dini dwkan
RUS   |    AZE

İslam və zamanın idarə edilməsi (Time management)

Hər saniyəmiz hesaba çəkilir!

Bağışlayan və Mehriban Allahın adı ilə!

And olsun axşam çağına ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Əsr surəsi)

Zamanın idarə edilməsi barədə kitablar, veb-saytlar və təlimçilər milyon dollarlarla ölçülən sistemin bir hissəsidir. Belə ki, öz zamanlarını səmərəli təşkil etmək və məhsuldar olmaqdan ötrü axtarışa çıxan insanların sayı durmadan artır. Bu yeni bir şey deyil, hətta təhsil müəssisələri, iş sahibləri və məscidlər bu təlimçiləri dəvət edirlər ki, zamanın idarə olunması barədə danışsınlar.

Bu nəşrlərin və proqramların zəif cəhəti əsasən fərdi uğura əsaslanmalarındadır. Ancaq insan heç də həmişə fərdi uğur axtarışında deyil və hesabatlıq üçün daha sistemli yanaşmaya ehtiyac duyur. Bu zaman dinin həyatımızdakı önəmi ortaya çıxır.

İslam təkcə namaz və oruc haqqında qaydalar toplusundan ibarət deyil, həmçinin insanların digərlərilə münasibətləri, zamanın istifadəsini və fərdi məhsuldarlığı da əhatə edir. Zamanla bağlı məsləhət verən kitabların bir çoxu təqdirə layiqdir və təmamilə gözardı edilməli deyil. Ancaq biz zamanın idarə edilməsilə İslam çərçivəsində tanış olmalı və Peyğəmbərin (s) və onun Alah tərəfindən təyin edilmiş xəlifələrini rəhbər tutmalıyıq. Axı biz həyat və mənəvi keyfiyyət baxımından onlara bənzəməliyik.

ZAMAN BİZİM DEYİL Kİ, ONU İSRAF EDƏK

Kim deyir ki, zaman bizə məxsusdur və onu öz məqsədlərimiz üçün istədiyimiz kimi istifadə edə bilərik? Necə ola bilər ki, "Biz Allaha məxsusuq və Ona tərəf qayıdacağıq", amma xərclədiyimiz zaman bizə məxsusdur? Bu həyatda malik olduğumuz hər bir şey Allahın Rəhmət və Məhəbbəti sayəsindədir. Özümüz Allaha qayıdacağımız kimi, bizə hədiyyə edilən zaman da qayıdır. Zamanın düzgün bölüşdürülməməsi həyatımızın müxtəlif sahələrində: elmi, sahəvi və gündəlik münasibətlərimizdə gözlədiyimiz nəticələrin əldə edilməməsi ilə nəticələnir. Ən əsası da gündəlik işlərimizi ön plana çəkdiyimiz üçün ƏN VACİB MÜNASİBƏTİMİZƏ - ALLAHLA OLAN MÜNASİBƏTİMİZƏ qarşı etinasız yanaşmağa başlayırıq.

AXİRƏTƏ QARŞI TƏNBƏLLİK

Aramızda ən xoşbəxt insanlar öz həyatlarını İslam çərçivəsində qurmağa cəhd edən insanlardır, İslamı öz həyatları çərçivəsində quranlar deyil. İşlə məşğul zamanlarımızda namaza vaxtımızın olmadığını, yaxud namazı gecikdirə biləcəyimizə bizə pıçıldayan Şeytanın özüdür ki, bizi Allahdan və bir müsəlman olaraq öhdəliklərimizdən uzaqlaşdırır. Bunlar bizim axirətə qarşı diqqətsizliyimizin simptomlarıdır.

Günümüzdə bizi dinimizə və fərdi vəzifələrimizə qarşı münasibətimizi soyudan çox sayda işlər var. Sosial şəbəkələrdən tutmuş TV proqramlarına, qeybətdən tutmuş bizə heç bir faydası olmayan boş danışıqlara qədər... Biz zamanı israf etməkdə artıq mütəxəssis olmuşuq.

Şəxsi zamanımıza qarşı tənbəlliyimiz ibadətimizə də əhəmiyyətli dərəcədə təsir göstərir. İmam Baqir (əleyhissəlam) insanları bu dünyada tənbəlliyin səbəb olacağı nəticələr barədə xəbərdar etmişdir: "Mən dünya işlərində tənbəllik edən kəsdən bezaram. Dünya işlərində tənbəllik edən, axirətə aid işlərdə daha tənbəl olar." ("Əl-Kafi" kitabı)

Hər günümüzdə 1440 dəqiqənin olduğunu nəzərə alaraq onları necə xərclədiyimizə baxsaq görərik ki, vaxtın azlığı barədə şikayət etmək yerinə lazımsız istiqamətlərdə sərf etdiyimizi vaxtları qazanmağa ehtiyac var. Lazımsız bir telefon zəngini etmək, yaxud nisbətən az əhəmiyyətli işi görmək bizi ibadət, fərdi inkişaf kimi daha əhəmiyyətli işlərdən saxlayır.

İSLAM ÇƏRÇİVƏSİNDƏ ZAMANIN İDARƏ EDİLMƏSİ

Hər birimiz üçün işləri təxirə salmaq adi hala çevrilmişdir. "Görülməli işlər" siyahısı o qədər uzanır ki, "görülməsi mümkün olmayan işlər"ə çevrilir. Şeytan da öz növbəsində bizə müxtəlif bəhanə və üzrlər təqdim edir. Halbuki, biz əxlaq və özünütəkmilləşdirmə məsələlərinə İslam prinsipləri çərçivəsindən baxaraq bizə lazım olan, tənbəllikdən uzaqlaşdıran və daha məhsuldar fərdə çevrilməyimizə səsb olan məsləhət və addımları əldə edə bilərik.

1. İşləri əvvəlcədən planlaşdır və gününü hissələrə böl:

Həyatımızda davamlılığı qoruyub saxlamaq olduqca mühüm məsələdir və bunun üçün Hz.Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) həyatına baxa bilərik. Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) buyurub: "Mən vaxtımı üç bərabər hissəyə: 1 hissəsini ibadətə, 1 hissəsini ailə məsələlərinə və sonuncu hissəsini də iki hissədən ibarət olmaqla sosial işlərə və istirahətə bölürəm."

Qeyd: Bu bir nümunədir. Günümüzdə bu misal əsasında müxtəlif cür planlamalar həyata keçirmək olar.

2. Namazlarını hesabla:

Günümüzü 5 gündəlik namaz ətrafında planlaşdırmaq çox mühümdür. Allah Rəsulu (səllallahu əleyhi və alihi və səlləm) buyurub: "Namaz sorğu-sual ediləcək ilk əməldir." ("Nəhcul-Fəsahə"). Hamımız bilirik ki, gün ərzindəki məşğulluq ibadət üçün çətinlik yaradır. Bəs görəsən düşünürükmü ki, ibadətlərimiz bizim məşğul həyatımızı daha da asanlaşdırır? Saat, telefon, yaxud kompyuterinizdə namaz üçün xəbərdarlıq zəngi qoyun. Əgər gününüz çöldə keçirsə, özünüzlə gündəlik namaz cədvəli götürün. Günümüzdə texnoloji yeniliklər azan və qiblə proqramlarından istifadəyə imkan verir.

3. Sözünün ağası ol:

Çərçivəmizi tanımaq çox mühümdür. Hər kəsin müəyyən bir həddi var ki, ondan artıq iş görə bilməz. Təbii olaraq, bizdən yardım istəniləndə əlimizdən gələni etməyə çalışırıq. Bu bəyənilən bir iş olsa da, bəzən bizim gündəlik yaxud həftəlik planımıza problem yarada bilir. İmamlar (əleyhimussalam) əhdlərin yerinə yetirilməsi, o cümlədən bu əhdlərin pozulmasının ziyanları barədə çox sözlər demişlər.Əgər sən hər hansı bir işi səndən xahiş olunan müddətdə görə bilməyəcəksəsə, onları naümid etmək, özünü də stress altına salmaq əvəzinə bunu nəzakətli şəkildə qarşı tərəfə bildir. İmam Əli (əleyhissalam) buyurub: "Yerinə yetirə bilməyəcəyin vədlər vermə." ("Ğurərul-hikəm").

4. Vaxtımız hara gedir?

Hər gün vaxtımızı nəzərdən keçirib hara xərclədiyimizə diqqət etməliyik. Hər bir kəsin özünəxas məhsuldarlıq və səmərəlilik səviyyəsi var. Ən çx vaxt aparan işlərin siyahısını tut və onların öhdəsindən gəlməyin yollarını müəyyən elə. Diqqətə alınası məsələlərdən biri texnologiyadır. Texnologiyanın yaradılma məqsədi bizim məhsuldarlığımızın artırılması olsa da, həyatımızda bir çox maneələrin də yaranmasına səbəb ola bilir.

Zamanın idarə edilməsi barədə fərdi inkişaf kitabları oxuyandan sonra görəcəksiniz ki, təqdim edilən qaydalar əslində İslami xarakterə malikdir. Bir çox dost-tanışdan da mütəmadi olaraq bunu eşidirik. Onlar fərdin fiziki, mənəvi, sosial və psixoloji vəziyyətinin tarazlanmasına xidmət edir. İslam ilk gündən bəri insanlara öz potensiallarının ən üstün dərəcəsinə çatmağa imkan verməklə yanaşı, Allah və insanlıq qarşısındakı, o cümlədən öz qarşısındakı öhdəliklərini xatırladır.

Hazırladı: az.313news.net

"Islamic insights" materialları əsasında

Yerləşdirilib: 22 Dekabr, 2016  16:35 Baxılıb: 505 Çap

Bizi izləyin!
Məqalələr