»»

İmam Hüseyn haqqında zəruri bilgilər

– İmam Hüseynin məşhur ləqəbi “Seyyidüş-Şühəda”dır. Yəni şəhidlərin ağası.

_________________________

– Künyəsi Əbu Abdullahdır (Abdullahın atası).

_________________________

– Hicrətin dördüncü ili, şəban ayının üçü Mədinə şəhərində dünyaya göz açmışdır.

_________________________

– Həyatı dörd dövrə ayrılır: a) Babası Allah Rəsulunun dövrü; b) Atası həzrət Əlinin dövrü; c) Qardaşı İmam Həsənin dövrü; d) Özünün imamlıq dövrü.

_________________________

– On il imamlıq dövrü olmuşdur.

_________________________

– Altı il civarında Allah Rəsulunun dövründə yaşamışdır.

_________________________

– Otuz il atası ilə birlikdə olmuşdur.

_________________________

– Atasından sonra on il civarında qardaşı ilə birlikdə yaşamışdır.

_________________________

– Hər gecə Quran xətm edən və 40 il boyunca sübh namazını işa namazının dəstəmazı ilə qılan Büheyr ibn Hüzeyr İmam Hüseynin əshabından olmuşdur. O, zahid və abid birisi idi; ona “Seyyidul-Qurra” (Qiraətçilərin ağası) deyirdilər.

_________________________

– İmam Hüseynin oğlu həzrət Əli Əkbər gözəl simalı bir gənc olubdur. Camaat içində üz və əxlaq baxımından Allah Rəsuluna daha çox bənzəyən şəxs olmuşdur.  Bir nəzərə görə Əhli-Beyt içərisindən şəhid olan birinci şəxs olmuşdur.

_________________________

– “Səqqa” ləqəbi verilən həzrət Əbülfəzl Abbas İmam Hüseynin bayraqdarı olmuşdur.

_________________________

– İmam Hüseynin Əsləm adlı qulamı vardı ki, Quran qiraətçisi idi. O, Quran ayələrini qəlbə işləyən yanıqlı səslə oxuyurdu.

_________________________

– İmam Hüseynin müəzzininin adı Həccac ibn Məsruq idi.

_________________________

– İmam Hüseyn hicrətin 60-cı ili, rəcəb ayının 28-də övladları, qardaşları (Məhəmməd ibn Hənəffiyyədən başqa) və qohum-əqrabasından bir dəstə ilə birlikdə Mədinədən Məkkəyə doğru hərəkət etmiş və cümə axşamı Məkkəyə çatmışlar.

_________________________

– İmam Hüseyn və əshabı, təqribən 95 gün Məkkədə qaldılar. Amma həclərini tamamlaya bilmədiklərinə görə, onu ümrəyə çevirmiş, zilhiccə ayının 8-ci günü ailəsi və övladları ilə birlikdə Məkkədən İraqa doğru yola düşmüşlər.

_________________________

– Həclərini tamamlaya bilməmələrinin səbəbi bu idi ki, İmam Hüseyn Yezidin adamlarından bir dəstə insanın ona qarşı sui-qəsd etməsi üçün Məkkəyə göndərildiklərindən, həmçinin ehram libası altında gizlətdikləri silahla onu öldürmək istəklərindən xəbər tutdu. Buna görə də təməttö həccini ümrəyə çevirdi. İmam camaat qarşısında qısa çıxış etdi və sonra həmin günün sabahı, yəni zilhiccənin 8-ci günü bir dəstə yardımçıları, qardaş və qohumları ilə Allah evinin ehtiramını saxlamaq naminə Məkkədən İraqa doğru hərəkət etdi.

_________________________

– İmam Hüseynin Məkkədən çıxmadan bir gün öncə öz əshabına “Xuttal-Mövt” adı ilə məşhur olan bir xütbə söylədi. Xütbənin sonunda belə deyilir: (Məzmunən) “Kim bizim yolumuzda qəlbinin qanını tökməyə və Allaha qovuşmağa hazırsa, bizimlə gəlsin; mən sahah səhər, Allah qoysa, hərəkət edəcyəm”.

_________________________

– İmam Hüseynə Kufədən yüz əlli civarında məktub gəlmişdi.

_________________________

– Kufə camaatı İmam Hüseyni dəvət edən zaman on səkkiz min nəfər həzrətin elçisi Müslim ibn Əqilə beyət etmişdi.

_________________________

– İmam Hüseynin elçisi Müslim ibn Əqilin övladlarının adı İbrahim və Məhəmməd olmuşdur. Məhəmməd İbrahimdən böyük idi. Hər ikisi on yaşından kiçik idilər.

_________________________

– İmam Hüseynin qiyamına səbəb olan ən önəmli faktorlar bunlar idi:

a) Yezid hökümətinin İmam Hüseyndən beyət istəməsi və İmamın bu istək qarşısında rədd cavabı verərək “Zillət bizdən uzaqdır”, – deyə buyurması;

b) Qiyam üçün hazır olan Kufə xalqının İmamı israrla oraya dəvət etmələri;

c) İslamın füruid-dinindən sayılan yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmək əmrilə əməl etməsi.

_________________________

– Kərbəla – qəm və bəla anlamındadır. İmam Hüseyn Kərbəla adını eşidəndə belə demişdir: “İlahi, kərb (qəm) və bəladan sənə sığınıram!”

_________________________

– Məqtəl yazanlar belə qeyd ediblər ki, İmam Hüseynin əshabı arasında belə bir adət vardı. Onlardan hər hansı biri döyüş meydanına getmək istədikdə həzrətin yanına gələrək belə deyirdi: “Əssəlamu əleylə yəbnə Rəsulillah!” (Salam olsun sənə, ey Allah Rəsulunun övladı). İmam da onların cavabını verərək “Biz də yaxında sizə qovuşacağıq” deyər və bu ayəni tilavət edərdi: “Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir”. (“Əhzab”, 23)

_________________________

– Hürr ibn Yezid Riyahi əvvəlcə düşmən ordusunda olmuş, sonra həqiqi tövbə edərək İmam Hüseynin ordusuna qoşularaq şəhadətə çatmışdır.

_________________________

– İmam Hüseyn düşmənlərdən bir gecəlik möhlət istəməsi üçün qardaşı Əbülfəzl Abbasa belə buyurmuşdu: “Qardaşım! Düşmənə tərəf get və onlara de ki, namaz qılmağımız, dua və Allahla münacat etməyimiz üçün bu gecəni bizə möhlət verin. Çünki mən namaz qılmağı, Quran oxumağı, çoxlu dua və istiğfar (Allahdan bağışlanma diləməyi) sevirəm”.

_________________________

– İmam Hüseyn və tərəfdarlarının Aşura gecəci Quran oxumaları, ibadət və dua etmələri düşmən əskərlərindən 32 nəfərin İmamın ordusuna qoşulmasına səbəb oldu.

_________________________

– Aşura günü şəhid olan bəy və gəlinin adları Vəhəb və Haniyə idi. Vəhəb döyüş meydanına getmək üçün İmam Hüseyndən icazə istədi. İmam icazə verdkdə meydana gedib, bir müddət vuruşdu. Düşmən ordusundan bir neçəsini öldürdükdən sonra iki əlləri kəsilərək düşmənin əlinə əsir düşdü. Onu Ömər Sədin yanına gətirdilər. O da Vəhəbin boynun vurulmasını əmr etdi. Onun boynunu vurub, kəsilmiş başını İmam Hüseynin ordusuna sarı atdılar. Vəhəbin anası kəsilmiş başı götürüb üzünün qanını təmizlədikdən sonra düşmənə tərəf atdı. Vəhəbin həyat yoldaşı Haniyə isə özünü ərinin qana bulanmış bədəninə çatdırdı. Onun qanını təmizləyərək belə deyirdi: “Cənnət sənə xoş olsun!” Şimr bu vəziyyəti gördükdə öz nökərinə onu öldürməsini əmr etdi. Nökər də əlindəki dəmir zopa ilə onu şəhid etdi. Haniyə Kərbəlada şəhid edilən ilk və tək qadın olmuşdur.

_________________________

– İmam Hüseyn Aşura günü döyüşün qızğın anında camaat namazı qıldırdı. Belə ki, həzrət bir dəstə əshabı ilə birlikdə günorta namazını qorxu namazı adı altında qıldılar; İmamın əshabından olan iki nəfər namazın sonuna qədər özlərini həzrətə sipər etdilər. Onlardan biri düşmən ərəfindən atılan oxların bədəninə sancılması səbəbilə şəhid oldu.

_________________________

– Aşura günü günorta vaxtı Əbu Sümamə günəşə baxaraq günorta vaxtı olduğunu anladıqda İmama belə dedi: “Düşmənin fürsət verməyəcəyini bilsəm də, son namazı səninlə qılıb, bu halda Allaha qovuşmaq istəyirəm”. İmam göy üzünə baxaraq belə dedi: “Namazı mənə xatırlatdın. Allah səni xatırladan və namaz qılanlardan etsin. İndi günortanın ilk vaxtıdır, namaz qılmağımız üçün düşməndən möhlət istəyin”.

_________________________

– İmam Hüseynin əshabı arasında Ənəs ibn Haris adlı bir şəxs vardı ki, Həbib ibn Məzahirin qohumlarından idi. O, Bəni Əsəd tayfasından idi, Bədr və Hüneyn döyüşlərində iştirak etmişdi və Aşura günü həzrətin yanında şəhid oldu.

_________________________

– İmam Sadiqdən soruşdular ki, nə üçün Allah Rəsulunun son vəfat günü, həzrət Əli, Fatimə, Həsən və s. imamların dünyalarını dəyişdikləri günlər deyil, sadəcə Aşura günü ən böyük müsibət,qəm, üzüntü və matəm günü olaraq tanıtdırılıb? İmam cavabında belə buyurdu: Bunun səbəbi odur ki, Əshabi-Kisa (Ali Əba) Allah dərgahında insanların ən dəyərlisi idilər. Onlar beş nəfər idi: Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn. Allah Rəsulu vəfat etdikdə müsibət çox böyük idi, ancaq Əshabi-Kisadan dörd nəfər həyatda idi. Onlar xalqın müraciət etdiyi və sığınacağı yer idilər. Fatimə dünyasını dəyişdikdə müsibətin çox olmasına baxmayaraq, Əshabi-Kisadan üç nəfəri öz aralarında görüb, ehtiyac duyduqları zaman onlara pənah gətirirdilər. Əli və Həsəndə də vəziyyət eyni idi. Ancaq Hüseyn şəhid olduqda Əshabi-Kisadan xalqın müraciət və sığıncaq yeri olan kimsə qalmamışdı. Buna görə də, Hüseynin bəqası Əshabi-Kisanın bəqası olduğu kimi, onun şəhid olması da onların hamısının şəhadəti kimi idi. Bu səbəbdəndir ki, Aşura günü qəm, üzüntü və matəm baxımından günlərin ən müsibətlisi olaraq tanıdılmışdır”.

Abdullah ibn Fəzl Haşimi deyir ki, mən İmam Sadiqə dedim: Onda Əli ibn Hüseyn üçün nə deyirsən?

O dedi: Əli ibn Hüseyn imam və xalqa höccət idi. Ancaq Allah Rəsulunu görməmişdi. Onun elmi ata və babalarından miras olaraq ona çatmışdı. Amma Əli, Fatimə, Həsən və Hüseyn Peyğəmbərlə uzun müddət birlikdə olmuşdular. Xalq da onları Peyğəmbər ilə birlikdə görmüşdü. Buna görə də onlardan birini gördükdə Peyğəmbərin xatirələri, söz və davranışları onlar üçün canlanardı”.

_________________________

– İmam Hüseynlə Yəhya ibn Zəkəriyyə arasında bənzərliklər çoxdur. Lakin onlardan bəzilərinə diqqət çəkmək istəyərdik: 1) Bu iki məsum şəxsə ad qoyulmadan öncə, onların adında heç kəs yox idi. 2) Hər ikisi altı aylıq dünyaya gəlmişlər. 3) Hər ikisi doğulmamışdan öncə səmavi xəbər və vəhylər onların doğum və vəziyyətlərini açıqlamışdır. 4) Hər ikisinin başını qızıl teştə qoyub, fasiq və zalımlara göndərmişlər. 5) Rəvayətlərə görə, bu iki məzlumun başı danışmışdır.

_________________________

– Hürr ibn Yezid Riyahinin başını bədənindən ayırmadılar. Çünki qohumları onun başının bədənindən ayrılmasına mane oldular.

_________________________

– Rəvayətlərə görə Beytullahil-Haramın savab baxımından əvəzi olaraq tanıdılan şey İmam Hüseynin məzarının ziyarətidir. Allahın evinin ziyarətinə getməyə gücü olmayan kəslər onun yerinə İmam Hüseynin qəbrinin ziyarətinə gedərək həmin savabı qazana bilərlər.

_________________________

– “Nahiyeyi-Müqəddəsə” ziyarəti Sahibəzzəman İmam Mehdidən nəql olunan bir ziyarətdir. Həzrət Kərbəla şəhidlərinin hamısının ad və nişanələrini bu ziyarətdə zikr edib, onlara salam göndərdiyi kimi, onlardan hər birinin qatilinin də adını çəkmiş və onlara lənət etmişdir.

_________________________

– Namaz qılarkən Kərbəla torpağına səcdə etməyin fəziləti vardır. “Nəcatul-İbad” risaləsində yazılır ki, kim namaz qıldığı zaman Kərbəla torpağına səcdə edərdə, namazın qəbul olmasına mane olan əngəllər yox olub, İmam Hüseyn torpağının bərəkətilə namazı qəbul olar.

_________________________

– Kərbəlada son şəhid olan Süveyd ibn Əmr adlı yaşlı bir adamdır. Bu şəxs Aşura günü var gücü ilə vuruşdu. Aldığı çoxlu yara və zərbələr nəticəsində huşunu itirib yerə düşdü. Düşmən onun öldüyünü zənn edərək ondan əl çəkdi. O, bir müddətdən sonra özünə gəlib, İmam Hüseynin şəhid olduğunu anladı və o halı ilə qalxıb, yanındakı xəncərlə düşmənə hücum etdi. Bir müddət vuruşduqdan sonra şəhid oldu. Beləcə o, İmam Hüseyndən sonra şəhid olan kəs idi.

_________________________

– Məhərrəmin on birinci günü Ömər Sədin əmri ilə Kərbəla şəhidlərinin başları bədənlərindən ayrıldı.

_________________________

– İmam Hüseyn hicrətin 61-ci ili, Aşura günü Kərbəlada şəhid olmuşdur. Onun 57 yaşı vardı.

_________________________

– İmam Hüseyn şəhid olduqdan sonra on nəfər İmamın bədənini atların dırnaqları altında əzdilər.

_________________________

– Şeyx Şüştəri yazır: İmam Hüseynin qatili ilk başda Yeziddir. Çünki o, İmam Hüseyndən zorla biət alınmasını, biət etmədiyi halda həzrətin başının özünə göndərilməsini əmr etmişdi. Yeziddən sonra İmam Hüseynin qatili İbn Ziyaddır. Çünki o, bu cinayətə zəminə hazırlamış və İmamın əleyhinə ordu toplamışdır. Ondan sonra İmamın qatili İbn Səddir. Çünki Kərbəla vaqiəsindən sonra onu, İmam Hüseynin qatili olaraq çağırırdılar. Onlardan sonra İmamın qatili Şimrdir. Çünki o da böyük müsibətin icraçısı olmuşdur.

_________________________

– İmam Baqirin buyurduğuna görə, İmam Hüseynin bədənində 320 qılınc, nizə və ox yarası vardı.

_________________________

– İmam Hüseynin atının adı Zülcənah olmuşdur.

_________________________

– Kərbəla şəhidlərinin nəşi hicrətin 61-ci ili, məhərrəm ayının 13-cü günü dəfn edilib. Belə ki, Əlqəmə çayının yaxınındakı bir kənddə yaşayan Bəni Əsəd qəbiləsi, gəlib Kərbəla şəhidlərinin bədənlərini dəfn edərkən İmam Hüseyn və başları bədənlərində olmayan digər şəhidlərin bədənini tanımadılar. Bu üzdən nə edəcəklərini bilməyərək çaşıb qaldılar. Bu əsbada birdən bir atlı onların yanına gələrək “Nə üçün buraya gəlmisiniz?”, - deyə sual verdi. Onlar cavab verdilər ki, bu cəsədləri dəfn etmək üçün gəlmişik. Ancaq onların kim olduqlarını tanımırıq. İmam Səccadın özü olan həmin atlı bütün şəhidləri tək-tək tanıdır və onları dəfn edirdilər. İmam Səccadın özü də atasının parça-tikə olmuş bədənini bir həsirin içərisinə qoyaraq torpağa tapşırdı.

_________________________

– Əli Əkbərin nəşi atası İmam Hüseynin yanında dəfn edildiyinə görə qəbir altı guşəlidir.

_________________________

– “Nur” ayəsindən sonra həzrət Peyğəmbərin buyurduğu bu hədis qızıl suyu ilə İmam Hüseynin qəbrinin üst tərəfində yazılmışdır: “Ey Cabir, Hüseynin qəbrini ziyarət et. Çünki Hüseynin qəbrini ziyarət etməyin savabı (müstəhəbb olan) yüz həccin savabı ilə bərabərdir. Şübhəsiz, Hüseynin qəbri cənnət bağçalarından bir bağçadır... Kərbəla da cənnət məskənidir”.

_________________________

– Peyğəmbər İmam Hüseynin məzarını ziyarət etməyin savabı haqqında Aişəyə buyurmuşdur: “Kim oğlum Hüseyn vəfat etdikdən sonra onun qəbrini ziyrət etsə, Allah-taala mənim həclərimdən bir həccin savabını onu ziyarət edənə verər”.

Aişə dedi: “Həclərindən bir həccin savabını?” Peyğəmbər buyurdu: “İki həccimin savabını ona verərlər”.

Aişə daha da təəccüb edərək soruşdu: “İki həccinin savabını?” Peyğəmbər dedi: “Hətta üç həccimin savabını onu ziyarət edən kəsə verərlər”.

Bu mövzu bu şəkildə təkrarlandı. Nəhayət, Allah Rəsulu dedi: “Allah-taala mənim doxsan həccimin savabını Ümrə savabları ilə birlikdə onun qəbrini ziyarət edənə verəcəkdir”.

_________________________

– İmam Hüseyn İraqa doğru hərəkət etdikdə bir vəsiyyətnamə yazaraq qardaşı Məhəmməd Hənəfiyyəyə verdi. Bu vəsiyyətnamədə Allahın birliyinə, həzrət Peyğəmbərin nübüvvətinə və axirətin həqiqət olduğuna iqrar etdikdən sonra belə keçmişdir: “Mən eqoizm, zülm və ye üzündə pozğunluq etmək üçün qiyam etmədim; mən babamın ümmətini islah etmək, atam Əli ibn Əbu Talibin yolunda getmək, yaxşılığa əmr edib, pisliklərdən çəkindirmək üçün qiyam etdim”.

_________________________

– Mərhum Şeyx Müfid və Şeyx Səduq İmam Zeynəlabidini İmam Hüseynin böyük oğlu hesab etmişlər. Ancaq Əllamə Seyid Möhsin “Əyanüş-Şiə” kitabında Əli Əkbərin İmam Hüseynin böyük oğlu olduğunu vurğulamışdır.

_________________________

– İmam Hüseynin bacısı həzrət Zeynəb hicrətin 5-ci, yaxud 6-cı ilə cəmadiul-üla ayının beşində Mədinədə doğulmuşdur. Hicrətin 62-ci ilində Mədinə, yaxud Şamda vəfat etmişdir. Bəzi ravilər onun hicrətin 64-cü ilində vəfat etdiyini qeyd etmişlər.

_________________________

– Həzrət Zeynəb evlənmək yaşına çatdıqda bir çoxları onu istəməyə gəldi. Ancaq əmisi oğlu Abdullah ibn Cəfərin istəməsi bu şərtlə qəbul edildi: Qardaşı Hüseyn nə vaxt səfərə çıxsa, onunla bərabər olacaq və Abdullah buna mane olmayacaqdır. Abdullah bu şərti qəbul etdi və beləcə, həzrət Zeynəb onunla evləndi.

_________________________

– Həzrət Zeynəb daim şəhidlərin mübarək nəşlərini bütün qadınlardan öncə qarşılayırdı. Ancaq öz oğlanlarının nəşləri gətirildikdə çadırdan çölə çıxmadı. Xanımın nə üçün bu cür etdiyi haqda bir çox maraqlı fikirlər qeyd etmişlər.

_________________________

– Həzrət Əbülfəzl Abbasın bir çox ləqəbləri olmuşdur. Bunların hər biri onun uca şəxsiyyətinin özəlliklərindən bir nişanədir. Həmin ləqəblər bunlardır: 1) Əbülfəzl: Çox fəzilətləri, yaxud “Fəzl” adında bir oğlu olduğuna görə bu ləqəb verilmişdir; 2) Əbul-Qırbəh: Susuzlara su daşıdığı üçün bu ləqəbi almışdır; 3) Qəməri-Bəni Haşim: Haşim oğulları arasında ay kimi üzü gözəl və nurlu olduğuna görə bu ləqəb ona verilmişdir; 4) Əbdüs-Saleh; 5) Fadi (fədakar); 6) Hami (himayə edən); 7) Vaqi (qoruyan); 8) Babul-Həvaic (İstəklər qapısı); 9) Sai (səy göstərən, çalışqan); 10) Hamilul-Liva (bayraqdar, ələmdar).

_________________________

– İmam Mehdidən nəql olunan “Nahiyeyi-Müqəddəsə” ziyarətində Əbülfəzl Abbasa xitabən belə deyilir: “Salam olsun Möminlərin Əmiri Əlinin oğlu Əbülfəzl Abbasa! O Abbas ki, canını qardaşı üçün fəda etdi, dünyanı axirətə çatmaq üçün vasitə qərar verdi, qardaşına fəda oldu, hifz edən idi, suyu susuzlara çatdırmaq üçün çox səy göstərdi və iki əli Allah yolunda kəsildi”.

_________________________

– İmam Hüseyn və əshabının ailələri məhərrəm ayının on birinci günü günortadan sonra Ömər Səd vasitəsilə əsir götürülərək Kərbəladan Kufəyə aparıldı.

_________________________

– İmam Hüseynin kəsilmiş başının harada dəfn olunduğuna dair   Sibt ibn Cövzi “Təzkirə” kitabında beş nəzər qeyd etmişdir: 1) Mədinədə, anasının məzarı yanında; 2) Dəməşqdə; 3) Qahirədə; 4) Əmirəlmöminin Əlinin məzarının yanında; 5) Kərbəlada.

Şiənin qəbul etdiyi məşhur nəzər budur ki, İmam Zeynəlabidin İmam Hüseynin başını Kərbəlaya gətirib, o həzrətin yanında dəfn etmişdir.

_________________________

– Cabir ibn Abdullah Ənsari hicrətdən on beş il öncə Mədinədə dünyaya gəlmişdir. Onun atası Abdullah Ühüd döyüşündə şəhid olmuşdu. Cabir daim Peyğəmbərlə birlikdə olmuşdur. Peyğəmbərin zamanında baş verən on doqquz döyüşdə iştirak etmişdir. Həzrətdən sonra İmam Əli və Əhli-Beytlə birlikdə olmuşdur. O, İmam Hüseynin qəbrini ilk ziyarət edən kəs olmuşdur. Daha sonra həzrət Əlinin dostluğu “günahı” ilə bədəni Həccac ibn Yusif Səqəfi tərəfindən dağlanmışdır.

_________________________

– İmam Zeynəlabidin Nöman ibn Münzir Mədainiyə belə buyurdu: Şamda yeddi zülm bizə edildi ki, əsir düşdüyümüz müddət ərzindən bu cür zülm bizə edilməmişdi: 1) Şamda zalımlar qılıncları ilə bizə hücum etdilər. Davul çaldıqları halda böyük bir toplumun arasında bizi gözlətdilər; 2) Şəhidlərin başlarını xanımlarımızın kəcavələri arasına soxdular. Atam və əmmim Abbasın başlarını xalam Zeynəb və Ümmü Gülümün qarşısına, qardaşım Əli və əmim oğlu Qasimin başlarını isə bacılarımın gözləri önünə gətirdilər. Bəzən başlar yerə düşüb atların nalları altında qalırdı; 3) Şamın qadınları damların üzərindən başımıza su və od tökürdülər; 4) Gün çıxandan batana qədər küçə və bazarda musiqi aləti və avazla xalqın gözləri qarşısında bizi gəzdirib deyirdilər: “Ay camaat, bunları öldürün; çünki bunların İslamda heç bir ehtiramı yoxdur”; 5) Bizi tavanı olmayan bir yerdə saxladılar. Gündüzləri aclıqdan,gecələri isə soyuqdan narahatdıq. Daim qorxu və iztirab içərisində idik; 6) Bizi qul satılan bazara apardılar. Bizi kölə və kəniz kimi satmaq istədilər. Ancaq Allah-taala bu əməli onlara mümkün etmədi; 7) Bizi bir ipə bağladılar. Beləcə, yəhudi və xaçpərəstlərin evlərinin önündən keçirərkən onlara deyirdilər: “Bunların babası sizin babalarınızı Xeybər, Xəndək və s. döyüşlərində öldürüblər. Bu gün onların intiqamını bunlardan alın!”

_________________________

– İmam Hüseynin əhli-beyti cümə günü Mədinəyə çatdı; həmin gün Mədinə camaatından bir dəstə cümə namazı qılmaq üçün məsciddə toplaşmışdı. Vəlid minbərə çıxıb xütbə söyləyirdi. Birdən ağlamaq səsləri Mədinəni bürüdü. Camaat “Vay Hüseyn!” deyərək ağlayırdı. Həmin gün Mədinə şəhərində Allah Rəsulunun vəfat etdiyi gün kimi yas oldu. Buna görə də Mədinədə on beş gün matəm elan edildi. Camaat kiçik və böyük dəstələrlə matəm saxlayıb ağlayırdı.

_________________________

– Tarix, rəvayət və alimlərin sözlərini araşdığımız zaman Cabir və Əhli-Beytin İmam Hüseynin məzarını ziyarət etmələri baxımından beş cəhət ortaya çıxır: 1) Hicrətin 61-ci ili səfər ayının 20-si; 2) Eyni ilin ikinci ərbəinində ; 3) Hicrətin 62-ci ilinin ərbəinində; 4) Cabir və yoldaşları hicrətin 61-ci ilinin birinci ərbəinində İmam Hüseynin qəbrini ziyarət etməyə müvəffəq olmuşlar. Ancaq İmamın ailəsinin Cabir ilə qarşılaşması Cabirin – İmamın ziyarətinə getdiyi başqa günlərə təsadüf etmişdir; 5) İmamın ailəsi Kufədən Şama getdikləri zaman birinci ərbəində Kərbəlaya çatmışlar və eyni gün Cabir və yoldaşları ilə görüşüb, sonra Şama getmişlər.

Bizə görə, 4 və 5-ci nəzər ağıla daha uyğun və doğrudur.

_________________________

– Abbasi xəlifələriindən onuncusu – Mütəvəkkil İmam Hüseynin qəbrini dağıdaraq o həzrətin ziyarət olunmasına maneə yaratmağa çalışmışdır.

_________________________

– İmam Hüseynə mərsiyə oxumağın tarixçəsi həzrət Peyğəmbərin, hətta həzrət Adəmin zamanına çatır. Çünki Peyğəmbərin özü və məsum imamlar İmam Hüseyn üçün mərsiyə oxumuş və xalqı buna təşviq etmişlər. Buna əsasən, İmam Hüseynə mərsiyə oxumaq çox qədim zamanlara söykənir. İslamda isə maarifləndirici, ictimai və siyasi proqramlardan biri olaraq bəlirlənib, beləcə davam etmişdir. Ancaq İmam Hüseynə mərsiyə oxumaq 9 və 10-cu əsrlərdə “Rövzətüş-Şühəda” kitabının yazılması ilə başlamışdır – deyənlərin fikri bizə görə doğru deyildir. Qeyd edək ki, İmam Hüseyn haqqında fars dilində ilk məqtəl (mərsiyə) “Rövzətüş-Şühəda” kitabıdır. Yazarın adı isə Kəmaləddin Hüseyn ibn Əli Vaiz Kaşifidir.

_________________________

– Muxtar Əbu Übeyd ibn Məsud Səqəfinin oğludur. Hicrətin birinci ilində Taifdə doğulmuşdur. Muxtar 13 yaşında olmasına baxmayaraq, Qadisiyyə müharibəsində arası ilə birlikdə döyüş cəbhəsinə gəlmiş və düşmənlə vuruşmaq istəmiş, ancaq atası ona mane olmuşdur. Muxtar igid, rəşid, comərd, uca himmətli, güclü, düşüncəli və ağıllı bir insan idi. Muxtar İraqda Əhli-Beyt tərəfdarları üçün bir mehvər, onların fəzilətlərini yayanlardan biri sayılırdı. Həzrət Əli, İmam Həsən və İmam Hüseynin imamətinə inanırdı. Muxtarın İmam Hüseynə qarşı Kərbəlada vuruşanların 18 min nəfəri öldürdüyü nəql edilmmişdir. O, İmam Hüseynin qatillərindən intiqam almaq məqsədilə hicrətin 66-cı ilində qiyam qaldırmışdır. Muxtarın ardıcıllarına “Keysaniyyə” adı verilmişdir. Bunun səbəbi Əsbəğ ibn Nübatənin nəql etdiyi rəvayətdir: Muxtarı uşaq olarkən Əlinin dizləri üzərində gördüm. Həzrət onun başını oxşayaraq belə deyirdi: “Ya Kəyyis! Ya Kəyyis” (Ey bacarıqlı, ey bacarıqlı!) Buna görə də onun ardıcıllarına “Keysaniyyə” deyirdilər. Muxtar on səkkiz ay (yəni hicrətin 66-cı ilinin rəbiüləvvəl ayının on dördündən hicrətin 67-ci ilin ramazan ayının on dördünə qədər) ayaqda qala bildi. Muxtar 67 yaşında Musəb ibn Zübeyrin ordusu ilə döyüşərkən şəhid oldu. Onun məzarı Müslim ibn Əqilin Kufədəki qəbrinin yerləşdiyi yerdədir.

_________________________

– Haşimi qadınlar beş il gözlərinə sürmə çəkmədilər, saçlarına xna yaxmadılar, hətta onların evindən yemək bişirməyin əlaməti olan tüstünün çıxdığı belə, görülmədi. Ancaq Übeydullah ibn Ziyad hicrətin 67-ci ili Muxtarın əli ilə öldürüldüyü zaman matəmdən çıxdılar.

_________________________

– İmam Sadiq belə buyurmuşdur: “İmam Səccad 40 il gündüzləri oruc tutub, gecələri ibadətlə keçirtdiyi halda atasının müsibətləri üçün ağlayır, xidmətçisi ona nə zaman su və ya yemək aparıb qarşısına qoysaydı belə deyərdi: Allah Rəsulunun oğlu susuz və ac halda öldürüldü”. Bu cümləni təkrarlayıb ağlayırdı. Belə ki, yeməyi göz yaşları ilə islanırdı. Ömrünün sonun qədər də belə yaşadı”.

_________________________

– Hicrətin 65-ci ili Süleyman ibn Surəd Xüzainin rəhbərliyi ilə “Təvvabun” qiyamı baş vermişdir. “Təvvabun” (tövbə edənlər) Kufə camaatından olan və İmam Hüseynə kömək etmədiklərinə görə özlərini qınayan bir dəstə idi. Onlar günahlarının bağışlanması üçün İmam Hüseynin intiqamını düşmənlərindən almağın, qatillərini cəzalandırmağın, yaxud bu yolda öldürülməyin vacib olduğuna inanırdılar. Bu üzdən Şam ordusu ilə vuruşdular. Düşmənə ağır zərbələr ebdirdikdən sonra onların əksəriyyəti bu döyüşdə öldürüldü.

Hazırladı: Fərid Abdullah

Рейтинг

В этом разделе