dini dwkan
RUS   |    AZE

Cəfər Sübhaninin "Allahın görülməsi" kitabı haqqında Rüstəm Mehdinin iradlarına cavab (5-ci hissə)

Bağışlayan və Mehriban Allahın adı ilə.

Ayətullah Sübhani Qurani-Kərimdə keçən bir sıra ayələrə (Bəqərə 55-56, Nisa 153, Әraf 143-155) istinad edərək görülmənin özlüyündə Quran tərəfindən pisləndiyi, çirkin bir əməl olduğunu söyləyir. Rüstəm bəy isə bu irada Әbul-Həsən Әşərinin verdiyi cavabla qarşılıq verir.

Әbul-Həsən Әşəriyə görə, yuxarıda qeyd olunan ayələrdə Allahı gözlə görmək istəyənlərə şimşəklə cavab verilməsi əslində bu işin özlüyündə çirkin və qeyri-mümkün bir iş olmasına görə deyildi. Sadəcə olaraq işarə olunan ayələrin məzmunlarına diqqətlə nəzər yetirdikdə, əzabın gəlməsinə səbəb olan əsas amilin həmin dəstənin bu işi inadkarcasına istəmələrinin olduğunu görə bilərik. Bu iddiaya dəlil olaraq Әbul-Həsən Әşəri "Furqan" sürəsinin 21-ci ayəsini dəlil gətirir. Həmin ayədə deyilir: Bizim hüzurumuza gələcəklərinə ehtimal verməyənlər, “Qoy bizim yanımıza mələklər ensin, ya da rəbbimizi görək” deyirlər. Onlar kibirlənən və açıqca dikbaşlıq edən kəslərdir". Ayədən aydın şəkilda göründüyü kimi, həmin dəstə Allahdan onu görməklə yanaşı mələklərin də enmələrini istəyiblər. Halbuki, heç kim bu işin imkansız olduğunu söyləməyib. Deməli, əgər həmin dəstənin tələbləri arasında həyata keçməsi mümkün olan bir iş varsa, o zaman onların şimşək vasitəsiylə həlak edilmələrini etdikləri dikbaşlıqlara görə olduğunu anlamalıyıq. Әks təqdirdə mələyin enməsini də imkansız bir hal olduğunu söyləməliyik.

Cavab: Ayələrin işarə etdiyi kimi, Musanın qövmündən olan bir dəstə bəzi tələblər irəli sürmüş və bunun nəticəsində şimşək vasitəsiylə həlak edilmişdilər. Әbul-Həsən Әşərinin də işarə etdiyi kimi, bu əzabın enməsində həmin dəstənin dikbaşlıq və inadkarlıq etmələri doğrudur. Ancaq, sual burasındadır ki, görəsən həmin dəstənin etdiyi inadkarlıq əzabın enməsində yeganə səbəb idi? Belə ki, əzabın enməsi üçün inadkarlığın olması kifayət etməkdədir?  Məsələnin həlli üçün bu suala cavab tapmaq önəmlidir. Burada iki ehtimal vardır:

1) İnadkarlıq və dikbaşlıq əzabın enməsi üçün yetərli səbəb idi.

2) İnadkarlıq və dikbaşlıq yetərli səbəb deyildi. Bununla yanaşı tamamlayıcı səbəb  qismində istənilən şeyin də Allah yanında məqbul olmaması şərtdir.

Birinci ehtimalı qəbul etsək, o zaman inadkarlıq olan yerdə əzabın olması da zəruri olmuş olacaqdır, çünki inadkarlıq, fəlsəfi dillə desək, nəticənin meydana gəlməsi üçün "yetərli və tam səbəb"dir. Yetərli səbəb mövcud olduğu təqdirdə nəticənin hasil olması isə zəruridir.

İnadkarlığın yetərli səbəb olması ehtimalı məqbul deyildir. Qurani-kərimin digər ayələrində həmin dəstənin başqa bir mövzuda inadkarlıq etdiklərini, buna baxmayaraq əzabın enmədiyini görürük. Bəqərə surəsinin 61-ci ayəsində belə deyilir:  Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.» Musa dedi: «Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır». Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar.  Ayədən də gördüyünüz kimi, Musanın qövmü inadkarlıq edərək mövcud olan təamlarla kifayətlənməyərək yemak üçün fərqli tərəvəzlər istədilər. Bu dikbaşlıqlarının cavabında isə sadəcə olaraq onların Allahın qəzəbinə tuş gələrək xar olduqları bildirilir. Üstəlik ayə, həmən sonra onların Allahın ayələrinə qarşı inadkar olduqlarını söyləyir. Bu da onu göstərir ki, onların bu istəkləri səmimiyyətdən və təbii ehtiyacdan doğmurdu, əksinə sırf inadkarlıq üzərində qurulmuşdu. Deməli birinci ehtimal məqbul deyil.

Birinci ehtimal qəbul olunmadığı təqdirdə ikinci ehtimalın doğruluğu məlum olmaqdadır. Belə ki, məsələ iki tərəfli olduğu üçün bir tərəfin yanlışlığı sabit olduqda digər tərəfin doğruluğu sabit olur. Belə olan təqdirdə, ilahi əzabın enməsində inadkarlığın yetərli səbəb olmadığı, əlavə bir tamamlayıcı səbəbə ehtiyac  duyulduğu aydınlaşmış olur.

Əzabın enməsi üçün inadkarlığın yetərli səbəb olmaması aydın olduqdan sonra tamamlayıcı səbəbin təşxisinə gəlirik. Sübhaniyə görə, kitabın enməsi özlüyündə mümkün bir şey olmasına baxmayaraq, bu istək əzabın enməsi üçün tam səbəb deyildi. Әksinə, Nisa surəsinin 153-cü ayəsinin də işarə etdiyi kimi, onlar bundan öncə daha böyük bir şey, yəni Allahın aydın şəkildə görülməsini tələb etmişdilər. Cəfər Sübhaninin fikrincə, ayənin bu cür gəlməsi, yəni Allahın görülmə istəyini kitab enmə tələbindən daha böyük olaraq vəsf olunması əslində bu iki şeyin mümkünlük baxımından eyni olmadığını göstərməkdədir. Belə ki, qeyd olunan iki istək həyata keçmək baxımından eyni şəkildə mümkün olmuş olsaydı, o zaman Allahın görülməsinin kitab enmə tələbindən daha böyük olaraq vəsf edilməsinin nə mənası var? Bir şey mahiyyəti gərəyi digər bir şeylə eyni şəkildə mümkün ola biləcək bir özəlliyə sahibdirsə, o zaman bunlardan birini digərinə nisbətdə böyük olaraq vəsf etməyin nə kimi hikməti vardır? Deməli, görülmək istəyi özlüyündə kitab endirmə istəyindən fərqləndiyi üçün bu istəyin daha böyük olduğu deyilir. Әlbəttə, bu fərqlilik sırf formal fərqlilik deyil. Əksinə, görülmənin imkansız olması həqiqətdə bu istəyin daha böyük olmasını gərəktirir. Bu iki istək arasında fərqliliyin olduğunu Fəxr ər-Razi də diqqətdən qaçırmayıb. Ona görə də görmə tələbinin böyüklüyünü izah etməyə çalışarkən fərqli ehtimallar qeyd edir. Həmin ehtimalların birincisi budur ki, görmə hadisəsinin dünyada imkansız olması bu tələbin daha böyük olmasına səbəb olub. Gördüyünüz kimi, Fəxr ər-Razinin bu cavabı tamamilə önfərziyyəyə dayanır. Öncədən bu işin əqlən mümkün olduğunu isbat etdiyini düşündüyü üçün məhz bu variantı ehtimallar sırasında qeyd edir. Halbuki, Rüstəm bəyin təbiriylə desək, məsələnin özü hələ müzakirə mövzusudur. Bu işin mümkünlüyü isbat olunmamışdan qabaq necə olur ki, bu variant ayənin təfsirində ehtimal olaraq qeyd olunur?

Sübhaninin də ayədəki böyük olma özəlliyinin sirrini açmağa çalışarkən bu şəkildə önfərziyyəyə istinad etməsi eynilə Razidəki kimidir. O da öncədən bu işin imkansız olduğunu öz nəzərində isbat etdiyini düşündüyü üçün ayədə keçən böyüklüyü sırf bu arqumentlə izah edir. Çünki, hər iki tələbin bərabər şəkildə mümkün olduğunu söylədiyimiz təqdirdə bu böyüklüyü məntiqli şəkildə izah edəcək heç bir dəlilin olmadığını görürük. Ona göra da Sübhaninin verdiyi bu cavab heç də Rüstəm bəyin iddia etdiyi kimi əsassız deyildir.

Daha sonra Sübhani bu işin özlüyündə imkansız olmasını bu işi tələb edənlərin bu işə layiq olmamaları şəklində izah edir. Rüstəm bəy isə etiraz olaraq yazır ki, layiq olmamaq əgər bu işin imkansız olmasına dəlildirsə, o zaman burada müşrik və qeyri-müşrik ayırımı etmək yanlışdır.

Müəllif yazır: "1. Əgər Allahın görülməsi özlüyündə qeyri-mümkündürsə, insanları bu məsələdə əhil olan və olmayan deyə iki kateqoriyaya bölmək batildir. Çünki özlüyündə qeyri-mümkün olan bir şeyə kimsə əhil deyil. Kimsənin əhil olmadığı bir şeydə isə sırf bir qismin qeyri-əhil olduğunu irəli sürmək batildir. Bir misal verək. Məsələn birisi Allahdan onu ilah etməsini istərsə, Allah da ona qəzəblə qarşılıq verərsə, bu qəzəbin səbəbini Sübhanidən başqa heç kəs “sən buna əhil olmadığın halda istədiyin üçün Allah bu cür cavab verdi” şəklində izah etməz. Çünki ikinci bir ilahın varlığı özlüyündə mümtəni, yəni qeyri-mümkün olduğu üçün, orada əhillik və qeyri-əhillikdən söhbət gedə bilməz"

Cavab: Müəllifin bu iradı əslində Sübhaninin sözlərini diqqətlə oxumamasından qaynaqlanır. Sübhani burada onların bu işə layiq olmadıqlarını söyləyərkən məqsədi onların sırf müşrik kimliyilə bu ləyaqətdən məhrum olduqlarını söyləmək deyildir. Әksinə, sırf insan olduqları üçün bu istəyə heç zaman nail ola bilməyəcəklərini söyləyir. İnsan olmaq isə müşrik və qeyri-müşrik arasında ortaq bir xüsusiyyət olduğu üçün bu hökm həqiqətdə bütün insanlara şamildir. Təbii ki, bu da Sübhaninin iddiasını doğrulamaqdadır. Rüstəm bəyin iradı Sübhaninin sözlərini yanlış anlamasından qaynaqlandığı üçün gətirdiyi iradlara bir-bir cavab vermə lüzumunu görmürük. Çünki, bütün iradları məhz bu yanlış anlaşılma üzərində qurulub...

ardı var

Təbriz Nəcəfi

313news.net

Yerləşdirilib: 8 İyun, 2017  12:28 Baxılıb: 502 Çap

Bizi izləyin!
Məqalələr