dini dwkan
RUS   |    AZE

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (4-cü hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bu müddət ərzində tanış olduğum dini mərcələrlə, alim və ağalarla əlaqələrim davam edirdi. Qarşıma qoyduğum nəticəni əldə etmək üçün onlara qaynayıb-qarışırdım. Bir gün tam qənaətimlə çətin qərar almalı olacağımı bilirdim. Lakin bunun üçün münasib bir fürsət gözləyirdim”.

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.6

Cavab:

Müəlliflə mərcələr, alim və ağalar arasında sual-cavab və şübhə doğuran məsələlərin müzakirəsi olmadığı təqdirdə xoş əlaqələrin olması iddiasının heç bir əhəmiyyəti yoxdur. Belə ki, o, həmin alimlərlə onda yaranan suallarla bağlı müzakirələr apardığını və müəyyən məsələlər haqqında onlardan fikirlərini soruşduğunu qeyd etmir. Əvəzində öz sözlərini qaranlıq, mübhəm kəlmələrlə əhatə edir və sanki ona “Sənin bu sualların çox aydın və sadə məsələlərdir. Onlarda diqqət ayrılacaq və ya insanı şübhəyə düşürəcək heç bir qaranlıq cəhət yoxdur” deyiləcəyindən qorxur.

Müəllifin “dini mərcələr” sözü ictihad sahibi olduğunu iddia edən bir şəxsin, hətta sadə tələbənin belə söyləməyəcəyi kəlmədir. Belə ki, hamı tərəfindən qəbul və istifadə edilən ibarə “böyük mərcələr” və ya “təqlid mərcələri”dir.

Həmçinin onun “alim və ağalar” sözləri də belədir. Bunlar avam insanların sözüdür. Çünki alimlər sözü ilə ağalar sözü əsla bir birindən fərqləndirilməz. Belə ki, alimlər elə ağalardandır.

* * *

Müəllif deyir:

“Dostum Əllamə Seyid Musa Musəviyə baxır, onun da açıq-aydın şəkildə şiə təlimlərindəki yanlışlara qarşı çıxış etdiyini və onları düzəltməyə ciddi səy göstərdiyini görürdüm. Sonra əziz qardaşım Seyid (!) Əhməd “Şiə düşüncəsindəki dəyişikliklər” kitabını yazıb çap etdirdi. Həmin kitabı oxuduqdan sonra haqq sözümü səsləndirməyin və aldanmış qardaşlarımı aydınlatmağın zamanın yetişdiyini hiss etdim. Bizlər də alimlər kimi Qiyamət günü bunlar barədə soruşulacaq şəxslərik. Həqiqət nə qədər acı da olsa, onları xəbərdar etmək bizim borcumuzdur”.

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.6

Cavab:

Fəqihlik və ictihad iddiası edən bir kəs üçün olduqca təəccüblü haldır. Elm və fəzilətdə heç bir dəyəri olmayan adını çəkdiyi o iki şəxs kimi necə addım ata bilir, onların iddialarından ilham alıb öz vaxtının da yetişdiyinə necə qərar verə bilir?! Halbuki fəqih şəxs öz düşüncə və qərarlarında, nəyin ona vacib olub-olmadığı barədəki fikirlərində azad olmalıdır. Fəqihin başqasına təqlid etməsi icazəli deyildir.

Seyid Musa Musəvinin yazdığı “Şiə və düzəlişlər”, eləcə də Əhmədin qələmə aldığı “Şiə düşüncəsindəki dəyişikliklər” kitablarındakı iddiaların hamısı yanlış və puçdur. Fəqihlik və ictihad iddiası edən şəxslər bir kənara dursun, bunların yanlışlığı tədrisə yeni başlamış tələbələrə də gizli deyildir.

Müəllif kitabında Əhmədi “seyid” deyə vəsf edir. Bu da onun bir çox yanlışlarından biridir və seyidlə şeyxi bir-birindən fərqləndirə bilmədiyinə dəlalət edir.

* * *

Müəllif yazır:

“Ola bilsin ki, mənim üslubum və nəticələrim seyidlər (!) Musəvi ilə digər müəllifin üslub və nəticələrindən fərqlənsin. Bunun səbəbi isə tədris müddətində hər birimizin qarşısına çıxan şübhələrin müxtəlif olmasıdır.

Bəlkə də onların şəraiti mənim şəraitimdən fərqlənirdi. Belə ki, onların hər ikisi İraqı tərk etmiş və Qərb dövlətlərindən birində məskunlaşmış, yalnız bundan sonra məlum fəaliyyətlərinə başlamışdılar”.

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.6

Cavab:

“Allah, sonra tarix naminə” kitabının müəllifilə Seyid Musa Musəvi və Əhməd arasındakı fərq aşkardır. Belə ki, onların hər ikisinin ailəsi, soyu, şiə olduqları, sonradan onlarda baş qaldırmış şübhələr və ya dünyaya tamah səbəbindən doğru yoldan sapdıqları məlum faktlardır.

Ancaq “Allah, sonra tarix naminə” kitabının müəllifi məchul şəxsdir və böyük ehtimal ki, əhli-sünnə mənsubudur, şiə məzhəbini və alimlərini ləkələmək üçün şiə alimi adından istifadə edib.

Müəllifin İraqda, digər iki şəxsin isə kənarda yaşaması onların arasında fərq kimi qiymətləndirilməz. Belə ki, o, haqqın əhli-sünnə məzhəbi tərəfində olduğunu düşünürsə və hazırda həmin məzhəbə keçmişsə, bu seçimini aşkar bəyan etməli, adını açıqlamalı və məzhəbini dəyişdiyini bildirməlidir. Çünki əksər əhli-sünnə alimləri müsəlmanlardan təqiyyə etməyi icazəli bilmir, mömin şəxsin imanını gizləməsini halal saymır, yanlış saydıqları məzhəbdən onların məzhəbinə keçidin aşkar bəyan edilməsini lazım bilirlər.

Müəllif kimi “fəqih və ictihad sahibi” bir kəs bu hökmlərdən necə yayınmış, təqiyyə edərək Nəcəfdə özünü necə gizləmişdır?! Halbuki şiə məzhəbinin bütün hökmlərini inkar etdiyi kimi, təqiyyəni də inkar etməliydi.

Həmçinin bu sözlərində də əvvəlki xətalarını təkrarlayır, Əhmədi Musəvi ilə birlikdə seyid adlandırır. Qarşıdakı sözlərində də eyni yanlışa bir neçə dəfə yol verəcək.

* * *

Müəllif yazır:

“Mən İraqda, Nəcəf şəhərində qaldım. İmkanlarım o iki seyidinki (!) kimi deyildi. Mən burada qalıb-qalmamaq üzərində uzun-uzadı düşünürdüm. Sonra qalmağa, səbr edib və Allahın savabına ümid bağlayıb burada fəaliyyət göstərməyə qərar verdim”.

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.6-7

Cavab:

Əgər müəllif Nəcəfdə yaşayırsa, hövzə alimləri onu tanımalıdır. Xüsusilə də özünün iddiasına görə, o, yaşlı insandır və ictihad icazəsini 50 il öncə əldə etmişdir.  Həmçinin qeyd edək ki, Nəcəf şəhərində qeyd edilən vəsflərə sahib, əslən Kərbəladan olan belə bir alim yoxdur. Əgər olsaydı, mütləq tanınardı. Xüsusən də o, özünü elmdə üstün dərəcə sahibi kimi təqdim edir. Elmdə üstün dərəcəyə və fərqlənməyə malik insan isə əsla camaatdan gizli qala bilməz.

Bəs, müəllifin özünü şiə kimi göstərib Nəcəfdə qalmasının sirri nədir?

Halbuki o yaşda və iddia etdiyi elmə sahib hər bir şəxsin Nəcəfdən ayrılması, sünni məntəqələrinə yollanması, yeni məzhəbdaşlarına fayda verməsi və şiə məzhəbindəki yanlışlıqlardan, zəlalət və saxtakarlıqlardan onları da xəbərdar etməsi lazımdı.

Nəcəfdə qalması isə onun əl-qolunu bağlayacaq, öz missiyasını yerinə yetirə bilməməsinə səbəb olacaqdı.

Bütün bunlara rəğmən, onun Nəcəfdə qalmasını, səbr göstərib və Allahın savabına ümid bəsləyib burada fəaliyyət göstərməyi üstün tutmasını anlamaq olmur!

Hüseyn əl-Musəvi yazır:

“Əminəm ki, bir çox ağalar danlanmamaq və töhmət eşitməmək səbəbindən gördükləri və müşahidə etdikləri, öz mənbə kitablarındakı yazılar qarşısında susmağa və razılaşmağa məcbur qalmışlar. Bu kitabımın onlar üçün özlərində güc tapmağa bir stimul qərar verməsini, batil yoldan çəkinib haqq yola üz tutmalarını Allahdan diləyirəm. Belə ki, ömür çox qısadır, dəlillər isə onların əleyhinə isbatlanmışdır. Bundan sonra onların heç bir üzrü olmayacaq”.

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.7

Cavab:

Etibarlı dəlilə söykənməyən sözün heç bir dəyəri yoxdur. Həmçinin müəllifin şəxsən özünün yəqində olduğu məsələnin də digərləri üçün etimad ediləcək heç bir elmi çəkisi ola bilməz. Çünki biz də məzhəbinin düzgünlüyünə şəkk edən və əhli-sünnə məzhəbinin yanlışlığına tərəddüd etməyən bir şiə aliminin olmadığı barədə yəqinə sahibik. Əksinə, əksər əhli-sünnə alimlərinin öz məzhəblərinin düzgünlüyünə şəkk etdikləri, öz etiqadlarında bir çox təzadlar və açıq-aydın yanlışlarla qarşılaşdıqlarına əminik. Lakin avam camaatın, yaxud qəddar hakimlərin və ya sahib olduqları vəzifələri itirməyin qorxusundan onlar bu şəkk və tərəddüdlərini aşkar dilə gətirməkdən çəkinirlər.

Müəllifin bu kitabının ağalar üçün özlərində güc tapmağa bir stimul qərar verməsi, batil yoldan çəkinib haqq yola üz tutmalarını dua edərək Allahdan diləməsinə gəldikdə, bu, müstəcab olmayacaq bir duadır. Çünki həmin müəllif (qarşıda oxucuya ayıdın olacağı kimi,) öz kitabını - qilafından ta sonunadək - yalanlarla doldurmuşdur. Kitab bu cür olduğu halda, necə haqqa hidayət edə bilər?!

* * *

Müəllif yazır:

“Allaha həmd olsun ki, əlaqələrimin olduğu bəzi ağalar mənim dəvətimə müsbət cavab verdilər, yetişdiyim həqiqətləri onlar da dərk etdilər və bunu digərlərinə də çatdırmağa başladılar. Uca Allahdan bizi və onları həqiqəti insanlara çatdırmağa müvəffəq etməsini, insanların da yanlış və batildən üz çevirmələrini diləyirik. Dilənilən ən möhtərəm varlıq Allahdır!”

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.7

Cavab:

Haqq tabe olunmağa daha çox layiqdir. Cahil kəslərin belə bir adama müsbət cavab vermələri haqqı batilə və batili də haqqa çevirməz. Belə ki, haqq şəxslərlə tanınmır, əksinə, şəxslər haqqa bağlılıqları ilə tanınırlar.

Qarşıda aydın olacağı kimi, müəllif etibarlı şəxs olmadığına rəğmən, bəzi ağaların onun şiə məzhəbinin yanlışlığı barədə fikirlərilə razılaşdıqlarını və məzhəbdən üz döndərdiklərini iddia edir. Bu, sadəcə bir iddiadır və heç bir dəlili mövcud deyil. Belə bir fakta alim və fəzilətli şiələr arasında rast gəlinməyib. Onlardan heç bir şiə məzhəbinin batilliyini elan etməyib.

Əksinə, əhli-sünnənin alimləri arasında şiə məzhəbini qəbul etmək faktlar müşahidə olunub. Həmin şəxslərin adları, soyları və yaşadıqları şəhərlər də məlumdur. Onların bu mövzuda yazdıqları bir çox kitablar çap edilmiş, sadə camaat da, şiə və əhli-sünnə alimləri də onları oxumuşlar.

Ardı var...

Şeyx Əli Ali-Muhsin

313news.net

Yerləşdirilib: 23 Yanvar, 2018  23:21 Baxılıb: 72 Çap

Bizi izləyin!
Məqalələr