddi nemət maneə ola bilməzdi!

Müəllifin Seyid Əbul-Həsən İsfahani haqqında söylədiyi “...böyük qeyb dövrü başlandıqdan bu günədək şiənin ən böyük imamlarından olan və heç şübhəsiz, şiə alimlərinin ağalarından biri sayılan” sözləri məna etibarı ilə Seyid Musa Musəvinin “Şiə və düzəlişlər” kitabındakı müqəddiməsindən nəql edilmişdir. Belə ki, Seyid Musəvi orada yazır: “Şiələrin böyük rəhbərlərindən birinin evində doğulub, boya-başa çatdıqdan, böyük qeyb dövrü başladıqdan bu günədək şiə tarixinin gəlib-getmiş ən böyük dini rəhbərinin – babamız böyük imam Seyid Əbul-Həsən Musəvinin əlindən tərbiyə aldıqdan sonra...”.

Həmçinin yazır: “Nəcəfdə, ələvilərin gözü qarşısında, məğrib və işa namazları arasında mehrabda namaz qılarkən ruhani libasına bürünmüş bir günahkar tərəfindən, qoyunu kəsər kimi, atamın başının kəsilərək qətlə yetirilməsinin səbəbinin onu islahat xəttindən yayındırmaq olduğunu öyrənməyim mənim imanımı daha da artırdı”. (“Şiə və düzəlişlər”, səh.5.)

İctihad iddiası edən belə bir kəsin Seyid Musa Musəvinin sözləri üzərində araşdırma və təhqiqat aparmadan necə onun müqəllidinə çevrildiyi çox təəccüblüdür! Seyid Əbul-Həsən İsfahaninin (r.ə) böyük qeyb dövrü başlandıqdan ta bu günədək şiənin ən böyük imamlarından və heç şübhəsiz, şiə alimlərinin ağalarından biri sayılmadığını bütün şiə alimləri gözəl bilirlər. O, yalnız şiə təqlid mərcələrindən biri olub və əsla hansısa təhqiqat və islahatları ilə tanınmayıb. Onun qələmə aldığı yalnız bir kitabı - “Vəsilətun-nəcat” adlı əməli risaləsi vardır. Belə bir halda o, şiənin necə ən böyük rəhbərlərindən biri sayıla bilər?!

Seyid Musa Musəvinin üzrü babasını tərəfləməkdir. Hər bir gənc öz atası və ya babası ilə fərəhlənir. Bəs “Allah, sonra tarix naminə” kitabının müəllifinin Seyid Əbul-Həsən İsfahanini belə xüsusiyyətlərlə vəsf etməsinin üzrü nədir?!

Elmlə məşğul olan və alimlərlə oturub-duran, hövzədə yaşayan, iddiasına görə fəqihlik və ictihad dərəcəsinə yüksələn heç bir şəxs Seyid Əbul-Həsən İsfahaninin (r.ə) şiənin ən böyük imamı kimi vəsf etməz. Bu, şiə alimlərini şiələrin böyük imamları kimi vəsf edən əhli-sünnənin işlətdiyi sözlərdir.

Əhməd Kəsrəviyə gəldikdə, heç kəs onun islahatçılıq hərəkatına başladığını iddia etməmişdir. Onun ümumiyyətlə dinlə heç bir bağlılığı olmamış, o, məxsusi olaraq şiə məzhəbinə və onun əqidəsinə qarşı çıxmamışdır. Əhməd Kəsrəvi ümumiyyətlə dinə və onun təlimlərinə qarşı olan şəxs idi. Şiəlik etiqadı ilə bağlı sözləri də onun məxsusi bir məzhəb kimi deyil, şiəliyin dini təmsil etdiyinə görə idi. Bu baxımdan o, şiəlikdən başqa hər hansı bir məzhəbə də meyl etmədi. Əksinə, İhsan Təbərinin rəhbərliyi altında İrandakı kommunist hərəkatına qoşuldu. (Bax: “İran iki əsr sonra”, səh.263.)

Ardı var...

Şeyx Əli Ali-Muhsin

313news.net

Yerləşdirilib: 24 Yanvar, 2018  00:28 Baxılıb: 76 Çap

Bizi izləyin!
Məqalələr