dini dwkan
RUS   |    AZE

Bəhailərə cavab (3-cü hissə)

“19-cu əsrdə almanlar Azərbaycan torpağlarında nə axtarırdılar?”

III HİSSƏ

Bundan əvvəl də mövzü ilə əlaqədar dəyərli oxuculara məlumat təqdim olunmuşdur. Məlum məqalə sahibinin iddialarına rəddiələr silsiləsinin ardını diqqətinizə catdırmaq istəyirik.

Müəllifin təqdim etdiyi məqalənin baş qəhramanı əlbətdə ki, özünü İmamın (ə.f.) “babı” elan edən Mirzə Əli Məhəmməd Şirazidir.

Babi və bəhai tarixinə görə Mirzə Əli Şirazi, özünü İmamın (ə.f.) babı elan edəndən sonra Hicaza, Kəbə evinin ziyarətinə səfər edir. Çünki, İslam hədis qaynaqlarına görə, Qaim (ə.f.) özünü Kəbə evinin yaxınlığında aşkar edəcək. Qarşı tərəf iddia edir ki, bab Məkkə valisinə məktub yazır və bildirir ki, o həmin gözlənilən vəd olunmuş Qaimdir (ə.f.).

Mirzə Əli Şirazidən əvvəl də, tarix özünü Qaim elan edən şəxslərin şahidi olmuşdur ki, birinci, hicri təqvimlə 1081-ci ildə Abdullah əl Əcəmi, ikinci isə Məhdi əl Bənqali olmuşdur ki, hicri təqvimlə 1203-cü ildə bu iddianı etmişlər. Hər iki cəhd  puç oldu və hər iki iddiaçının edamı ilə nəticələndi.

İslam tarixçilərindən heç kəs Mirzə Əli Şirazinin belə bir səfər etdiyini qeyd etməmişdir və həmçinin tarix kitablarının heç bir səhifəsində ona “hacı” statusu ilə müraciət olunmamışdır. Və həmçinin əgər, o özünü Məhdi olaraq təqdim etsə idi sözsüz ki, digər iddiaçıların aqibətini bölüşməli və ya ən azından böyük səs küyə səbəb olardı.

Həcc mövsümü zamanında zəvvarların bir-birinə “hacı” deyərək müraciət etmələri məhşur faktdır. Həmçinin zəvvarların sayının çox olması və icra olunan ayinlər, insan kütləsinin sıxlığı ilə müşahidə olunması, Mirzə Əli Şirazinin bu səfəri gizlin yerinə yetirə bilməsi fikrinin üzərindən xətt çəkmiş olur.

Əlavə olaraq “Nəbil Zərəndi” adlı bəhai tarix kitabının təhqiqi zamanı da bu sözün yalan və uydurma olması ortaya çıxır.

Mirzə Əli Şirazi özünü bab olaraq Məkkədə elan etməyib, öncədən də tanıdığı və tələbə yoldaşı olan Molla Hüseyin Boşruiyə İranda, Şiraz şəhərində olarkən özünü İmamın (ə.f.) babı olduğunu bildirib. Həm Mirzə Əli Şirazi həm də Molla Hüseyin Boşrui, Kazım Rəşti adlı şəxsin tələbələri olublar. Kazım Rəşti də öz növbəsində Əhməd Əhsainin davamçısı və şagirdi olub.

Ölümündən qabaq Kazım Rəşti öz tələbələrinə tapşırır ki, İmamın (ə.f.) babının axtarışına çıxsınlar və onu kəşf etsinlər. Məhz bu vəsiyyət Mirzə Əli Şiraziyə imkan yaradır ki, özünün bab olma iddiasını irəli sürsün. Mirzə Əli Şirazidən savayı Kazım Rəştinin daha üç tələbəsi bu iddiada olub. Bunlar Mirzə Tahir Həqqaq İsfahani, Mirzə Şəfi Təbrizi və Mirzə Kərim Kermani olub.

Mirzə Əli Şirazi və Molla Hüseyin Boşrui arasında baş tutmuş söhbət zamanı Mirzə Əli Şirazi özünün İmam Zaman (ə.f.) olmasını yox, məhz İmamın (ə.f.) babı və insanlarla İmamın (ə.f.) arasında rabitəçi olmasını bildirmişdir. İddianın muqabilində Molla Hüseyin Boşrui qarşı tərəfdən dəlil tələb etmişdir və “bab” da öz növbəsində ona Yusif sürəsinin təfsirini gətirmişdir ki, guya bu təfsir “baba” bir başa İmam Zaman (ə.f.) tərəfindən onun bablığına dəlil olaraq verilib.

Sonralar Mirzə Əli Şirazi bu təfsiri arqument olaraq özünün qələmə aldığı “Qəyyumul Əsma” adlı kitabında gətirmiş və demişdir : “Allah belə təqdir etmişdir ki, bu təfsiri İmam Məhdi öz atasından, o da öz ata və babalarından və beləcə möminlərin əmiri Əli ibni Əbu Talibdən mənim bablığıma və İmam Məhdi ilə insanlar arasında vasitəçi olmağıma dəlil olaraq mənə versin.”

Beləcə, Mirzə Əli Şirazi özünü “bab” elan etməklə imamlıq iddiası etmədiyinin və yalnız Kazım Rəştinin tələbələri üzərində rəhbərliyə nail olmasına cəhd etdiyinin şahidi oluruq.

Qurani Kərimin Qəsəs sürəsin 5-ci ayəsində Allah-Təala buyur : “ Biz istədik ki , o yerdə zəif salınmışlara mərhəmət göstərək və onları imam, varis edək.”

Bu ayədən məlum olur ki, Allah-Təala yer üzünü öz saleh bəndələrinə verməyi vəd edib. Bu mövzuda olan vədlər, Qurani Kərimdən öncə gələn səmavi kitablarda da qeyd olunub. Və həmçinin bütün insanların bir nəfər vəd olunan xilaskarın gəlişini gözləməsi də təəcüblü deyil, çünki bəşər övladı bilir ki, gec-tez ilahi həkəmiyyət lənətlənmiş iblisin həkəmiyyətini üstələyəcək və mütləq qalib gələcək. Və bu işin sahibi də mütəhhər Əhli-Beytin (ə.s.) bizə verdiyi xəbərlərdən məlumdur.

Bununla yanaşı məsihi mənbələrdə də İsa Məsihin (ə.s.) gələcəyinə və yer üzündə ilahi həkəmiyyətin qurulmasında bilavasitə iştirak edəcəyinə dair məlumatlara rast gəlinir. Bu sözün təsdiqi İslam mənbələrində də var. Belə ki, İsa ibni Məryəm (ə.s.) gələcək və İmam Məhdiyə (ə.f.) kömək edəcək və hətta arxasında durub namaz da qılacaq.

Diqqət yetirsək görərik ki, nə “Babın” nə də “Bəhaullanın” gəlişi ilə İsa ibni Məryəm (ə.s.) ortaya çıxmamışdır. Bu faktın özü müstəqil olaraq bir sübutdur ki, nə “Bab” İmam Məhdi (ə.f.) deyil, nə də ki “Bəhaullah” bəşəriyyətin xilaskarı deyil.

Təqdim olunan dəlillər göstərir ki, həqiqətdə bu iki nəfər şəxsin heç bir ilahi rabitəsi olmamışdır və hər ikisi yalnızca zamanın və yaşam şəraitinin ağır, dövrün elmi səviyyəsinin aşağı olmasından və fərəcin intizarını çəkən insanların duyğularından istifadə edərək haqq yoldan azdıran şarlatan və yalançı olublar.

Bütün sadalananları cəmləyib belə bir nəticəyə gəlmək olar ki, özlərini “yeni ilahi din” olaraq təqdim etmək istəyən, həqiqətdə isə adi bir sekta olan “bəhai” cərəyanı məsihi inancında olan insanları öz cərgələrinə tovlamaq üçün Babı İsa Məsih (ə.s.) olaraq təqdim edirlər, müsəlmanları azdırmaq üçün isə İmam Məhdi (ə.f.) olaraq qələmə verməyə cəhd edirlər. Necə ki, bunu öz alimləri, Əbəlfəz Qərfədkani “Durar əl bəhaiyyə” adlı kitabında qeyd edir və deyir : “ Abbas (Bəhaullanın oğlu) demişdir ki, bütün müsəlman, məsihi və yəhudiləri hamının qəbul etdikləri Musəvi inancı üzərində birləşdirmək istəyir.”

İlahi, Sən Özün həqiqi Məsihin və Vəd olunmuş İmam Məhdinin (ə.f.) zühurunu tezləşdir və onun qayğıkeş əli ilə zülm və sitəmlə dolmuş yer üzünü ədalət və sülh ilə doldur!

Cavidan Müntəzir

Yerləşdirilib: 8 Oktyabr, 2017  01:26 Baxılıb: 54 Çap

Bizi izləyin!
Məqalələr