dini dwkan
RUS   |    AZE

Rical elmi və onun zəruriliyi (şübhələrə cavab)

1-Cİ ŞÜBHƏ

Rical elmi sünni elmlərindəndir. Qurani-Kərim və Əhli-Beyt İmamları (əleyhimus-səlam) yolu ilə gəlib çatan elmlərdən deyildir. Bu isə onun elmi dəyərini aradan aparır.

Bu barədə məhdəviyyat iddiaçılarından biri danışaraq demişdir:

“Əhli-Beytdən (əleyhimus-səlam) sadir olmayan bir mənhəci özünə (yol) seçmək, Muhəmməd və Ali-Muhəmmədin (əleyhimus-səlam) dininə qarşı cürət etmək və onunla şəri müxalifət etmək sayılır. Elə isə, gör mənhəc Əhli-Beytdən (əleyhimus-səlam) rəvayət edilən şeylərə zidd olarsa, onda nə olar?!” (əl-Vəsiyyə vəl-Vəsi, səh.255)

Başqa birisi isə demişdir:

“Bu elmdən, əsil Muhəmmədi yolu ilə düşmən olan siyasi dairələrə xidmət məqsədiylə istifadə edilmişdir. Bu şəkildə ki, məsuma (əleyhis-səlam) nisbət verilən və həmin siyasi dairələrin mənafeləri ilə uyuşmayan rəvayətlər zəif hesab edilmişdir. Onların nə şəri, nə də əqli dəyərinin olmadığı göstərilmişdir. Bu elm (rical elmi) – diqqəti nəql edənə yönəldib nəql edilənin əqidəvi və fiqhi dəyərinə diqqət yetirməməklə – məsumlara (əleyhimus-səlam) mənsub olan rəvayətlərin güvənirliyi barədə şəkk-şübhələr ortaya salmışdır. Bu elm rəy və ictihad əhli qarşısında qapı açmışdır ki, öz düşüncələrinə uyğun gələn şeyləri seçib götürsünlər (qalanlarını isə bir kənara atsınlar)... Bir sözlə, rical elmi araşdırma yolu olan Quran yoluna müxalifdir”. (ət-Tariq iləd-dəva əl-Yəmaniyyə, səh.78)

Şübhəyə cavab:

Bu şübhəyə yığcam cavab: Şübhə, onun sahibinin rical elmi barədə, hətta Quran və rəvayətlər barədə böyük bir cəhalətdə olduğundan xəbər verir. Bunu aşağıda qeyd edəcəyimiz üç məqama diqqət yetirməklə başa düşmək olar:

1-ci məqam: Qurani-Kərim

Qurani-Kərim ravinin (güvənirlik və qeyri-güvənirlik) baxımından vəziyyətini öyrənməyin zərurətinə diqqət çəkən ilk mənbədir. Belə ki, Allahu-təala buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə pislik edər və sonra etdiyinizdən peşman olasınız.” (Hucurat surəsi, 6). Qurani-Kərim fasiq xəbər gətirdiyi zaman araşdırmağı əmr etmişdir. Məlumdur ki, bizi ravinin halı ilə tanış edən və bizə onun fasiq olub olmadığını öyrədən elm rical elmidir.

Kimsə ayəni yozmağa çalışaraq belə deməsin ki (necə ki, onlardan biri belə demişdir): “Quran (bu ayədə) xəbər çatdıranın fasiq olduğuna (zatən) hökm verir. Allahu-təala deyir ki, xəbəri araşdır. Deməli Quranın yolu mətnin araşdırılmasıdır, nəinki ravinin; çünki mümkündür güvənilir ravi də səhv və xəta etsin, məsələni yanlış anlasın. Belə olan təqdirdə hədisi qəbul edəcəyik, yoxsa yenə hədisin mətnini araşdıracağıq?

Gərəkli olan budur ki, mətni araşdırq, ravi siqə və ya fasiq olsa belə. Çünki höccət olan ravi(nin özü) deyil. Höccət olan məhz hədis və rəvayətin mətnidir.” (ət-Tariq ilə dəva əl-Yəmaniyyə, səh.78)

Buna belə cavab verilər ki: İstər fasiqin xəbərini qəbul etməyi qeyri-caiz bilək, istərsə də, o xəbər gətirən zaman onun xəbərinin araşdırılmasını və bundan sonra qəbul və ya inkar edilməsi gərəkdiyini deyək, fərq etməz, hər iki halda rical elminə ehtiyaclı olacağıq.

Birinci hala gəlincə ki, məlumdur. İkinci hala gəlincə isə, ona görə ki: bu halda rical elmi həyəcən və xəbərdarlıq siqnalı funksiyasında olacaq. Bu mənada ki, bizi növbəti mərhələdə xəbəri qəbul və ya rədd etməyimiz üçün onu araşdırmağa sövq edəcək.

Bununla yanaşı, siqə şəxsin xəbəri ilə fasiq şəxsin xəbərinin eyni səviyyədə olduğunu demək və onların hər ikisinin xəbərlərinin araşdırılması gərəkdiyini iddia etmək, ayədəki “fasiq” sözü ilə oynamaqdır.

Siqə şəxsin xəta edə bilmə və xəbər çatdırarkən səhvə düçar ola bilmə ehtimalı buna haqq vermir ki, onun xəbəri fasiqin xəbəri ilə eyni tutulmalıdır. Belə ki, siqə şəxsin xəbəri barəsində olan bu ehtimal “qəflət və xəta etməmə prinsipi ” adlanan əqli prinsip vasitəsilə inkar olunur. Halbuki eyni prinsip qeyri-siqə şəxsin xəbəri üçün keçərli deyil. Elə isə hökm məqamında onları eyniləşdirmək olmaz.

2-ci məqam: Mütəhhər sünnə:

Bu mövzu ilə bağlı bir çox rəvayətlər varid olmuşdur ki, onlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. İmam Məhdidən (əccəlallahu təala fərəcəhuş-şərif) belə nəql edilir:

“Dostlarımızdan heç bir kəs üçün üzr yoxdur ki, bizim yanımızda güvənilir (siqə) olan şəxslərin bizdən nəql etdikləri şeylər barədə şəkk salsın”. (Vəsailuş-şiə, 27/150)

2. Zürarə deyir ki, Əbu Cəfər Baqirdən (əleyhis-səlam) soruşdum: “Sizə fəda olum, (bəzən) sizdən bir-birinə zidd olan iki hədis nəql edirlər, bunların hansı birini qəbul edim?” Buyurdu: “Ey Zürarə, əshabın arasında məşhur olanı qəbul et. Şazz və nadir olanı boşla!” Dedim: “Ey ağam, əgər onların hər ikisi məşhur olsalar və sizdən nəql edilsələr (onda necə)?” Buyurdu: ”O iki nəfərdən hansı sənin nəzərində daha ədalətli və daha güvənilir olsa, onun sözünü qəbul et.” (Əvailil-Liali, 4/133, hədis 229)

3. Əhməd ibn İshaq Əbul-Həsəndən (əleyhis-səlam) nəql edib deyir: “Həzrətə sual verib dedi: Kiminlə get-gəl edim? Kimdən (elm) əxz edim? Kimin sözünü qəbul edim? Buyurdu: “Əl-Əmri mənim güvəndiyim şəxsdir (siqəmdir). Sənə nə çatdırsa, məndən çatdırmışdır. Məndən nə nəql etsə, (həqiqətən də) məndən nəql etmişdir. Onu eşit və ona itaət et. Həqiqətən də o siqə və etibarlıdır (əmin şəxsdir)”. (Vəsailuş-şiə, 27/128)

4-Abdullah ibn Əbi Yəfurdan nəql edilir ki, deyir: “Əba Əbdillaha (əleyhis-səlam) dedim: “Mən hər istədiyimdə sizinlə görüşə bilmirəm və sizin yanınıza gələ bilmirəm”... İmam (ə) buyurdu: “Sənə Muhəmməd ibn Müslim əs-Səqəfiyə (müraciət etməyə) nə mane olur? Həqiqətən də o mənim atamdan (hədis) eşitmişdir və onun yanında hörmətli (məqama sahib olan) birisi idi”. (Vəsailuş-şiə, 27/144; Rical Kəşşi, 1/136, 273)

5. İshaq ibn Yaqubdan nəql edilir ki, İmam Zamanın (əleyhis-səlam) xətti ilə ona belə bir məktub gəlib:

“Qarşıya çıxan hadisələrdə bizim hədislərimizi rəvayət edən şəxslərə müraciət edin. Onlar mənim sizin üzərinizə olan höccətimdirlər və mən də Allahın höccətiyəm! Muhəmməd ibn Osman əl-Əmriyə gəlincə isə – Allah ondan və ondan öncə (vəfat etmiş olan) atasından razı olsun! – o mənim güvəndiyim şəxsdir, onun məktubu mənim məktubumdur”. (əl-Fusulul-Muhimmə, 1/591)

Bu və bu kimi rəvayətlərin nəticəsi budur ki: əgər ravi siqə olarsa, o zaman onun rəvayətlərinə etimad etmək olar. Hətta, onları rədd etmək olmaz. Habelə ravi hər nə qədər daha çox siqə olarsa, ixtilaf məqamında onun rəvayətləri başqalarına nisbətdə daha çox tərcih olunar. Buna görədir ki, biz görürük ki, İmamların (əleyhimus-səlam) səhabələri fəqih ravilər barədə sual etdikləri zaman “siqəlik” məfhumuna diqqət yetirirdilər. Buna Əbdül-Əziz ibn əl-Muhtədi və Həsən ibn Əli ibn Yəqtinin İmam Rzadan (əleyhis-səlam) nəql etdikləri rəvayət şahidlik edir. Deyir:

Dedim: “Mən (hər istədiyimdə) sizin yanınıza gələ bilmirəm və dini məlumatlardan bilmək istədiyimi sizdən soruşa bilmirəm. Görəsən, Yunis ibn Əbdür-Rəhman güvənilir-siqə bir şəxsdir ki, dini məlumatlarımı ondan əxz edim?” Buyurdu: “Bəli”. (Vəsailuş-şiə, 27/137; Rical-Kəşşi, 2/490-935)

Məsələ belə olunca, bu da həmçinin öz növbəsində rical elminin əhəmiyyətinə dəlalət edir. Buna əsasən ki, bizi şəxslərin siqəliyi və güvənirliyi ilə tanış edən elm məhz rical elmidir.

Üçüncü məqam: Məsumların səhabələrinin və onlarla bir dövrdə yaşamış şəxslərin (mütəşərriənin) sirəsi:

Mütəşərriənin sirəsini və ravilərin tarixini yaxından incələyən şəxs görəcək ki, İmamların (əleyhimus-səlam) səhabələrindən olan bir çox şəxs – elə onların zamanında – rical elmi ilə bağlı əsərlər yazmışlar. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:

1. Abdullah ibn Cəbbələ əl-Kənani (vəf. 219 h.): Onun “Rical” adından bir kitabı vardır.6

2. Həsən ibn Məhbub əs-Sərrad (149-224 h.): İmam Rzanın (əleyhis-səlam) səhabələrindəndir. İmam Sadiqin (əleyhis-səlam) əshabından olan yetmiş ravidən rəvayət nəql etmişdir. Onun “əl-Məşyəxə” (“Şeyxlər”) və “Mərifətu ruvatil-əxbar” (“Hədis raviləri ilə tanışlıq”) adlı kitabları vardır.

3. Fəzl ibn Şazan ən-Nişapuri (vəf.260 h.): Onun da ricala dair bir kitabı var. O burada yalançı ravilərin adlarını toplamışdır. Habelə onun ravilərin tənqidi ilə bağlı çoxlu rəvayətləri vardır ki, Kəşşinin rical kitabında mövcuddurlar.

4. Muhəmməd ibn İsa əl-Yəqtini: Fəzl ibn Şazanın müasiridir. Onun da həmçinin “Rical” kitabı vardır.

5. Muhəmməd ibn Xalid əl-Bərqi: İmam Rzanın (əleyhis-səlam) əshabındandır. Onun da “Rical” kitabı vardır.

6. Səd ibn Abdullah əl-Əşəri: Onun da ricala dair iki kitabı vardır. Biri “Mənaqibu ruvatil-hədis” (hədis ravilərinin fəzilətləri), digəri isə “Məsalibu ruvatil-hədis” (hədis ravilərinin nöqsanları) kitabıdır.

7. Əhməd ibn Muhəmməd ibn Xalid əl-Bərqi (vəf.280 h.): Onun da iki kitabı vardır: “ər-Rical”“Tabaqatur-rical” (ravilərin təbəqələri).

8. Əhməd ibn Əli əl-Ələvi əl-Əqiqi (vəf.280 h.): Onun “Tarixur-rical” adlı kitabı var.

9. Həsən ibn Əli ibn Fəzzal (vəf. 224 h.): İmam Kazimin (əleyhis-səlam) səhabələrindəndir. Şeyx Nəcaşi (quddisə sirruh) onun barəsində deyir: “Bizə İbn Şazan, Əli ibn Hatəmdən, o Əhməd ibn İdrisdən, o Əhməd ibn Muhəmməd ibn İsadan, o da ondan (Həsən ibn Əli ibn Fəzzaldan) nəql edərək bildirdi ki, onun (Həsən ibn Əli ibn Fəzzalın) “Mütə”"Rical” kitabları olmuşdur”. (əl-Fihrist, Nəcaşi, səh.36)

10. Əli ibn Həsən ibn Əli ibn Fəzzal (doğ. 206 h.): Şeyx Vəhid əl-Bəhbəhani (quddisə sirruh) “ət-Təliqə”də onun barəsində deyir:

“Çox vaxt rical elmində onun sözlərinə əsaslanırlar. Ravilərin nöqsanlı və ya adil olmasını bilmək üçün onun sözlərinə müraciət edirlər. Hətta gizli deyil ki, o onlara hamıdan, hətta bütün rical alimlərindən daha agahdır. Əgər sən diqqətlə araşdırsan, görərsən ki, şeyxlər çox vaxt – hətta demək olar ki, hər zaman – məhz onun sözünə əsaslanırlar, ona müraciət edir və ona etimad edirlər”. (Təliqətul-Vəhid, səh.229)

11. Əhməd ibn Muhəmməd ibn Rəbi əl-Əqrə əl-Kindi: Abdullah ibn əl-Əladan onun barəsində belə nəql edilmişdir ki: “Əhməd ibn Muhəmməd ibn Rəbi ricala agah idi”.

12. Əhməd ibn Muhəmməd ibn Nuh: künyəsi Əbul-Abbas əs-Seyrafidir. Bir çox əsərləri vardır. Onlardan biri də “ər-Rical əlləzinə ravau an Əbi Abdillah (əleyhis-səlam)” (Əba Əbdillahdan (əleyhis-səlam) hədis nəql edən şəxslər) kitabıdır.

13. İbn Uqdə (249-333 h.): Onun da “Rical” adlı kitabı vardır.

14. Əhməd ibn Muhəmməd əl-Qummi (vəf. 350 h.): Onun “ət-Təbəqat” adlı kitabı vardır.

15. Muhəmməd ibn Əhməd ibn Davud ibn Əli, Əbul-Həsən əl-Qummi (vəf.368 h.): Böyük məqamlı şəxsiyyətdir, bir sıra kitablar qələmə almışdır. Onlardan biri “Kitabul-məmduhin vəl-məzmumin” (Mədh edilənlər və məzəmmət edilənlər barədə kitabı) kitabıdır.

Bunun kimi bir çox kitabları misal göstərə bilərik. Şeyxut-Taifə Şeyx Tusi (quddisə sirruh) bu barədə danışaraq deyir:

“Biz görürük ki, taifə (şiə məzhəbi alimləri) bu xəbərləri (rəvayətləri) nəql edən raviləri (bir-birindən) fərqləndirmişlər. Onlardan güvənilir (siqə) olanları güvənilir, zəif olanları zəif bilmişlər. Hədisinə və rəvayətinə etimad edilən şəxslərlə, xəbərinə etimad edilməyən şəxsləri bir-birlərindən ayırmışlar. Onlardan mədhə layiq olanlarını mədh etmiş, məzəmmətlilərini də məzəmmət etmişlər. Demişlər ki, filankəsin hədisləri nöqsanlıdır, filankəs kəzzabdır (yalançıdır), filankəs (hədisləri bir-birinə) qarışdırandır, filankəs məzhəb və əqidədə (bizə) müxalifdir, filankəs vaqifidir, filankəs fəthidir və s. bu kimi tənələr qeyd etmişlər. Onlar bu barədə kitablar yazmış, şəxsləri (raviləri) seçib öz fihristlərində qeyd etmişlər. Belə ki, onlardan biri bir rəvayəti inkar etdikdə, onun sənədinə baxır və rəvayəti raviləri ilə zəif hesab edirdi. Bu onların qədim və indiki dövrdəki adətləridir ki, dəyişilməmişdir”. (əl-İddə fi usulil-fiqh, 1/141)

Əgər rical elmi şəri elm olmasaydı o zaman mütəşərriə ona bu qədər diqqət yetirməzdi.

Son nəticə:

Qeyd edilən üç məqamdan məlum oldu ki, rical elmi Qurani-Kərimdən və mütəhhər sünnədən qayanqlanan bir elmdir və o, qətiyyən bidət deyildir.

______________________________________________________________________

6 Kimsə deməsin ki, bu ad kitabın rical elminə dair kitablardan olduğunu göstərmir. Buna əsasən ki, mümkündür ki, kitab, məsələn, tarix kitabı olmuş olsun, rical kitabı (tövsiq və təzifdən bəhs edən bir kitab) deyil.
Buna belə cavab verilər ki: Hərçənd ki, bu ehtimal öz-özlüyündə mümkünlüyə sahibdir, lakin bu kitabla eyni dövrdə qələmə alınan və eyni adda olan bəzi kitabların Əllamə Hilli və İbn Davud Hilli (quddisə sirruhuma) kimi bəzi rical alimlərinə gəlib çatması və onların bu kitablara etimad etmələri bu ehtimalın dəyərini aradan aparır. Belə kitablara misal olaraq Əli ibn Həsən ibn Fəzzalın “Rical” kitabını göstərmək olar. Bu kitab İbn Davuda çatmış və o öz rical kitabında bu kitaba etimad etmişdir. Necə ki, kitabının müqəddiməsində bunu bildirmişdir. Həmçinin, Fəzl ibn Şazanın “Rical” kitabını və Şərif əl-Əqiqinin (vəf.280 h.) “Tarixur-Rical” kitabını göstərmək olar.

8 səhifədən 3«««1234567»»»
Yerləşdirilib: 3 Yanvar, 2015  01:38 Baxılıb: 11323 Çap

Bizi izləyin!
Məqalələr