»»

Su içərkən İmam Hüseyn (ə.s)-ı yad etmək

İmam Hüseyn (ə.s)-ın susuz şəhid edilməsi qəlblərdə elə böyük bir yara açmışdır ki, axan hər çay, yerdən qaynayan hər çeşmə, içilən hər sərin suyun ardınca onun susuz dodaqlarını xatırlamamaq mümkün deyildir.  Çünki su Aşura şəhidlərinin susuz dodaqlarını və körpə uşaqların su fəryadlarını xatırladan və yaddaşlardan silinməməsinə vəsilə olan ən əhəmiyyətli Aşura mövzularından biridir.

Belə ki, İmam Sadiq (ə.s) bu barədə «Mən hər sərin su içdiyim zaman Hüseyn b. Əlini xatırlayıram» buyurmuş, başqa bir hədisində isə «Kim su içərkən Hüseyni (ə.s) yad edər və onun düşmənlərini lənətləyərsə, ona bir savab yazılar və min günahına xətt çəkilər»1 deyərək bu yad etmənin fəzilətini bəyan etmişdir.

Bu səbəbdən hər Əhli-beyt (ə.s) dostu su içən zaman Hüseyn b. Əli (ə.s)-ı salamlayar və belə deyər:

"السلام على الشفاه الذابلات. سلام الله على الحسين وأصحابه"

«Salam olsun sənin susuz dodaqlarına, Ya Hüseyn! Salam olsun sənə və əshabına.»

Hətta şiələrin çoxluq təşkil etdiyi ərazilərdə xalqın əksəriyyətinin istifadə etdiyi çeşmə və bulaqların üzərinə aşağıdakı ibarələr yazılır.

"اشرب الماء والعن يزيد"

«Su iç, Haqqın lənətini Yezidə et!», və ya

"أشرب الماء واذكر عطش الحسين"

«Hüseynin (ə.s) susuz dodaqlarını yad edərək su iç»

Həmçinin İmam Hüseynin (ə.s) dilindən bu beytlər nəql edilmişdir:

شيعتي ما أن شربتم عذب ماء فاذكروني

أو سمعتم بغريب أو شهيد فاندبوني

Nə zaman sərin su içsəniz, ey şiələrim, məni xatırlayın,

Bir qərib eşitsəniz, və ya bir şəhid mənə ağlayın.2

İmam Zeynəl-Abidin də (ə.s) illər boyu atasının susuz şəhid edilməsini yad etmiş və ağlamışdı. İftar üçün yemək gətiriləndə gözləri suya sataşdığı zaman atası İmam Hüseynin (ə.s) ac və susuz şəkildə şəhid edilməsini yad edər və «Rəsulullahın (s.ə.a.s) oğlu ac bir halda öldürüldü, Rəsulullahın (s.ə.a.s) oğlu susuz halda öldürüldü»3 deyərək göz yaşı axıdardı.

Hz.Hüseynin (ə.s) məzlumanə bir şəkildə şəhid edildiyini ifadə edən bütün bu məqamla Aşura hadisəsinin yaddaşlarda canlı qalmasına və Hüseyni ruhun təzəliyini qorumasına səbəb olmuşdur.

HAŞİYƏLƏR:

1 Şeyx Səduq, Əmali, s.122

2 Şüştəri, əl-Xəsais əl-Hüseyniyyə, s.99

3 Luhuf, s.209

 

Mənbə: Cavad Mühəddisi, «Kərbəla ensiklopediyası» (Mətin Atamın əlavələri ilə)

Hazırladı: 313news.net

Рейтинг

В этом разделе