dini dwkan
RUS   |    AZE

"Allah, sonra da tarix naminə" kitabının müqəddiməsinin tənqidi (2-ci hissə)

Hüseyn əl-Musəvi yazır:

“Bir gün məni düşündürən məsələlərdən bir neçəsi barədə soruşmaq üçün elmi hövzənin ustadlarından birinə yaxınlaşdım. O, uzaqgörən şəxs idi və məndəki bu sualları necə həll edəcəyini yaxşı bilirdi. Sadə sözlərlə onları elə beşikdəcə boğmağa çalışaraq mənə dedi: “Hövzədə nə oxuyursan?”

Dedim: “Əhli-Beyt məzhəbini”.

Dedi: “Əhli-Beyt məzhəbi barədə şəkkin varmı?”

Var gücümlə “Allaha pənah aparıram!” deyə cavab verdim.

Dedi: “Elə isə, bu vəsvəsələri özündən uzaqlaşdır. Sən Əhli-Beyt tərəfdarısan! Əhli-Beyt bunları (bu təlimləri) Muhəmməddən (s), Muhəmməd də Allahdan almışdır”.

Az müddət susdum, nəfəsim aramlaşdı. Sonra dedim: “Allah sizi bərəkətli eləsin! Məni bu vəsvəsədən xilas etdiniz”.

Yenidən dərslərimə qayıtdım, həmin suallar və cavab tələb edən məsələlər yenidən zehnimdə canlandı. Tədris proqramı irəlilədikcə suallarım da artırdı”.

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.4-5

Cavab:

İrad: Bu sözlər öz sahibinin elmi hövzə proqramından xəbərsiz və ondan çox-çox uzaq olduğuna dəlalət edir. Belə ki, o, müəllimin “Nə oxuyursan?” sualına cavab olaraq Əhli-Beyt məzhəbini öyrəndiyini deyir. Halbuki əvvəldə də qeyd etdiyimiz kimi, tələbə ilk bir neçə ili yalnız dil, məntiq və fəlsəfə ilə bağlı elmləri oxuyur ki, bunların da Əhli-Beyt (ə) məzhəbi ilə heç bir əlaqəsi yoxdur. Çünki bunlar tələbənin ali mətləbləri anlaması üçün müqəddimə elmləridir.

Müəyyən illərini bu elmlərin öyrənilməsinə sərf etdikdən sonra da tələbə növbəti illərdə ağılın qəbul və ya rədd edə biləcəyi nəzəriyyələrdən ibarət olan üsul elmini öyrənir.

Tələbənin Əhli-Beyt (ə) məzhəbi ilə əlaqədar olan elm sahəsi isə fiqhdir ki, bu da ilk olaraq Əllamə Hillinin “Təbsiratul-mütəəllimin” kitabı ilə başlayıb, Mühəqqiq Hillinin “Şəraiul-İslam”, Şəhid Saninin “ər-Rouzətul-bəhiyyətu fi şərhil-lum`ətil-Diməşqiyyəh” kitabı ilə davam edib və sonda da Şeyx Ənsarinin “əl-Məkasib” kitabı ilə yekunlaşır.

Bu kitabların hamısı çap olunmuş və geniş oxucu auditoriyası üçün də əlçatandır. Həmin kitabların heç birində tələbəni Əhli-Beyt (ə) məzhəbi barədə şəkk və şübhəyə salacaq bir şey yoxdur. Çünki bunlar ya ilk iki kitabda olduğu kimi, sadəcə fətvalardan ibarətdir, yaxud üçüncü kitabda olduğu kimi, özündə fətvaların dəlillərini də ehtiva edir, ya da sonuncu kitabda olduğu kimi, qazanc və ticarət barədə dəlillərin təfsilatına aiddir.

Açıqladığımız hövzə proqramına rəğmən, müəllifin zehnində yaranmış şəkk və şübhələrin mənbəyinin anlamaq olmur. Xüsusilə qeyd edək ki, tədrisin ilk illərində müqəddimə dərsləri keçirilir və bu dərslərin heç birinin Əhli-beyt (ə) məzhəbi ilə əlaqəsi yoxdur.

Bununla da aydın olur ki, müəllifin qeyd etdiyi hadisələr onun hövzə proqramından xəbərsizliyi üzərində təməl tapıb və bu hekayələri əhli-sünnə tədris mərkəzlərinin proqramlarını nəzərində canlandıraraq uydurur.

* * *

Müəllif yazır:

“Mühüm budur ki, mən hövzəni əla qiymətlərlə və fərqlənmə ilə başa vurdum və zəmanəmizin öndə gedən şəxslərindən olan, hövzənin rəhbəri möhtərəm Seyid (!) Muhəmməd Hüseyn Ali Kaşiful-Ğitadan ictihad dərəcəsinə nail olduğum barədə elmi diplom aldım”.

 

 

 

 

 

 

 

 

 

Hüseyn əl-Musəvi, "Lillah sümmə lit-tarix", səh.5

Cavab:

Müəllifin sözlərinə bir neçə irad vardır:

Birinci: O, hövzə tədrisinin universitet və ya institut sisteminə bənzədiyini, ictihad diplomunun alınması ilə tədrisin başa çatdığını güman edir.

Halbuki məsələ əsla belə deyildir. Hövzə tədrisi bununla bitmir. Həmin zamanlarda Nəcəfdəki hövzələrdə oxuyan hər bir şəxs bilir ki, ictihadları qəbul edilmiş fəqihlər Nəcəfdəki elmi hövzənin rəhbərlərindən olan möhtərəm Ayətullahul-üzma Seyid Əbul-Qasim əl-Musəvi əl-Xoinin (r.ə) mühazirələrində iştirak edərək tədrislərini davam etdirirdilər.

İkinci: Müəllif zənn edir ki, ictihad dərəcəsi almaq universitetlərdə doktorluq dərəcəsinə nail olmaq kimi bir şeydir, fərqlənmə və ya əlaçılıqla başa vurulması mümkündür.

Halbuki ictihad icazəsi fərqlənən və fərqlənməyən tələbələrə də verilir. Lakin doktorluq dərəcəsi tələbənin universitet pedaqoqlarından ibarət komissiyaya öz işini təqdim etməsindən və onların qarşısında müdafiəsindən sonra əldə edilir, komissiya tərəfindən alınan qərarla həmin tələbəyə doktorluq dərəcəsi ya verilir, ya da verilməsindən imtina olunur. Bu qərar isə tələbənin komissiyaya təqdim etdiyi işin keyfiyyətindən asılıdır.

İctihad dərəcəsi isə bu yolla əldə edilmir. Bu dərəcə tələbənin ictihada çatığı və mənbələrdən şəri hökmləri əldə etmək qüdrətinə malik olduğu qənaətinə gəldikdən sonra fəqih tərəfindən öz şagirdinə verilir.

Bəzən bu dərəcə elan edilməyərək, diqqət çəkməmək üçün fərdi şəkildə və hamıdan gizli formada verilir. Yaxud da ictihad dərəcəsinə nail olmuş tələbənin fəzilətləri və üstün keyfiyyətləri bəyan olunur ki, o tələbə həmin icazəni əldə etmiş digər tələbələrdən öz üstünlüyü ilə fərqlənsin.

Üçüncü: Müəllifin fikrinə əsasən, Şeyx Muhəmməd Hüseyn Kaşiful-Ğitanın sahib olduğu elmi məqam nəzərə alınmaqla, onun şəxsən verdiyi ictihad icazələri böyük əhəmiyyətə malikdir. Bu isə yanlış düşüncədir. Belə ki, Şeyx ictihad əhli olmayan və heç bir fəzilətlə vəsf edilməyən bir çox tələbəyə ictihad icazəsi vermişdir. Buna səbəb isə yaşadığı gərgin dövrün tələbləri idi.

İranın keçmiş hökmdarı olan Rza şah Pəhləvi İran hakimiyyətinin icazəsi olmadan başa əmmamə qoymağı qadağan edən fərman imzalamışdı. Bu fərmandan yalnız ictihad sahibi fəqihləri kənarda tutmuş və istisna etmişdi.

Həmin fərman ictihad sahibi olmadıqları və İran hökuməti tərəfindən icazə verilmədiyi üçün bir çox tələbənin əmmaməsini çıxarmasına səbəb olmuşdu.

Məhz həmin zamanda Seyid Əbul-Həsən İsfahani və Şeyx Muhəmməd Hüseyn Kaşiful-Ğita kimi məzhəbin bir neçə alimi tələbələrə ictihad icazələri verməyə başladılar. Məqsəd isə elmi-dini hövzələrin varlığını qorumaq idi.

Belə ki, bu fərmanla bərabər İran hökuməti tələbələri məcburi hərbi xidmətə cəlb edir, ictihad sahiblərindən savayı heç kəsi bundan istisna etmirdi.

Şəhid Ayətullahul-üzma Mirzə Əli Ğərəvi mənə həmin dövrdə bir çox tələbənin Şeyx Muhəmməd Hüseyn Kaşiful-Ğitanın yanına gedərək məcburi hərbi xidmətdən qurtulmaq üçün ictihad icazəsi aldığını söyləmişdi. Onların bir çoxunun ictihada layiq olmadıqlarına baxmayaraq, Şeyx onlara ictihad icazəsi vermişdi.

Qeyd etdiklərimizdən aydın olur ki, Şeyx Kaşiful-Ğitanın (q.s) verdiyi ictihad icazələri tələbənin ictihad səviyyəsi bir kənara dursun, heç bir elmi fəzilətinə dəlalət etmir.

Şeyx Əli Ali-Muhsin

313news.net

Yerləşdirilib: 23 Yanvar, 2018  00:49 Baxılıb: 422 Çap

Bizi izləyin!
Məqalələr