dini dwkan
RUS   |    AZE

Səhabə

Peyğəmbərin (s.ə.a) səhabələri silsiləsindən (2) - Salman Farsi

Bağışlayan və Mehriban Allahın adı ilə

Salman Farsi

Hicrətdən 216 və ya 316 il əvvəl İsfahanın kəndlərindən olan Ceyy kəndində bir uşaq dünyaya göz açdı. Adını Ruzbeh qoydular. Sonralar Peyğəmbər (s) ona Salman adını verdi.

Salmanın atası Zərdüşt ruhanilərindən olmuşdur. Onun daimi işi atəşə odun atmaq idi. Salman Zərdüştilik mühitində dünyaya göz açmasına baxmayaraq, heç vaxt atəşin qarşısında baş əyib ona ibadət etmirdi və yeganə Allaha pərəstiş edirdi. Salman uşaq yaşlarında anasını itirdi və onun qəyyumluğunu bibisi öz öhdəsinə götürdü.

Salman bu əqidəsinə görə 6 ay ağır şərtlərlə həbs olundu. Əgər bundan sonra da öz əqidəsini dəyişməsəydi, onu edam edəcəkdilər. O, bibisinin yardımı ilə qaçdı və səhraya üz tutdu. Səhrada Şama gedən bir karvan gördü. Onlara qoşulub tanımadığı torpaqlara üz tutdu. O, bu hicrətin əvvəlində itirdiyini tapdı. O, bir yəhudinin qulu olmasına baxmayaraq, Peyğəmbərin (s) məhzərində müsəlman oldu.1

Salmanın azad olunması və ona Salman adının verilməsi

Peyğəmbər (s) 40 xurma dənəsi və 40 vəqiyyə (hər vəqiyyə 40 dirhəmə bərabərdir) məbləğində pul verərək, Salmanı yəhudidən aldı və sonra onu azad etdi. Sonra onun adını Salman qoydu.2

Bu addəyişmənin bir neçə səbəbi var idi:

1. Cahiliyyət dövründə qoyulan bəzi adlar müsəlmana layiq adlar deyildi;

2. “Salman” sözü “salamatçılıq” və “təslim olmaq” sözündən götürülmüşdür. Bu gözəl adın Peyğəmbər (s) tərəfindən seçilməsi Salmanın son dərəcə ruhi paklığının və İslam dininə təslim olmasının nişanəsidir.

Salmanın seçilmiş fəzilətləri

Salman kamal dalınca qaçan yeganə ülgü müsəlmanlardan olmuşdur. O, nəfsin saflaşdırılmasında çox qiymətli dəyərləri özündə cəm etmişdir. Biz bu fəzilətlərin bəzilərini qeyd edirik:

1. Peyğəmbərə (s) yaxınlığı

Salman İslam dinini qəbul etdikdən sonra o qədər iman və İslama olan mərifət yolunda irəli getdi ki, Peyğəmbərin (s) yanında özünə uca bir məqam əldə etdi və Məsumların (ə) nəzərində böyük hörmət qazandı. Salman barəsində o böyük şəxsiyyətlərin söz və təriflərindən bəzisinə işarə edirik:

a) Hicrətin beşinci ilində Xəndək müharibəsi baş verdi. Burada Salmanın təklifi ilə şəhərin ətrafında xəndək qazdılar. Hər qrup Salmanın onlarla olmasını istəyirdi. Mühacirlər deyirdi: “Salman bizdəndir”. Ənsar da deyirdi: “Salman bizdəndir”. Peyğəmbər (s) isə buyurdu:

“Salman biz Əhli-beytdəndir (ə)”.3

Tanınmış arif Muhyiddin Ərəbi əhli-sünnə alimlərindən olmasına baxmayaraq, Peyğəmbərin (s) buyurduğu bu kəlamının şərhində deyir:

“Bu kəlamda Salmanın Əhli-beytə (ə) bağlılığı Peyğəmbərin (s) onun son dərəcə ali məqamına və nəfsinin paklığına şahidliyini bəyan edir. Çünki Salmanın Əhli-beytdən (ə) olması nisbi bağlılıq deyildir. Bu bağlılıq Salmanın ali dərəcədə olan insanlıq sifətlərinin səbəbinə formalaşmışdır”.4

b) Cabir Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

“Həqiqətən, behiştin Salmana şövqü Salmanın behiştə olan şövqündən əvvəl olmuşdur. Behiştin Salmanın görüşünə eşqi Salmanın behiştin görüşünə olan eşqindən daha çoxdur”.5

c) Peyğəmbər (s) buyurmuşdur:

“Hər kəs Allahın imanla nurlandırdığı qəlb sahibinə baxmaq istəyirsə, Salmana baxsın!”6

ç) O Həzrət (s) yenə buyurur:

“Salman məndəndir, ona zülm edən mənə zülm etmiş, ona əziyyət verən mənə əziyyət etmişdir”.

d) İmam Sadiq (ə) buyurmuşdur:

“Salman İsmi-Əzəmi bilirdi”.7

Bu kəlam bu mənadadır ki, Salman İrfan elmində elə bir məqama sahib olmuşdur ki, İsmi-Əzəmi öyrənməyə müvəffəq olmuşdur. Əgər kimsə bu məqama layiq olsa, duası qəbul olunar və ondan böyük kəramətlər baş verər.

2. Salmanın elmi

Peyğəmbər (s) buyurmuşdur:

“Əgər elm Sürəyya ulduzunda da olsaydı, Salman onu əldə edərdi”.8

Salmanın biliyinin çoxluğu o həddə çatmışdı ki, hər kəs onu həzm edə bilmir. İmam Sadiq (ə) buyurur:

“Peyğəmbər (s) və Əli (ə) digərlərinin daşımağa gücü çatmadığı sirləri Salmana deyirdilər və onu sirlərin və elmlərin xəzinədarlığına layiq bilirdilər. Buna görə Salmanın ləqəblərindən biri də “Mühəddis” idi”.9

Salman gələcəkdə baş verən hadisələr haqqında xüsusi elmə malik idi. O, həmçinin qiyafəşünas (atası münaqişəli olan uşağın bədən quruluşundan atasını müəyyən edən) və hədis ravilərindən idi. Onun elmi məqamı o qədər böyük idi ki, İmam Sadiq (ə) onun barəsində buyurur:

“İslamda Salmandan daha fəqih bir kişi yaradılmamışdır”.10

Peyğəmbər (s) buyurub:

“Salman elə bir elm dəryasıdır ki, onun dərinliyinə çatmaq mümkün deyildir”.11

Əlbəttə, Salmanın elmi təkcə İslam maarifi və təfəkkürü ilə məhdudlaşmır. Onun başqa fənlərdə də olan agahlığı yüksək həddədir. Belə ki, Xəndək müharibəsində Peyğəmbərə (s) xəndəyin qazılmasını o təklif etdi və buna əməl olundu. Yenə də Taif döyüşündə müşriklərin qalalarını məhv etmək üçün mancanaq düzəldilməsi təşəbbüsü Salmana aid edilir. Buna görə də Salmanın öz elmi məqamında belə danışmağa haqqı vardır:

“Ey camaat, əgər mən bildiklərimdən sizi agah etsəm, siz Salmanın dəli olduğunu deyəcək və ya Salmanı öldürənə salam göndərəcəksiniz”.12

3. Salmanın ibadəti

Salmanın ibadətinin dəyərini artıran onun elminin əhatəli olmasıdır. Çünki agah və elmli surətdə ibadət səthi ibadətdən daha qiymətlidir. İmam Sadiq (ə) buyurub:

“Bir gün Peyğəmbər (s) səhabələrinə buyurdu: “Hansınız bütün günləri oruc tutur?” Salman dedi: “Mən, ey Allahın Rəsulu!” Peyğəmbər (s) yenə soruşdu: “Hansınız bütün gecələri ibadət edirsiniz?” Salman dedi: “Mən, ey Allahın Rəsulu!” Peyğəmbər (s) soruşdu: “Sizdən hansınız hər gün bir Quran xətm edir?” Salman dedi: “Mən, ey Allahın Rəsulu!” Oradakılardan biri Salmanın özünü göstərməsini və fəxr etdiyini güman edib dedi: “Salmanı çox vaxt gündüzləri oruc tutan, gecələri namaz qılan görməmişəm. O, gündüzlərin çoxunu oruc olmur və gecələrin çoxunu də yatır. Bir çox günləri də sükutla keçirir. Bəs necə həmişə orucdur, gecələri Allaha ibadət edir və hər gün bir Quran oxuyur?” Peyğəmbər (s) buyurdu: “Sakit ol! Sənin Loğman kimi şəxsiyyətlə nə işin var? Əgər bilmirsənsə, necəliyini özündən soruş və o da cavab versin!” Salman dedi: “Hər ay 3 gün oruc tuturam. Allah-Təala da buyurub ki, “yaxşı iş görənə 10 qat mükafat verəcəyəm”. Digər tərəfdən Şəban ayının sonuncu günü oruc tutur və onu Ramazan ayının orucuna birləşdirirəm. Bu işi görən şəxsin savabı həmişə oruc tutan şəxsin savabı qədərdir. Peyğəmbərin (s) belə buyurduğunu eşitmişəm: “Hər kəs təharətlə yatsa, gecəni səhərədək ibadət edənin mükafatını qazanır”. Quran xətmi barəsində də Allahın Rəsulu (s) buyurmuşdur: “Hər kəs bir dəfə “İxlas” surəsini oxusa, Quranın üçdə birinin savabını qazanır. Hər kəs iki dəfə “İxlas” surəsini oxusa, Quranın üçdə ikisinin savabını qazanır. Hər kəs üç dəfə bu surəni oxusa, bütün Quranı oxumuş kimidir”. Yenə də Həzrət (s) buyurmuşdur: “Ya Əli, hər kəs səni dili ilə sevsə, imanın üçdə birini əldə etmişdir. Hər kəs qəlbi və dili ilə səni sevsə, imanın üçdə ikisini əldə etmişdir. Hər kəs qəlb və dili ilə səni sevsə və sənə öz əli ilə kömək etsə, bütün imanı kamil olar”.13

4. Salmanın zahidliyi

Ayə və rəvayətlərə görə, “zöhd”ün mənası ilahi nemətləri özünə haram etmək deyildir. “Zöhd” dünya işlərinə ürək bağlamamaq mənasındadır. Salmanın həyatının əvvəlindən sonunadək bütün sahələrdə özünü göstərən xüsusiyyətlərdən biri də onun zahidliyi və dünyaya bağlanmamasıdır. Salman Peyğəmbərin (s) və İmam Əlinin (ə) həqiqi tabeçilərindən olduğu üçün bu iki böyük şəxsiyyətin getdiyi yolu yaxşı tanıyırdı. Hətta o, Mədainin valisi təyin olunarkən belə, öz sadə yaşayışını tərk etmədi. Salmanın bu dərəcədə zahidliyi onun dərin imanından qaynaqlanırdı. Çünki iman gücləndikcə insan dünya cazibələrinə rəğbətsiz olur. İmam Sadiq (ə) buyurub:

“İmanın on dərəcəsi vardır. Miqdad 8-ci dərəcədə, Əbuzər 9-cu dərəcədə, Salman isə 10-cu dərəcədə qərar tutmuşdur”.14

Salmanın evi olmayıb və heç zaman da özünə ev tikmək istəməmişdir. Bir nəfər onun üçün ev tikmək istədi, lakin o, razı olmadı. Sonda o yaxşılıq edən insanın təkidlə israrından sonra Salman onun üçün evin tikilməsinə razı oldu. Lakin o ev elə tikilməli idi ki, ayaq üstə dayananda baş tavana dəysin, uzananda isə ayaqlar divara çatsın.15

Salman o qədər zahid idi ki, hətta özünün az miqdarda olan illik gəlirini16 belə kasıblara verir, ondan özü üçün çox az miqdarını saxlayardı.

5. Salmanın vilayət hərəmini müdafiə etməsi

Salmanın həyatında ən çox gözə dəyən onun üçün dünya işlərinin təfavütsüz olmasıdır. O, tam ayıqlıq və ciddiyyətlə müxtəlif səhnələrdə özünü göstərmişdir və haqq olan İmama (ə) tabe olmaqda zərrə qədər tərəddüd etməmişdir. O, həmişə fürsət düşdükcə haqqı demiş və müsəlmanları Həzrət Əlinin (ə) imamətinə dəvət etmişdir. O böyük şəxsiyyət həmişə Peyğəmbərin (s) bu kəlamlarını camaat üçün təkrar edirdi:

“Həqiqətən, Əli (ə) Allahın açdığı qapıdır. Hər kəs o qapıdan daxil olsa, mömindir. Hər kəs o qapıdan xaric olsa, kafirdir”.17

“Bu ümmətin ən yaxşı fərdi Əlidir (ə)”.18

Peyğəmbərin (s) ürək yandıran vəfatından sonra Həzrət Əlinin (ə) xilafəti qəsb olunan zaman Salman bel sındıran və fəsahətli bir xütbə söylədi və belə dedi:

“Ey camaat! Əgər qaranlıq gecələr kimi seçilmişləri həlakətə salan bir fitnə ilə qarşılaşsanız, Əhli-Beyti (s) sizə tapşırıram! Çünki Onlar (ə) behiştə gedən yolun yol göstərənidirlər. Sizə Əlini (ə) tapşırıram! Ey camaat, vilayəti öz aranızda baş kimi qərarlaşdırın!”

Yəni, əgər Əhli-Beytin (ə) vilayətində olmasanız, həqiqi müsəlman deyilsiniz və sizin dininizin faydası yoxdur.19

Başqa bir rəvayətdə deyilir:

İbn Abbas Salmanı yuxuda görüb ondan soruşdu: “Behiştdə Allaha və Peyğəmbərə (s) iman gətirməkdən sonra ən üstün əməl hansıdır?”

Salman cavab verdi: “Allaha və Peyğəmbərə (s) iman gətirməkdən sonra ən üstün əməl Həzrət Əlinin (ə) vilayətində olub Onu (ə) sevmək və Ona (ə) tabe olmaqdır. Bundan üstün əməl yoxdur”.20

İranlıların şiə olmasında Salmanın rolu

Salmanın həyatının çox mühüm hissəsini əhatə edən işlərindən biri də Peyğəmbərin (s) vəfatından sonra onun İslam maarifinin və şiə məzhəbinin yayılmasında davamlı fəaliyyətləri olmuşdur. O, bununla bağlı Mədinədə cihad etdi və hər fürsətdən faydalandı. Mədainə gələndə də həmin əqidəni özü ilə ora gətirdi və iranlıların şiəliyi qəbul etməsində onun misilsiz rolu oldu.

Soruşurlar ki, “İslam ikinci xəlifənin xilafəti dövründə İrana daxil olmuşdur, bəs niyə iranlıların əksəriyyəti Həzrət Əlinin (ə) şiələridir?”

Cavabında deyirik ki, buna bir çox amil səbəb olmuşdur. O amillərdən birincisi Salmanın Mədaində olması, onun Kufəyə, onun ətraf məntəqələrinə, hətta İsfahana və digər şəhərlərə gedib-gəlməsi olmuşdur.

Salman pak və saf İslamın, Əhli-Beyt (ə) məzhəbinin carçısı idi və iranlıların əksəriyyəti bu nidanı eşidib şiəliyi qəbul etmişdilər.21

Salmanın vəfatı

Salman uzun və bərəkətlə keçirdiyi ömründən sonra Osmanın xilafətinin sonlarında hicrətin 35-ci ilində vəfat etdi.22

Həzrət Əli (ə) onun bədəninə qüsl verdi, onu kəfənə bükdü və ona namaz qıldı. Həzrət Əli (ə) ilə birlikdə Cəfər ibn Əbu Talib və Həzrət Xızır (ə) da hər birinin yanında 70 cərgə mələk olmaqla Salmana namaz qıldılar.23 Ravilərin bəzisi belə nəql edir ki, Həzrət Əli (ə) Salmanın kəfəninə bu məzmunda bir şer yazdı:

“Kərim və Əzəmətli olan kəsin yanına getdim, lakin əlimdə heç bir azuqəm yoxdur. Əlbəttə ki, Kərim və Əzəmətli olanın yanına əli dolu getmək pis işdir”.24

Salmanın mübarək qəbri Mədaində, Bağdadın 5 fərsəxliyində (27.5 km-liyində), Kəsra sarayının yaxınlığında yerləşir.

_______________________________________________________________________

İstifadə edilmiş ədəbiyyat:

1Əllamə Məclisi, Bihar əl-ənvar, c. 22, s. 366

2Seyid Əli Xan Şirazi, əd-Dərəcat ər-rəfiə, s. 203

3Şeyx Təbərsi, Məcmə əl-bəyan, c. 2, s. 427

4İbn Əbil Hədid, Şərh Nəhc əl-bəlağə, c. 18, s.36

5Əllamə Məclisi, Bihar əl-ənvar, c. 22, s. 341

6Şeyx Təbərsi, Əl-İhticac, c. 1, s. 150

7Seyid Muhsin əl-Əmin, Əyan əş-şiə, c. 7, s. 287

8İbn Əbil Hədid, Şərh Nəhc əl-bəlağə, c. 18, s. 36

9Əllamə Məclisi, Bihar əl-ənvar, c.22, s. 331

10Əllamə Məmaqani, Tənqih əl-məqal, c. 2, s. 47

11Şeyx Mufid, əl-İxtisas, s. 222

12Əbu Əmr əl-Kəşşi, ər-Rical, s. 20

13Əllamə Məclisi, Bihar əl-ənvar, c. 22, s. 317

14Həmin mənbə, s. 341

15İbn Əbil Hədid, Şərh Nəhc əl-bəlağə, s. 36

16Dörd və ya altı min dirhəm çərçivəsində

17Kitab Suleym ibn Qeys, s. 251

18Seyid Muhsin əl-Əmin, Əyan əş-şiə, c. 7, s. 287

19Bəhcə əl-amal, c. 4, s. 418

20Əllamə Məclisi, Bihar əl-ənvar, c. 22, s. 341

21Kitabe-iraniyane-mosəlman dər sədre-Eslam, s. 201

22Bihar əl-ənvar, c. 22, s. 391-392

23Həmin mənbə, s. 373

24Taraif əl-həqaiq, c. 2, s. 5


Mustafa Qulamhüseyni

Tərcümə etdi: Fərhad Mirzə

Yerləşdirilib: 20 May, 2014  14:40 Baxılıb: 5562 Çap

Bizi izləyin!
Məqalələr